Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Şəhid anası prezident İlham Əliyevdən xəstə nəvəsi üçün kömək istədi

Şəhid anası prezident İlham Əliyevdən xəstə nəvəsi üçün kömək istədi


22-10-2014, 16:10
Şəhid anası prezident İlham Əliyevdən xəstə nəvəsi üçün kömək istədi
Quba şəhəri, Sülh küçəsi, 1 saylı evdə yaşayan Mikayılova Sürəyya Əziz qızı Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciət edib.
Müraciətdə deyilir ki: “ 11 fevral 1975-ci il təvəllüdlü oğlum Mikayılov Umud Mürsəl oğlu 06 may 1994-cü il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Bu barədə II-JQ N 414838 saylı ölüm haqqında şəhadətnamə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən N 006032 saylı “şəhid ailəsi üzvünün vəsiqəsi” verilmişdir.
Övladım Umud Mikayılov erməni qəsbkarlarının gülləsinə tuş gəlmiş və Azərbaycan dövləti uğrunda canını fəda etmişdir.
Sizi bir şəhid anası kimi acizinə şəkildə narahat etmək məcburiyyətindəyəm.
Mənim nəvəm Məmmədova ( Səfərəliyeva ) Çiçək Səhiyyə Nazirliyinin Quba Regional Perinatal Mərkəzində 01 iyun 2014-cü il tarixdə həkimlər tərəfindən “Hepatit C” virusuna yoluxdurulmuşdur.
Övladım Umudun ermənilərlə döyüşdə vətən uğrunda şəhid olmasından qürur duyduğum halda balaca nəvəmin azərbaycanlı həkimlər təfəindən “Hepatit C” virusuna yoluxdurulması və müalicənin çox baha olması, mənim maddi vəziyyətimin ağır olması…məni çox üzür.
Həkimlər müalicənin uzun müddətli və bahalı olduğunu bildirirlər.
Görünür, mənim qismətimə şəhid anası olmaqla yanaşı, əlacsız xəstə nənəsi olmaq da yazılıb.
Bir şəhid anası kimi bilmirəm dərdimi kimə deyəm.
Bir neçə dəfə möhtərəm Prezidentimiz Quba məzarlığını ziyarətə gedərkən mənim evimin qarşısında keçəndə dayanıb hər birimizlə görüşüb. Həmin vaxt mənim öz problemlərimi ölkə başçısına çatdırmaq imkanım olsa da Prezidentimizi narahat etməmişəm.
Ancaq indi görürəm ki, qurd ağacı yeyən kimi xəstəlik nəvəmi için-için yeyir. Allah bunu heç düşmənimə də göstərməsin.
Nəvəm Çiçəyi “Hepatit C” virusuna yoluxduran Quba Regional Perinatal Mərkəzinin müdirinin və Quba Mərkəzi Xəstəxanasının baş həkiminin qəbulunda olub onların təqsiri üzündən yaranmış xəstəliyin müalicəsi üçün kömək istədikdə “bizdə vəsait yoxdur” cavabını almışam. Onlar mənə bildirir ki, şikayət etməyin mənası yoxdur.
Nəvəm Çiçəyin doğuşa qədər “Hepatit C” virusuna yoluxmadığı, həmin virusa doğuşu qəbul etmiş Quba Perinetal Mərkəzdə yoluxdurulduğunu Quba Mərkəzi Xəstəxanasının, Mərkəzi Neftçilər Xəstəxanasının GenLAB, EUROLAB Tibb Mərkəzinin, Klinik Diaqnostik laboratoriyalarında aparılmış müayinə və analizlərlə təsdiq edilmişdir.
Müraciət etməkdə məqsədim heç də məsuliyyətsiz həkimləri cəzalandırmaq, yaxud kimdənsə maddi yardım almaq deyil. Mən üzümü dövlətimə, onun rəhbərinə, ölkənin birinci xanımına tutub nəvəmin müalicəsi üçün dövlətdən kömək istəyirəm.

Geri qayıt