Əsas Səhifə > Güney Press / Ana xəbər > Zığda vərəm epidemiyası ilə bağlı təhlükə...
Zığda vərəm epidemiyası ilə bağlı təhlükə...19-11-2014, 14:08 |
![]() Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri şikayət edirlər. Sakinlər musavat.com-a müraciət edərək bildiriblər ki, qəsəbənin yolları, kommunal durumu və marşrut sistemi bərbaddır. Bundan əlavə qəsəbədə hər an kütləvi şəkildə vərəm xəstəliyi yayıla bilər. Məsələni daha dəqiq öyrənmək üçün Zığ qəsəbəsinə yollandıq. Öyrəndik ki, qəsəbəyə metronun Əhmədli stansiyasının yaxınlığından 44 nömrəli marşrut avtobusu gedir. 1 saat marşrut gözləsək də, istəyimizə çata bilmədik. Çünki 1 saat ərzində marşrut avtobusu cəmisi 2 dəfə dayanacağa yaxınlaşdı. Və hər dəfəsində dayanmadı. Çünki avtobusda həddindən artıq çox sərnişin vardı. Bununla da sakinlərin marşrut problemlərini anlamış olduq. Məcbur taksidən istifadə edərək qəsəbəyə yollandıq. Qəsəbədə bizi ilk olaraq çala-çuxurlu, gölməçəli yollar qarşıladı. Qəsəbənin bələdiyyə binasının önündə taksidən endik. Bələdiyyə binasına gedərək, sakinlərin problemlərinin nə zaman həll ediləcəyini öyrənmək istədik, amma bu fikrimizdən vaz keçdik. Çünki bələdiyyə binasının önündə kanalizasiyadan axan suların sayəsində göl yaranmışdı. Bu yerdə bir atalar sözü tam yerinə düşər: “Keçəlin əli, yağlı olsa, ilk öz başına çəkər”. Xülasə... Yolumuza davam etdik. Öyrəndik ki, qəsəbə iki hissəyə bölünüb. Sol tərəfdə yerli sakinlər, sağ tərəfdə isə əsasən Laçın və Cəbrayıldan olan qaçqınlar məskunlaşıb. Əsas şikayətçilər də, qaçqınlardır. Sakinlərin sözlərinə görə, onların ən böyük problemi, qəsəbədə olan vərəm dispanseridir. “Harada görülüb ki, camaatın evinin yanında vərəm dispanseri olsun? Dispanserdə ağır xəstələr var. Düşünün ki, eyni marketdən alış-veriş edirik. Eyni marşrutla yol gedirik. Belə olmaz, axı... Biz hər an kütləvi şəkildə vərəmə yoluxa bilərik. Mənim 65 yaşım var. 1-ci qrup gözdən əliləm. Qaçqınam. Yaşayış tərzim də göz qabağındadır. Taxtadan bir daxma tikib, onun içində yaşayırıq. Ayda 207 manat pensiya alıram. O pul nəinki dolanmağıma, heç gözümün dərmanlarına çatmır. Neçə dəfə müraciət etmişəm. Hələ bir cavab verən yoxdur. Gözüm görmədiyi üçün ağacla yeriyirəm”. Bu sözləri şikayətçilərdən biri olan Məzahir Mehdiyev deyir. Digər şikayətçi Məhərrəm Babaşov deyir ki, qəsəbənin kommunal problemləri hər kəsi bezdirib: “Zığ qəsəbəsi sahibsiz qalıb. Hər yerə müraciət etmişik. Baxan yoxdur. Yay aylarında suyumuz ümumiyyətlə, gəlmirdi. Bütün ağaclarımız qurudu. İndi də su problemi yaşayırıq. Son 4-5 gün ərzində su gəlməyə başlayıb. Pulla su gətirdirik. Hər dəfə də 20, 30, 40 manat civarında pul ödəyirik. Biz milyoner deyilik, axı... Milyoner olsaydıq, onlar kimi evimizə xüsusi su çəkdirərdik. Qaz ya gəlmir, ya da həddindən artıq zəif gəlir. Bəzən qaz verilir, evdə xanımlarımız yemək bişirirlər. Birdən qazı kəsirlər. Sonra yenə qaz gəlməyə davam edir. Həmin anlarda evdə heç kim olmasa, ya fikir verməsək, yanğın, partlayış və dolayısı yolla ölümhalları ola bilər. Qaz idarəsinə dəfələrlə şikayət etmişik, heç bir faydası yoxdur. Deyirlər ki, bu evlər söküləcək. Ona görə də, belə problemlər var. Lap elə nə vaxtsa sökülsün. Amma faktiki olaraq, burada insanlar yaşayır, ya yox..? Biz ölməliyik?” Sakinlər deyirlər ki, marşrut avtobusları gec-gec gəlirlər. Və ona görə də, avtobuslarda dəhşətli sıxlıq yaranır: “Buraya əsasən 44 nömrəli marşrut avtobusu işləyir. O da 25-30 dəqiqə intervalla hərəkət edir. Çünki məsafə uzundur, avtobusların sayı isə azdır. Avtobusların sayını artırsalar, belə problemlərlə qarşılaşmarıq”. Sakinlərlə danışdığımız zaman onu da öyrəndik ki, bizi ilk qarşılayan və 1-ci qrup gözdən əlil olan 65 yaşlı Məzahir kişinin gözəl səsi varmış. Əvvəllər bir müddət xanəndəlik də edən Məzahir kişi gözlərinin işığı çəkildikdən sonra bu sənətə davam etməyib: “Gözlərim işıqsız qaldıqdan sonra divarlar, bir də nəvələrimin mənim üçün çəkdikləri ip mənim göz əvəzimdir. Dəyənəyimi onlara vura-vura gəzirəm. Mən Laçın qaçqınıyam. Torpağımdan uzaqda qalmaq mənim üçün ağırdır. Həm də bu yaşda... Üstəlik gözlərimin görməməyi, kiməsə möhtac olmağım, mənim üçün asan deyil”. Məzahir kişidən xahiş etdik ki, bizim üçün bir balaca ifa etsin. O da xahişimizi yerə salmadı və kiçik bir muğam ifa etdi. İfa edərkən dediyi sözlərdə isə çox mənalar tapmaq olardı. Bir cümləsi isə belə idi: “Qocalıb, cavanlara möhtac olan canım...” Geri qayıt |