Əsas Səhifə > Güney Press / Ana xəbər > KTN-nin baytarlıq idarələrində "baytar təfəkkürü" problemi...

KTN-nin baytarlıq idarələrində "baytar təfəkkürü" problemi...


29-10-2014, 14:11
KTN-nin baytarlıq idarələrində "baytar təfəkkürü" problemi...
Respublika Baytarlıq Laboratoriyasının həyətində açılmış kiçik fermer təsərrüfatının fəaliyyəti böyük səs-küyə səbəb ola bilər. Bu barədə bizə Bakının 8-ci kilometr ərazisində, sözügedən laboratoriyanın ətrafında yaşayan sakinlər məlumat verirlər. Artıq bir neçə müddətdir ki, redaksiyamıza laboratoriyanın fəaliyyətində müşahidə olunan müxtəlif qanun pozuntularına dair məlumatlar daxil olmaqdadır. Aldığımız məlumatlarda laboratoriyanın rəhbəri Fizuli Quliyevin qeyri-qanuni əməlləri nəticəsində qurumun öz funksiyalarını icra edə bilməyəcək bir vəziyyətə gətirildiyi qeyd olunur. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda biz artıq qeyd etmişdik ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qanunla təsbit edilmiş vəzifə və hüquqlara malik olmaqla heyvandarlığın inkişafına, sağlam məhsul bolluğunun yaradılmasına və insanların təmiz qida ilə təchiz edilməsinə yönəldilmiş tədbirlər görməlidir. Bu tədbirlərin həyata keçirilməsi üçün də Xidmətin tabeliyində digər struktur bölmələri ilə yanaşı Respublika Baytarlıq Laboratoriyası da fəaliyyət göstərir. Lakin qeyd olunduğu kimi, mənbələr laboratoriyanın son vaxtlar daha çox müxtəlif maliyyə maxinasiyalarına cəlb olunduğunu iddia edirlər. Aldığımız məlumatlarda isə bu kimi iddiaları əsaslandıran bəzi faktlar təqdim olunur. Bildirilir ki, bir müddət əvvəl cari təmir işlərinə görə “Ultratex-Ə” MMC-nin hesabına 43999 manat, avadanlıq alınması üçün “Azsantexlab” MMC-nin hesabına 17000 manat və bir çox digər köçürmələr də, əslində vəsaitlərin nağdlaşdırılması və mənimsənilməsi üçün həyata keçirilmiş maxinasiyalardır. Xəbər verildiyi kimi Fizuli Quliyev bir müddət bundan əvvəl laboratoriyanın şöbələrindən birinin rəisi olub. Buna görə də laboratoriyanın əksər əməkdaşları bu təyinatla bağlı belə qənaətdə idilər ki, Fizuli müəllim qurumun əsas iş prinsipləri və müəyyən mövcud problemlərə yaxından tanış olduğundan, həm işin səmərəliliyinin artırılması üçün, həm də problemlərin həlli məqsədilə müvafiq tədbirlərin görülməsində heç bir çətinlik çəkməyəcək. Lakin bu gözləntilər özünü doğrultmadı. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu gün Respublika Baytarlıq Laboratoriyasının fəaliyyəti daha çox müxtəlif neqativ hallarla diqqəti cəlb edir. Fizuli Quliyev isə rəhbərlik etdiyi laboratoriyanın işində yolverilməz olan maxinasiyalara və dövlət vəsaitlərinin mənimsənilməsinə rəvac verməklə, bu kimi halların mövcudluğuna şərait yaradır. Digər tərəfdən də Fizuli Quliyevin laboratoriyanın həyətində əsil quşçuluq və heyvandarlıq təsərrüfatlı açması yeni problemlər yaradır. Bu xüsusda məlumatda bildirilir ki, bu təsərrüfatda saxlanılan 200-dən artıq toyuqdan alınan yumurtalar ətraf ərazidəki dükanlarda satılır. Həmçinin bu dükanlarda “kənd toyuğu” adı altında laboratoriyanın həyətində kəsilmiş toyuqlar da alıcılara təklif olunur. Eyni zamanda da mənbə Fizuli Quliyevin ərazidəki ət dükanları ilə də “sıx əməkdaşlıq” etdiyini vurğulayır. Qeyd olunur ki, bu məqsədlə laboratoriyanın həyətində iri buynuzlu mal-qara da saxlanılır və tez-tez də olmasa, mütəmadi olaraq onların kəsimi həyata keçirilir.Maraqlıdır ki, son vaxtlar müxtəlif informasiya vasitələrinə Dövlət Baytarlıq Xidmətinin fəaliyyətindən olunan şikayətlərin də sayı xeyli artıb. Təbii ki, bu xüsusda şikayətlər ilk növbədə Xidmətin tabeliyində olan digər qurumların yarıtmaz fəaliyyəti səbəbindən yaranır. Eyni zamanda da Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın bu strukturlardan bəziləri üzərində nəzarəti itirməsi müəyyən fəsadlara səbəb ola bilər. Baxdığımız halda isə mənbələr Respublika Baytarlıq Laboratoriyasının rəhbəri Fizuli Quliyev tərəfindən Siyalə Rüstəmovaya qarşı aşkar etinasızlığın nümayiş etdirildiyini vurğulayırlar.

Geri qayıt