Əsas Səhifə > Güney Press / Ana xəbər > Səfər Əbiyevin sevimli generalları nədən hələ də vəzifədədirlər?

Səfər Əbiyevin sevimli generalları nədən hələ də vəzifədədirlər?


5-11-2014, 16:07
Səfər Əbiyevin sevimli generalları nədən hələ də vəzifədədirlər?
Ötən ilin oktyabr ayının 22-də ölkə başçısının sərəncamı ilə istefaya göndərilən sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev düz 20 il nazir postunda əyləşmiş şəxsdir. Xatırlayırsınızsa, onu hətta Milli Məclis tribunasından belə, kabinet naziri kimi xarakterizə edənlər olub. Bir sıra millət vəkillərilə yanaşı, əksər hərbi ekspertlər də iddia edirlər ki, o, ciddi bir islahatı və ya Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli taktiki gedişilə fərqlənməyib. Əksinə məhz Səfər Əbiyevin zamanında orduda idarəçilik böhranı, intriqalar, əsgər ölümləri və s. neqativ hallar daha geniş şəkildə vüsət alıb. Məhz elə buna görə də o, daim tənqid hədəfi kimi gündəmdə olub.

Məlumat üçün bildirək ki, ötən ilin sonlarında Səfər Əbiyevlə yanaşı, onun komandasında təmsil olunan 7 general - Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov, tibb xidməti general-mayoru Dağlar Abdullayev və general-mayor Nəcəf Qəmbərov Silahlı Qüvvələrdən ehtiyata göndəriliblər. Lakin bu hələ o, demək deyil ki, hazırda ordu sıralarında Səfər Əbiyevin generalları, yəni ona yaxınlığı ilə seçilən şəxslər qalmayıb. Əldə etdiyimiz bilgilərə görə, hazırda Silahlı Qüvvələrdə Səfər Əbiyevin bir neçə sevimli generalları var. Həmin generalların Azərbaycan ordusundakı çatışmazlıqlara görə cavabdeh olduqlarını vurğulayan məlumatlı şəxs hesab edir ki, onlar mütləq əməllərinə görə cavab verməlidirlər: "Artıq çoxlarına bəllidir ki, Səfər Əbiyev nazir postunda təmsil olunduğu müddət ərzində özünə yaxın şəxsləri Müdafiə Nazirliyində yüksək vəzifələrə yerləşdirib. Və həmin şəxslərin bir çoxu bu gün general rütbəsini daşıyırlar. Hazırda onlar yeni müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında fəaliyyət göstərsələr də, lakin hələ də Səfər Əbiyevə olan dostluqlarından əl çəkməyiblər. Yəni onlar bu gün də sabiq nazirə sədaqətlərilə seçilirlər. Diqqət yetirsəniz görərsiniz ki, həmin şəxslərin əksəriyyəti əslən Səfər Əbiyevin təmsil olunduğu bölgədəndirlər". Sabiq müdafiə nazirinin ətrafında halqanın daraldığını qeyd edən məlumatlı şəxs iddia edir ki, artıq Səfər Əbiyevin kadrları, ona yaxın generalların həbsinə hazırlıq getməsi barədə "yuxarılar"da ciddi müzakirələr aparılır: "Bildiyiniz kimi, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra haqlı olaraq ordunun az qala bütün strukturlarında ciddi kadr dəyişikliyinə start verdi. Təbii ki, bu, təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Çünki Səfər Əbiyev ona uzun illərdən bəri həllini gözləyən çoxlu sayda problem qoyub gedib. Zakir Həsənov da öz növbəsində, həmin problemləri məhz özünün etimad göstərdiyi şəxslərin yardımları ilə həll etməlidir. Çünki Səfər Əbiyevin kardları, onun sevimli generalları ilə ordudakı neqativ halları aradan qaldırmaq nəinki çətin, hətta mümkünsüz məsələdir. Odur ki, yeni müdafiə nazarinin kadr islahatlarını müsbət addım kimi dəyərləndirmək gərəkdir. Çünki o, Silahlı Qüvvələri "səfərçilər"dən təmizləməklə orduya yeni nəfəs vermək niyyətindədir. Zakir Həsənov çox gözəl bilir ki, köhnə qvardiya ilə yeni uğurlara imza atmaq bir az çətinlik yarada bilər. Bu səbəbdən də o, Səfər Əbiyevin kadrlarını bir-bir ordu sıralarından kənarlaşdırmalıdır. Maraqlı məqam ondadır ki, Səfər Əbiyevin özü müdafiə naziri postundan uzaqlaşdırılsa da, ona sədaqətilə seçilən generalların bir çoxu hələ də ordunun yetkili şəxsləri sırasında təmsil olunurlar. Lakin bu, uzun sürməyəcək. Çünki artıq "yuxarılar"da sözügedən məsələ ciddi şəkildə müzakirə olunur. Görünən odur ki, sabiq müdafiə nazirinə yaxın generallar tutduqları vəzifələrdən çıxarılmaqla yanaşı, onların həbs məsələsi də gündəmə gələ bilər".

Zakir Həsənovun hələ də Səfər Əbiyevin generallarının yaratdıqları problemləri yoluna qoymağa çalışdığını deyən məlumatlı şəxs bildirir ki, sabiq nazirin bir sıra kadrlarının xanımları avtomobillə adam da vurublar. Lakin bununla bağlı gələn saylarımızda ətraflı məlumat verəcəyik. Hələlik isə onu qeyd edə bilərik ki, tezliklə Müdafiə Nazirliyində yenidən genişmiqyaslı kadr islahatları baş tuta bilər. Və bu zaman Səfər Əbiyevin sevimli generallarının ordu sıralarından təmizlənmə ehtimalı olduqca yüksəkdir. Məlumatlı şəxs də iddia edir ki, artıq onların əməllərinə görə cəzalandırılmalarının vaxtı çatıb: "Çünki onlar - sabiq müdafiə nazirinin kadrları çiyinlərinə düşən dövləti vəzifələrin məsuliyyətini anlamaqda çətinlik çəkirlər. Odur ki, başları çox da müsbət olmayan işlərə qarışan generallar tezliklə ordu sıralarından kənarlaşdırılmalıdırlar". \\ Gundelik-baku.com \\

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

(Ardı var)

Geri qayıt