Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hacı İbrahim Nehrəmlinin 100 milyardlıq Xəzər Adaları nağılı

Hacı İbrahim Nehrəmlinin 100 milyardlıq Xəzər Adaları nağılı


21-11-2014, 15:00
Hacı İbrahim Nehrəmlinin 100 milyardlıq Xəzər Adaları nağılı
DİA.AZ: Artıq 3 ilə yaxındır ki, paytaxt Bakıdan 23 kilometr aralıqda «Khazar İslands» adı ilə dünyaya tanıdılan, «Xəzər Adaları» inşa edilməkdədir. Təbii ki, mətbuatda bu olayla bağlı yetərincə bilgilər var.

Məlumdur ki, layihənin icrası «Avesta» Konserni tərəfindən həyata keçirilir və layihənin dəyəri 100 milyard ABŞ dolları həcmindədir. Adada milyon yarım sakinin yaşayacağı bildirilir və adanın 150, məktəb, 150 xəstəxana, 150 uşaq bağçası və s.-dən ibarət infrastrukturunun da olacağı qeyd olunur. Bundan əlavə adada dünyanın ən böyük göydələninin - Azerbaijan Tower-in də inşa olunması planlaşdırılır. Layihənin icrasının isə 2020-2025-ci illər ərzində bitməsi planlaşdırılır.

Təbii ki, bunların hamısı gözəldir. Amma deyilənlər doğru olarsa…

Hacı İbrahim Nehrəmlinin 100 milyardlıq Xəzər Adaları nağılı

Qeyd edək ki, adanın inşasını həyata keçirən «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin özü cəmiyyətdə birmənalı qarşılanmayan fiqurdur və ona qarşı müxtəlif ittihamlar belə səslənib. Məsələn, əslən Qazax rayonundan olan iş adamı Elşad Məmmədli yarım milyon manata yaxın vəsaitinin İbrahim Nehrəmli tərəfindən mənimsənildiyini iddia edərək, neçə müddətdir ki, pulunun geri qaytarılmasını tələb edir. Və hətta etiraz əlaməti olaraq ağzını belə tikən Elşad Məmmədliyə müxtəlif dövlət intsnasiyaları tərəfindən vədlər belə verilsə də, kimsə 100 milyard dollarlıq işin altına girmiş Hacı İbrahim Nehrəmli ilə onun üçün qəpik-quruş hesab olunan yarım milyonun davasına çıxmağa təşəbbüs və yaxud da maraq göstərmir.

Gələk Hacı İbrahim Nehrəmlinin verdiyi vədlərə. Elə bu günlərdə adadan hazırlanan reportaj zamanı «Avesta»nın rəhbəri bəyan edir ki, onlar artıq bu vaxta qədər 2 milyardlıq iş görümlər və ümumiyyətlə, layihənin icrasını 4 mərhələyə bölərək, birinci ilk mərhələ ərzində 10 milyard ABŞ dollarının xərclənməsini nəzərdə tuturlar. Digər 3 mərhələnin hər birində isə konsernin adanın inşasına 30 milyard dolları xərcləməyi planlayır.

Yəni belə çıxır ki, Hacı İbrahim Nehrəmliyə hələ 8 milyard dollar da təkcə birinci mərhələni başa vurmasına lazımdır. Amma Hacı İbrahim Nehrəmli maliyyə qaynaqlarının olmamasından gileylənmir. Və hətta vəziyyətdən çıxış yolu olduğunu da iddia edir.

Onun sözlərinə görə, adanın ümumi inşası üçün ümumiyyətlə, 5 milyard ABŞ dolları lazımdır. Hacı İbrahimin sözlərinə görə, ilkin mərhələ başa çatdıqdan sonra inşa etdikləri obyekt və yaşayış yerlərini satacaqlar və əldə etdikləri pullarla yerdə qalan əraziləri inşa edəcəklər.

Diqqət yetirdinizsə, Hacı İbrahim Nehrəmli özünü belə dediklərinə inandırmağa çalışır. Yəni əslində onun özü də yaxşı bilir ki, ilkin və təxmini olaraq inşası 100 milyard dollara nəzərdə tutulan bir layihənin 5 milyardla tamamlanması imkansızdır. Amma Hacı İbrahim inanır və inandırır ki, mümkündür.

Yaxşı nağıldır… Amma yenə də nağıldır.

Hacı İbrahim Nehrəmlinin 100 milyardlıq Xəzər Adaları nağılı

Təbii ki, hər birimizin Azərbaycanın belə bir bahalı məkana sahiblənməsini arzulayırıq. Ən azından dövlətimizin adının əzəməti naminə… Amma nağıllar hərdən… çox vaxt yorucu olur.

Bəlkə də möhtərəm İbrahimli cənabları tikdiyi yaşayış evləri və obyektləri satmaqdan daha çox Qazaxdan olan iş adamı Elşad Məmmədov kimilərinə ümidlidir… Nə bilmək olar…

DİA.AZ araşdırma qrupu


Geri qayıt