Əsas Səhifə > Güney Press / Ana xəbər > İranda azərbaycanlıları narkotik dərmanlarla müalicə edirlər
İranda azərbaycanlıları narkotik dərmanlarla müalicə edirlər6-11-2014, 13:57 |
![]() Son illər Azərbaycan vətəndaşlarının müalicə üçün xarici ölkələrə axını artıb. Müalicə və müayinə məqsədilə xarici ölkələrə - Almaniya, Türkiyə, Rusiya və İrana üz tutan xəstələrin sayında ciddi artım var. Xüsusilə aztəminatlı təbəqə sağlamlığını daha çox İranda axtarır. Qeyd edək ki, Azərbaycandan qonşu ölkəyə müayinə və müalicəyə, orqan transplantasiyası məqsədilə gedənlərin dəqiq sayı bəlli olmasa da, İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bir qədər əvvəl bildirmişdi ki, ildə 1 milyon Azərbaycan vətəndaşı İrana bu məqsədlə səfər edir. Səfir onların əsasən Tehran, Təbriz , Ərdəbil şəhərlərinə getdiyini deyib. Artıq Azərbaycan əhalisinin müalicə üçün İrana getməsini asanlaşdıran, bu işdə onlara köməklik göstərən dəllalar da fəaliyyət göstərir. Onlardan Əhməd Pur adlı vasitəçi ilə söhbət zamanı məlum oldu ki, o, əslən Ərdəbil şəhərindəndir və Bakıdakı universitetlərdən biinin 3-cü kurs tələbəsidir. Bakıda başqa iş tapmadığından İrana xəstə aparmaqla pul qazanır. Əhməd bu işə başlayandan çox adamı İrana apardığını deyir: “Ən çox Ərdəbilə aparmışam. Çünki orda həm qiymətlər ucuzdur, həm də yaxşı həkimlər var. İranda başqa şəhərlərdə yaşayan qohumlarım da Ərdəbildə müalicə alırlar. Təbriz və Tehranda da savadlı həkimlər var. Əgər xəstəlik ağır olsa, Təbriz və Tehrana aparıram. Əgər İranda həkim xəstəyə səhv diaqnoz qoysa, yaxud xəstəyə pis bir şey olsa həkimin atasını yandırarlar.” Vasitəçi onu da bildirdi ki, iranlı həkimlər Azərbaycan həkimlərinə qətiyyən inanmırlar: “Azərbaycan həkimlərinin xəstəyə vediyi analizlərin cavabını qəbul etmirlər. Onlar bu cavabları əsassız sayırlar. Ona görə də burda analiz verib, cavablarını İrana aparmaq lazım deyil. Əbəs yerə pulunuzu sərf etməyin.” Əhməd Pur Azərbaycanda həkimlərin xəstəyə ehtiyac olub-olmadı əməliyyat etdiklərindən də narazılıq etdi: “Sizdə həkimlər pul qazanmaqdan ötrü xəstənin əməliyyata ehtiyacı olmasa belə, çalışırlar ki, əməliyyat etsinlər. Mən burdan bir xəstə aparmışdım İrana. Azərbaycanda həmin xəstənin dərhal əməliyyat olunmasını demişdilər. İranda isə əksinə, bildirdilər ki, böyrəkdə olan daş kiçikdir və dərman vasitəsiylə xəstə bundan qurtula bilər. Elə də oldu. Bir müddət xəstə dərman qəbul etdi və problemdən xilas ola bildi.” Söhbət zamanı o da məlum oldu ki, məsələn, böyrəyində daş olan adam İrana 5 günlük gedirsə və əməliyyat olnacaqsa, təxminən bu, 1500 manata başa gələcək. Vasitəçiyə isə günə 30 manat vermək lazımdır. Bəs gedənlərə vasitəçi nə üçün lazımdır, sualına Əhmədin cavabı belə oldu: “İrana müalicəyə gedənlərin başlarına orda min oyun gətirirlər. Mən Azərbaycandan gedənləri görmüşəm, fırıldaqçıların qurbanına çevrilirlər. Onlardan çox pul alırlar. Amma mən apardığım adamların dərmanını da onlarla birlikdə özüm alıram. ” Azərbaycanlılara pul kisəsi kimi baxırlar Azərbaycan həkimləri isə deyir ki, İrana gedən xəstələrin təxminən yarıdan çoxu oradakı müalicədən sağalmır, əksinə, xəstəlik daha da şiddətlənərək sonda ölümlə nəticələnir. Ali dərəcəli mama-ginekoloq Arzu Məhərrəmova vurğuladı ki, çox vaxt iranlı həkimlər müalicə etmir, sadəcə ağrıkəsici dərmanlar yazırlar: “Mənim də xəstələrim var ki, müalicə üçün İrana üz tuturlar. Gedəndə sevinirlər, amma məyus qayıdırlar. Heç də oradakı