Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramiz Yediyarova audit zərbəsi
Ramiz Yediyarova audit zərbəsi27-11-2014, 14:23 |
![]() Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri də Gədəbəy rayonudur. Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşən rayonun ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Bildiyiniz kimi, Dağlıq ərazidə yerləşən Gədəbəy rayonunda qış fəsli çox sərt keçir. Fikirləşirsən ki, qış aylarının həddən artıq soyuq keçdiyi rayonda icra hakimiyyətinin və digər aidiyyəti qurumların rəsmiləri əhalini fikirləşib hansısa tədbirlər görürlər. Ki, onlar qışda əlavə problemlə üzləşməsinlər. Amma vəziyyət heç də düşünülən kimi deyil. Bu barədə bir qədər sonra. Qeyd edək ki, prezident İlham Əliyev "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin qarşısında bu ilin sonuna kimi bütün ölkə əhalisinin mavi yanacaqla təmin edilməsi ilə bağlı məsuliyyətli bir vəzifə qoyub. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, bəzi bölgələrimizdə, o cümlədən Gədəbəy rayonunda əhalinin mavi yanacaqla təminatı həddən artıq aşağı səviyyədədir. Rayonun əksər kəndlərində və ucqar ərazilərində yaşayan sakinlər hələ də mavi yanacağın nə olduğunu bilmirlər. Buna səbəb isə bəzi vəzifəli şəxslərin həyata keçirdikləri qanunsuz işlərdir. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Gədəbəyin ucqar kəndlərindən sayılan Pərizamanlı kəndinin sakinləri neçə illərdir ki, yanacaq vasitəsi kimi odundan istifadə edir: "İcra başçısı Ramiz Yediyarov vəzifəyə yeni təyin olunanda kəndə qaz xəttinin çəkiləcəyinə söz vermişdi. Onun verdiyi vəd camaatı ruhlandırmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, başçı sözünü tutmadı. Məhz buna görə də Gədəbəyin kəndlərində icra başçısına qarşı münasibət birmənalı deyil. Kənddə yaşayan insanlar məcburiyyət qarşısında meşələri qırıb özlərinə istilik vasitəsi yaradırlar. Rayonda qış çox sərt keçir. İnsanlar soyuqdan donmamaq üçün ağacları kəsirlər. Belə olan halda rayonun ekologiyasına ciddi ziyan dəyir. Halbuki, kəndə qaz xəttinin çəkilməsi Gədəbəy rayon Qaz İstismar İdarəsinin işçilərinin əlində heç nədir. Sadəcə, rayon əhalisinin mavi yanacaqla təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlər lazımi istiqamətdə sərf edilmir. Qaz idarəsinin rəhbərliyi büdcədən vəsait ayrılan kimi bu haqda icra başçısına məlumat verir. Rayon rəhbəri isə öz növbəsində büdcə vəsaitlərini xərcləməyə "yer" tapır. Beləcə, əhalini qayğılandıran məsələlər arxa plana atılır. Ucqar kəndlərlə yanaşı, rayonun mərkəzində məskunlaşan sakinlərin də mavi yanacaqla təminatı ürəkaçan səviyyədə deyil. Xətlərdə tez-tez qəzalar baş verdiyindən mavi yanacağın verilməsində uzunmüddətli fasilələr meydana gəlir. Gədəbəyin mərkəzindəki yaşayış massivləri mavi yanacaqla təmin edən xətlərin yetərli hissəsi istismar müddətini başa vurub. Xətlərin yenilənməsi və təmiri üçün büdcədən vəsait ayrılsa da, həmin pulların hara xərcləndiyi bilinmir. Sakinlər bu hala etiraz olaraq dəfələrlə yerli qaz idarəsinin rəhbərliyinə, habelə icra hakimiyyətinin məsul işçilərinə şikayət ediblər. Amma vətəndaşların şikayətinə baxan yoxdur. İcra hakimiyyətinin nümayəndələri deyirlər ki, gedin öz başınızın çarəsinə baxın, başçı sizə qaz xətti çəkən deyil. Bir halda ki, Ramiz Yediyarov vətəndaşların qeydinə qalmır, bəs o bizim nəyimizə lazımdır? İcra hakimi gədəbəylilərə biganə münasibət göstərir. Bir neçə gündən sonra qar başlayacaq, havalar daha da soyuyacaq. Biz soyuqdan donmalıyıq? İcra hakiminin kabineti, yaşadığı ev isti ola bilər, amma bizim şəraitimiz tam fərqlidir". Mənbə vurğulayır ki, Pərizamanlı kəndi ilə bərabər, İnəkboğan, Göyəmli, Cücanlı, Qozqaralı və digər kəndlərdə də vəziyyət olduqca acınacaqlıdır. Məlumata əsasən, adıçəkilən kəndlərin sakinləri hər il olduğu kimi, bu qışı da üşüyərək keçirəcəklər. Qeyd edək ki, Gədəbəy rayonunda əhalinin mavi yanacaqla təminatı məsələsindəki çatışmazlıqlarla bağlı mətbuatda dəfələrlə məlumat verilib. Lakin hansısa səbəblərə görə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev vətəndaşları narahat edən problemlərlə maraqlanmır. Bu minvalla Gədəbəydə etirazlar daha da alovlana bilər. Odur ki, yuxarılar səviyyəsində rayonda hökm sürən qaz və digər problemlərə vaxtında reaksiya verilməlidir. Bu arada, qeyd edək ki, Hesablama Palatasının kollegiya iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb. Mötəbər qaynaqlardan aldığımız məlumatlara görə, Hesablama Palatasının əməkdaşları Gədəbəy Rayon İcra Hakimiyyətində ciddi qanun pozuntuları aşkar ediblər və bu barədə qurumun rəhbərliyinə məruzə edilib: "Deyilənə görə, yuxarı orqanlarda icra başçısı Ramiz Yediyarovun törətdiyi qanunsuz əməllər müzakirə edilir. Ümumiyyətlə, yoxlamalardan sonra başçı təşvişə düşüb. Məmurun tutduğu vəzifədən çıxarılması an məsələsidir. Çox güman ki, icra başçısı ilə bağlı yekun qərar yaxın vaxtlarda açıqlanacaq". \\ gundelik-baku.com \\ Qarşı tərəfin də cavab haqqını tanıyırıq. Geri qayıt |