Əsas Səhifə > Güney Press / Ana xəbər > Hacı Məmmədov ailəsindən imtina edib

Hacı Məmmədov ailəsindən imtina edib


4-12-2014, 10:44
Hacı Məmmədov ailəsindən imtina edib
`Hacı Məmmədov ailə üzvləri ilə də görüşdən imtina edib. Hətta qızı ilə görüşmək istəmir. O, bundan sonra unudulmasını, yaddan çıxmasını istəyir`

Bu barədə AzVision.az-a açıqlamasından İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib.

Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və İstintaq Təcridxanasında monitorinq keçirən E.Behbudov orada saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da görüşüb. Hüquq müdafiəçisi qeyd edib ki, Hacı Məmmədov ailə üzvləri ilə görüşdən imtina edib və heç kəslə görüşmür.

“Onun vəziyyəti ilə maraqlandım. O, yüngül idmanla məşğul olmağa başlayıb. Həyatı üçün heç bir təhlükə yoxdur. O müalicə mərkəzində müayinədən qayıtdıqdan sonra səhhətində heç bir problem yoxdur. O, muncuqdan müxtəlif əşyalar düzəldir. Əvvələr Hacı ilə özüm görüşürdüm. Bu günlərdə isə o heç kəslə görüşmür. Bütün görüşlərdən imtina edir. Hətta o, ailə üzvləri ilə də görüşdən imtina edir. Hacı Məmmədov unudulmasını, yaddan çıxmasını istəyir. O, istəyir ki, hər kəs onu unutsun. Əvvələr qızı atasının yanına gəlib gedirdi. İndi qızı ilə görüşməkdən də imtina edib. Köhnə iş yoldaşlarından da heç kəs onunla görüşməyə gəlmir. Gələn görüşümdə onun psixologiyası ilə maraqlanacağam. Onun şəkəri var. Xəstəliyini isə H. Məmmədov özü müalicə edir. Dərmanlardan çox istifadə etmir. Hacı Məmmədov qocalıb. Saçları tökülməyib. Amma bütün saçları ağarıb. Gələn görüşümüzdə onun əfv olunmaqla bağlı prezidentə müraciət etmək fikirinin olub-olmamasını öyrənəcəyəm”.

Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib.

Geri qayıt