Əsas Səhifə > Güney Press / Ana xəbər > Məşhur telefon xuliqanı bu dəfə Saakaşvili ilə Makkeyni doladı

Məşhur telefon xuliqanı bu dəfə Saakaşvili ilə Makkeyni doladı


29-10-2014, 14:46
Məşhur telefon xuliqanı bu dəfə Saakaşvili ilə Makkeyni doladı
Məşhur telefon xuliqanı, “Pranker Vova” kimi tanınan Vladimir Krasnov dünyanın məşhur siyasətçilərini dolmaqda davam edir.

Virtualaz.org saytı xəbər verir ki, “Vova” bu dəfə özünü Ukraynanın daxili işlər naziri Arsen Avakov kimi təqdim edərək Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə telefon danışığı aparıb, onun köməyi ilə ABŞ senatoru Con Makkeyni də tora salıb.

“Vova” LifeNews kanalına müsahibəsində hazırda ABŞ-da mühacirətdə olan Mixail Saakaşvili ilə A.Avakovun adından necə danışdığını açıqlayıb. O deyib ki, Saakaşvilinin telefon nömrəsinə bir neçə dəfə zəng etsə də eks-prezident dəstəyi götürmürdü.

“Nəhayət, mən ona SMS yazdım. Bildirdim ki, Ukraynanın daxili işlər naziri Avakovam və biz mühüm məsələ barədə danışmalıyıq. Heç 10 dəqiqə də keçmədi ki, “Mişa” zəng vurdu” - deyə telefon xuliqanı bildirib.

“Vova” deyib ki, telefon söhbəti zamanı “Avakov” Saakaşvilidən ABŞ-da Ukraynaya kömək üçün lobbiçilik etməyi xahiş edib. Saakaşvili isə “Avakov”dan xahiş edib ki, qardaşı Davidin məsələsinə kömək etsin. Belə ki, Saakaşvilinin qardaşını Ukrayna hakimiyyəti ölkədən deportasiya etməyə hazırlaşır.

Telefon söhbəti zamanı “Avakov” Saakaşvilidən senator Con Makkeynlə telefon əlaqəsi saxlamağı xahiş edib. “Mişa” söz verib ki, Makkeynlə onu danışdıracaq, ancaq bir neçə zəngə baxmayaraq o, senatorla “naziri” calaşdıra bilməyib.

Nəhayət, “Mişa” zəng edərək bildirib ki, mətbuat konfransındadır və Makkeyn yanında dayanıb. Deyib ki, dəstəyi ilə indi ona verə bilər.

“Vova” dəstəyi dərhal dostu, digər telefon xuliqanı, ingilis dilində yaxşı bilən Alekseyə verib. Və “Avakov”la Makkeyn arasında aşağıdakı telefon söhbəti olub:

“Avakov”: - İlk növbədə dəstəyə görə sizə təşəkkür edirəm. Siz situasiyanı bilirsiniz, bu terrorçularla döyüşmək necə ağırdır.

Makkeyn: - Bəli, mən bilirəm. Biz bu məsələnin üzərində işləyirik. Yanvarın əvvəllərində biz Ukraynadakı situasiyaya dair danışıqlar aparmağa, Amerika liderlərinin və digər dünya liderlərinin diqqətini cəlb etməyə hazırlaşırıq. İnan mənə, mən təslim olan deyiləm.

“Avakov”: - Lakin mən Obamanın mövqeyini başa düşə bilmirəm.

Makkeyn: - O, necə varsa elədir, ancaq mən və amerikalılar səninləyik.

“Avakov”: - Bəli, bəli, mən bilirəm, ancaq bizə bəzi şeylər lazımdır... Bizə silah, sizin dəstəyiniz, KİV-in iştirakı lazımdır. Axı siz bilirsiniz, biz bu məsələdə naşıyıq, yeni demokratiyayıq.

Makkeyn:- Mən başa düşürəm, ancaq mən indi qaçmalıyam. Ümid edirəm ki, toplaşa biləcəyik. Ona görə də gəl əlaqədə qalaq və mən tezliklə daha bir telefon zəngi təşkil edəcəyəm...

“Vova”nın dediyinə görə, Makkeyn söz versə də bir daha zəng etməyib. Telefon xuliqanı deyib ki, bir neçə ay ərzində Avakovun adından Mixail Saakaşvili ilə danışıb. Belə söhbətlərin birində Saakaşvili viza müddəti bitən qardaşına kömək etməyi xahiş edib. “Avakov” kömək edəcəyinə söz verib və Kiyev aeroportunun sərhəd xidmətinə zəng edib. Amma bu dəfə özünü Avakovun müşaviri Anton Geraşenko kimi təqdim edib.

Bir neçə zəngdən sonra Saakaşvilinin qardaşının viza məsələsi doğrudan da həll olunub. Bu haqda David Saakaşvili özü aeroportdan “Vova”ya məlumat verib. Problemin həll edildiyi barədə xuliqana aeroportun əməkdaşları da məruzə ediblər.

Xatırladaq ki, “pranker Vova” bundan əvvəl özünü Yanukoviçin oğlu kimi təqdim edərək Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışmışdı. O, Lukaşenkodan xahiş etmişdi ki, “atasının” Belarusda sığınacaqla təmin edilməsi imkanlarını nəzərdən keçirsin, çünki onun vəziyyəti Rusiyada elə də yaxşı deyil.

Telefon xuliqanı ABŞ-ın Avropadakı komandanlığının generalını da Avakovun adından dolamışdı...

Geri qayıt