Əsas Səhifə > Güney Press / Ana xəbər > İşğal altındakı torpaqlarımıza necə girə bilərik?
İşğal altındakı torpaqlarımıza necə girə bilərik?4-12-2014, 13:37 |
|
...Azərbaycan 1988-ci ildən torpaqlarını itirə-itirə gedirdi və nəhayət, 1993-cü ilin ortalarından başlayaraq düşmən işğalını dayandırdı. Sonradan məlum oldu ki, düşmən artıq yorulub və hələ ki işğaldan istədiyi nəticəni əldə edib. İstədiyinə nail olan Ermənistan bununla da 20 ildən çoxdur ki, Azərbaycanı 20 faiz torpaq işğalı və 1 milyondan çox qaçqın və köçkünü ilə sınağa çəkməyindədir... İşğal altında olan isə təkcə torpaqlarımız deyil, həm də yaddaşımız, o yurda bağlılığımız, arzu və istəklərimizdir. İstər-istəməz illər ötdükcə yeni nəsil o torpaqlara yadlaşır və Qarabağı unudur. Bəs o torpaqlara necə qayıtmalı? Artıq sübuta ehtiyac yoxdur ki, 1994-cü ildən formal olaraq Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunub. Amma tarixdən hamıya bəlli atəşkəsin mahiyyəti budur ki, tərəflər sülhə hazırlansın, problem siyasi yolla aradan qaldırılsın. Düz 20 ildir ki, nəinki Ermənistan sülhə yaxın gəlib, əksinə indiyə kimi yüzlərlə mülki insanımız, hərbçimiz erməni gülləsindən yaralanıb, ölüb, girov götürülüb, itkin düşüb... Və bütün baş verənlər dünyanın gözü qarşısında cərəyan edir, həmçinin Azərbaycanın ən yaxın dostu və qardaşı Türkiyənin, Azərbaycanın ən böyük və perspektivli bazarı olan Rusiyanın, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin-Fransa və ABŞ-ın. Amma heç kim irəli durub bu iki dalaşan ölkəni aralaşdırmır, araya sülh yaratmır. Bəs belə olan vəziyyətdə nə etməliyik? Zənnimcə, kəlbəcərli Dilqəm Əsgərovla Şahbaz Quliyevin Kəlbəcərə, Həsən Həsənovun isə Cəbrayıla-doğma kəndlərinə baş çəkib hər il maraqlı sujetlər çəkib internetdə yerləşdirmələri Azərbaycanın müvafiq dövlət qurumlarına işğal altında olan torpaqlara necə getməyin yolunu göstərir. Hansı ki, Dilqəm Əsgərov və onun səfər yoldaşları hər il Kəlbəcərə, oradan da doğma kəndlərinə ziyarətə gedirdilər. Dilqəm iki dəfə Tərtərin keçmiş icra başçısı Sərdar Həmidovla birgə redaksiyamızda olmuşdular, heç kəsin görmədiyi video çəkilişləri “Təzadlar”da birgə izləmişik... Hətta həmin vaxt mən ona məsləhət gördüm ki, bu çəkilişləri internetdə yerləşdirmək və ya yaymaq olmaz, ermənilər bilsə, səni bir də ora buraxmayacaqlar, yaxud səni təqib edəcəklər... Amma təəssüflər olsun ki, sonradan o, həmin video çəkilişləri internetdə hissəvi yerləşdirmişdi. Hətta bir dəfə ANS-in “Qulp” verilişində həmin çəkilişlərdən istifadə də olunmuşdu... *** Sözümün canı var: Azərbaycan hökuməti və xalqımız işğal altında olan torpaqların düşməndən azad olunmasını illərdir gözləyir. Ermənilər isə Rusiyanın icazəsi olmadan bunu edəsi deyillər. Düşmənin Mİ-24 tipli vertolyotunun noyabrın 12-də vurulması isə bir daha göstərdi ki, indi başı ABŞ-ın sanksiyalarına və Ukrayna (Krım) probleminə qarışmış Rusiya torpağımızı işğal altında saxlayan Ermənistana arxa durası deyil... Və Azərbaycan onsuz da dəfələrlə bəyan edib ki, lazım gəlsə, torpaqları hərbi əməliyyatla azad edəcək. Hərbi əməliyyatın keçirilməsi üçün isə hərbi və coğrafi şəraiti Kəlbəcərə səfər etmiş soydaşlarımız- Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov otaya qoydu. Onlar 1994-cü ildən həmin ərazilərə baş çəkirdilər. Çəkdikləri videolardan da göründüyü kimi, işğal altında olan yurd yerlərimizə getmək və dolanmaq elə də çətin bir məsələ deyil. Daha doğrusu, ermənilərin də başı çörək tapmağa qarışıb. Sadəcə, bir neçə yerdə post quraraq 1994-cü ildən atəşkəs “mütəkkəsinə” dirsəklənmiş bizləri hərdən atəşə tutub xəbərdar edirlər ki, “Biz burdayıq!”. Problem ondadır ki, biz hər şeyi problem kimi qəbul edirik... Bu günlərdə isə Həsən Həsənovun Cəbrayıla səfər etməsini əks etdirən videoya baxdım. Həmin video “Təzadlar”ın rəsmi saytında yerləşdirilib. İki nəfərdirlər. Videodan da görünür ki, onlar “Mersedes-190”-la kəndlərinə gedirlər, orada həyətlərinə baş çəkir, nar qırıb dişləyir və yeməyə başlayırlar... Bu da hələ son deyil. “Təzadlar”ın saytının video bölümündə Mərzili kəndindən çəkilmiş iki video var. İkisini də Mərzilidən olan təəssübkeşlərin pul verib ermənilərə çəkdirdikləri kadrlardır. Kadrlarda hərdən erməni dilində danışıq da eşidilir. Kənddə bircə nəfər erməni gözə dəyir, o da mal otarır... Vəssalam! Deməli, işğal olunmuş torpaqlarımızın müəyyən yerlərinə xüsusi təyinatlıların yeridilməsi elə də problem deyil. Problem ondadır ki, biz hər şeyi problem kimi qəbul edirik. Təkrar edirəm, 20 ildi bizə atəşkəs elan etdirən, hələ də bir qarış torpağın özümüzə qayıtmasına səy göstərməyən beynəlxalq təşkilatlar bundan sonra daha 20 il də keçsə, tərpənən deyillər. Çünki onların da çörəyi yerində saymaqdan, bu status-kvonun saxlanılmasından çıxır. Əvəzində də bizim 20 ildir canımız çıxır... Qalır xüsusi əməliyyat hazırlayıb ən azı Ağdamı, Cəbrayılı, Zəngilanı, Füzulini və Qubadlını götürmək. Bundan sonra erməniləri qulağından da bağlasan, o yerlərdə duruş gətirəsi deyillər. Qorxularından İrəvanı da qoyub Rusiyaya qaçacaqlar. Asif Mərzili - tezadıar.az Geri qayıt |