Əsas Səhifə > Güney Press / Ana xəbər > “Problem həll olunmasa, bədbəxt hadisə baş verə bilər”
“Problem həll olunmasa, bədbəxt hadisə baş verə bilər”5-12-2014, 11:32 |
![]() Yasamal rayonu ərazisində yaşayan Vəliyev Hafiz evlərinin yaxınlığında olan hündür panellərin aşması ehtimalından narahatlığını bildirib. H.Vəliyev “Qafqazinfo”ya müraciətində bildirib ki, Yasamal rayonu 2-ci Alatava küçəsində əvvəl “Azərsu”ya aid hovuz olub: “Həmin hovuzun beton panelləri vardı. 2012-ci ildə gəlib həmin panellərin bir neçəsini sökdülər. Qalanları üçün də hasar çəkdilər. Amma panellərin heç yerə bitişəcəyi yoxdur. Qalan panellər sırf təhlükə mənbəyidir. Çünki çəkilən hasarla beton panellərin arası torpaqdır. Yağışlar da intensiv yağandan sonra torpaq boşalıb, panellər əyilməyə başlayıb. Evlərlə panellərin arasında da 1-2 metr məsafə var. O panellərin yanında uşaqlar da oynayır. Əgər panellər aşarsa, bədbəxt hadisə baş verə bilər. 13 panel qalıb, aşmamış onları oradan götürmək lazımdır”. “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün mütəxəssislər əraziyə gedib problemlə maraqlanacaqlar: “Öncə onu qeyd edim ki, orada bizim anbarımız olub, evlər də sonradan orada tikilib. Biz oradan bir neçə paneli çıxarmışıq. Amma elə evlərin panellərə çox yaxın tikilməsi bizə maneə olur. Çünki texnika əraziyə daxil olub panelləri götürə bilmir. Biz planlaşdırırıq ki, gələn ilin əvvəlində o əraziyə xüsusi krandan istifadə edib, uzaq məsafədən panelləri götürək. Evlər çox yaxın tikildiyi üçün texnika əraziyə yaxınlaşa bilmir. Özüm də şəxsən o ərazidə olub fotolarını çəkmişəm. Problemdən xəbərimiz var. Amma məsələ budur ki, vətəndaşların evləri əraziyə daxil olub panelləri götürməyə imkan vermir. Bu gün mütəxəssislərimiz əraziyə gedib təkrar baxış keçirəcək. Lazımi tədbirlər görüləcək. Gələn ilin əvvəlində isə xüsusi texnika ilə panelləri oradan götürəcəyik”. Geri qayıt |