Əsas Səhifə > Güney Press / Ana xəbər > Rövnəq Abdullayevdən mətbuatla bağlı qadağa qərarı gəldi
Rövnəq Abdullayevdən mətbuatla bağlı qadağa qərarı gəldi19-11-2014, 10:55 |
![]() 8 noyabrda qafqaznews.org saytında “SOCAR-da fəhlələrin ölümü davam edir” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə SOCAR-ın tərkibinə daxil olan “Azneft”in Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin ( NQÇİ ) fəhlələrinin iş zamanı faciəli ölümündən bəhs edirdi. Xatirlatma üçün bildirək ki, 7 noyabr 2014-cü ildə SOCAR-ın mətbuat xidməti N.Nərimanov adına NQÇİ-nin 310 və 312 saylı meydançaları arasındakı estakadada qəza olduğu barədə məlumat yaydı. Məlumata görə, qəza zamanı 250 mm diametrli neft borusu partlayıb. Qəzanın qarşısını almaq üçün NQÇİ-nin 5 fəhləsi 307 saylı meydançaya gediblər. Fəhlələr təmir işləri apararkən qəzalı meydança çöküb və fəhlələr dənizə düşüblər. Operativ-xilasetmə tədbirləri nəticəsində fəhlələrdən 4-ü xilas olub, 1-i isə həlak olub. Saat 11:30-da həlak olmuş fəhlənin meyidi tapılıb. Məlumat üçün bildirək ki, bir müddət əvvəl də N.Nərimanov adına NQÇİ-də fəciə baş vermişdi. SOCAR-ın yaydığı məlumata görə, 23 oktyabrda saat 12:00 radələrində “Azneft”ə məxsus N.Nərimanov adına NQÇİ-nin 441 saylı meydançası təmir vaxtı uçub və ordakı fəhlələr dənizə düşüblər. Və qəza nəticəsində 3 fəhlə həlak olub. Bu qəzaları araşdırarkən qafqaznews.org-un suallarına cavab verən Neft-qaz sənayesi işçilərinin həmkarlar komitəsinin əməyin mühafizəsi üzrə müfəttişi İsrafil Əliyev bizə vəd vermişdi ki, NQÇİ-də çox diqqətlə yoxlama işləri aparılacaq. Azərbaycan Həmkarlar Konfederasiyasının mətbuat xidmətindən Nazim Ağamirov isə müxbirimizə bildirmişdi ki, təşkilatımız həlak olan fəhlələrin ailələrinə hər cürə yardım edir. Ancaq həlak olan Faiq Bədəlovun anası Yenə Bədəlova müxbirimizə bildirmişdi ki, Həmkarlar Konfederasiyasından heç bir kömək almamışıq. 7 noyabr qəzasından sonra biz yenidən İsrafil Əliyevlə əlaqə saxlayaraq verdiyi vədə əməledib-etmədiyini soruşduq. O, isə bildirdi ki, biz hər gün işdə əmək təhlükəsizliyi qaydalarını yoxlayırıq. “Bəs fəhlələr nə üçün qəzalı meydançaya buraxılıb” sualına isə İsrafil Əliyev “Mən sizin suallarınıza cavab verməyə borclu deyiləm” dedi. Biz qəzanın araşdırılması ilə bağlı cavab almaq üçün dəfələrlə SOCAR-ın mətbuat xidmətinə zəng eləsək də cavab verən olmadı. Onda həlak olan fəhlələrin ailələri ilə əlaqə saxlamaq qərarına gəldik və kömək üçün Neft-qaz sənayesi işçilərinin həmkarlar komitəsinə müraciət etdik. Ancaq komitənin adını və familyasını açıqlamayan nümayəndəsi bildirdi ki, qəzanın səbəblərini araşdırmaq üçün SOCAR-ın nəzdində yaradılan komissiya jurnalistlərə qəza ilə bağlı informasiya verməyi qadağan edib. Azərbaycan Həmkarkar Konfederasiyasının mətbuat katibi Nazim Ağamirov isə bu barədə bizə bildirdi ki, yəqin istintaq sirri olduğu üçün demirlər. Müxbirimizin “Bizə istintaq sirri lazım deyil, həlak olan fəhlələrin ev ünvanları, telefonları lazımdır” sualını Nazim Ağamirov belə cavablandırdı: “ Mən həmin məlumatları sizə verməyin məsuliyyətini daşıya bilmərəm. Bizim təşkilat həlak olan fəhlələrin ailələrinə hər cürə maddi və mənəvi dəstək verir”. “Axı həlak olan fəhlələrdən birinin anası Yenə Bədəlova deyir ki, heç bir kömək olmaylb” fikrinə Nazim Ağamirov “Yəqin qəzanın araşdırılmasının yekunlaşmasını gözləyirlər” cavabını verdi. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə baş verənlərə münasibətini belə ifadə elədi: “ Azərbaycan Həmkarlar Komitəsinin nümayəndəsinin cavabı bir daha göstərir ki, bu qurum müstəqil deyil, SOCAR-ın tam nəzarəti altındadır”. Komitə sədri onu da bildirdi ki: “ Neft-qaz sənayesi işçilərinin həmkarlar komitəsində istehsalın təhlükəsizliyi üçün məsuliyyət daşıyan müfəttişlər var. Onlar mütəmadi iş yerlərini yoxlamalıdırlar. Bəs onlar nə üçün əmək haqqı alırlar? “ Mirvari Qəhrəmanlı sonda onu da qeyd elədi ki, AR Əmək Məcəlləsinin 309-cu maddəsinə görə iş yerlərində əmək şəraitinə ictimai nəzarət funksiyası birbaşa həmkarlar təşkilatlarının üzərinə qoyulub. Həmkarlar öz işini yerinə yetirmədiyi üçün qəzalar təkrarlanır”. Komitə sədrinin sözlərinə görə, SOCAR-ın Həmkarlar təşkilatına mətbuatla ünsiyyəti qadağan eləməsi bu qurumun nüstəqil olmadığnın bariz göstəricisidir. Geri qayıt |