həkimlərin hamısı savadlı və bilikli deyillər. Düşünürəm ki, İranda ucuzluq olduğuna görə, xəstələrimiz daha çox ora gedirlər. Amma son vaxtlar orda da qiymətlər bahalaşıb.” Xəstələrə İrana getməyi məsləhət görməyən Arzu xanım, bunu bir neçə amillə əsaslandırdı: “İranlı həkimlər elə bir müalicə yazırlar ki, biz onu heç vaxt yazmarıq. Elə bil ki, azərbaycanlıların üzərində sınaq, təcrübə aparırlar. Bizim həkimlərdən fərqli olaraq onlar etdikləri müalicəyə görə cavabdehlik daşımırlar. Biz xəstələrimizin, Səhiyyə Nazirliyinin və vicdanımızın qarşısında cavabdehlik daşıyırıq. Həmkarlarımdan eşitdiyimə görə, İran həkimləri kimyəvi dərmanlar daha çox yazırlar. Onların yazdıqları dərmanlar daha çox sakitləşdirici, narkotik tərkibli olur. Ağrılar bir müddət kəsilir, olmur. Bir ay keçəndən sonra xəstədə yenidən ağrılar və daha ağır fəsadlar yaranmağa başlayır.” Həkim onu da dedi ki, iranlı həkimlərin yazdığı dərmanlar insanda asılılıq yaradır: “Həmin dərmanlar insanlarda asılılıq yaradır. Xəstə bir daha həmin dərmanları əldə etmək üçün İrana getməli olur. İran həkimləri Azərbaycandan gedən xəstələrə qazanc mənbəyi kimi baxırlar. Ora gedəndə xüsusi adamlar olur, hətta özlərindən eşitmişik ki, həkimin yanına vasitəçi kimi xəstə aparan şəxs də həmin həkimdən pul alır. Bizim millətə pul kisəsi və təcrübə obyekti kimi baxırlar. Bir sözlə azərbaycanlılardan istifadə edirlər.” Yeri gəlmişkən bildirək ki, ötən aydan İran hökumətinin bütün tibbi klinikalara verdiyi göstərişə əsasən, bu ölkəyə gedən Azərbaycan vətəndaşları üçün müalicə və müayinə qiymətləri artırılıb. Eyni zamanda, Azərbaycan vətəndaşları üçün orqanların transplantasiyasının da hələlik dayandırıldığı bildirilir. İrandan qayıdan Azərbaycan vətəndaşlarının dediyinə görə, bu yaxınlaradək müalicə və müayinə məqsədilə qonşu ölkəyə gedən soydaşlarımıza iranlılarla ciddi fərq qoyulmurdu. Əgər indiyə kimi Azərbaycan vətəndaşlarının ultrasəs müayinəsindən (USM) keçməyə, qan və digər analizlərə, müayinə və müalicəyə görə ödənişləri tibbi siğortası olan İran vətəndaşlarından cüzi fərqlənirdisə, indi həmin fərq əvvəlkindən 2 dəfə artıq olacaq. “Burda xərçəng diaqnozu qoymuşdular” “ 2 il əvvəl Milli Onkoloji Mərkəzində mənə qida borusunun xərçəngi diaqnozu qoymuşdular.” Bunu Analitik.az-a Sumqayıt şəhər sakini Məhəbbət Səmədova bildirib. Onun sözlərinə görə, bu diaqnozu eşidəndən sonra İranın Təbriz şəhərinə gedib və oranın həkimlərinin müayinəsindən də razı qalıb: “Gedəndə cəmi 150 manat pul götürmüşdüm. Avtobusla gedib gəldim. Təbrizdə universitetlərin birinin klinikasında müayinədən keçdim. Cəmi 3 manata yaxın kassaya pul köçürdüm. Əlavə də olaraq heç bir yerə ödəniş etmədim. Həkim müayinə etdikdən sonra məndə qida borusunun xərçənginin olmadığını dedi. Resept yazdı, dərmanları da oradan aldım.Dərmanlara isə cəmi 11 manat verdim. O dərmanların qiyməti Azərbaycanda 76 manat edir. İrana gedib gəlməyimə ümumilikdə 100 manat xərcim çıxdı. Üstəlik oradan bazarlıq da etdim. Hətta pulum da qaldı.” M. Səmədova onu da deyir ki, 3 aylıq müalicədən sonra səhhətində irəliləyişlər olub. Tibb elmləri doktoru, professor Adil Qeybulla isə İrana müalicəyə gedənlərin çoxunun bizim həkimlərə inanmadığını deyir: “Məsələ ondadır ki, Azərbaycanda müalicənin effektindən narazı qalanlar da az deyil. Hazırda Almaniya, Türkiyə, eləcə də İrana gedənlərin əksəriyyəti Azərbaycan təbabətinə güvənməyənlərdir. Təəssüf ki, bu, reallıqdır.” Geri qayıt |