Əsas Səhifə > Güney Press / Ana xəbər > Binəqədinin icra başçısından qeyri-adi qazanma üsulu
Binəqədinin icra başçısından qeyri-adi qazanma üsulu14-10-2014, 10:57 |
![]() Binəqədinin icra başçısı xələflərinin dövründə satılan torpaqların təftişinə göstəriş verib; Sabiq vergi işçisi olan yeni başçı iş adamlarından müxtəlif adlar altında xərac yığmaqla məşğuldur. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əvvəlki icra başçılarının dövründə satılan torpaqların təftişinə göstəriş verib. Artıq həmin torpaqlarda məskunlaşan sakinlər və iş adamları üçün ciddi problemlər yaranıb; üstəlik, həmin torpaqlarda evlər və obyektlər tikilib. Ancaq X.İsgəndərov həmin torpaqların bir hissəsini geri almaq, bir hissəsini isə yenidən köhnə sahibinə satmaq niyyətindədir. Bu barədə “Yeni Müsavat”a Binəqədidə fəaliyyət göstərən iş adamlarından biri məlumat verib. Mənbənin sözlərinə görə, X.İsgəndərov torpaqları yenidən köhnə sahibinə satmaqla yanaşı, yeni ev və ya obyekt tikməyə başlayanlardan da xərac toplayır. Bu barədə yuxarı instansiyalara saysız-hesabsız şikayətlər edilsə də, icra başçısı “xərac” yığımından nəinki əl çəkmir, əksinə, getdikcə “xəracların” səviyyəsi artır. Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib. Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu qiymətlər 1000-1500 manat, Biləcəridə 1500-2000 manat, Rəsulzadə qəsəbəsində 2000-3000 manat civarındadır. Mənbə icra başçısının “xərac” yığanlarının adlarını da açıqlayıb: “Xocahəsən, Sulutəpə ərazisində Mirpaşa, Rövşən və Çingiz, Biləcəridə Nicat, Rəsulzadə qəsəbəsində isə Rəfael adlı şəxslər ”xərac" toplamaqla məşğuldur. Nicatın X.İsgəndərovun xalası oğlu olduğu bildirilir və bu şəxsin özbaşınalıqları artıq hədd tanımır. Adları çəkilən şəxslər X.İsgəndərovun adından açıq-aşkar “bazarlıq” edirlər. Vətəndaşların obyektlərini və evlərini sökən bu şəxslər açıq şəkildə bildirirlər ki, onlara bu tapşırıqları kimsə yox, birbaşa olaraq icra başçısı Xaləddin İsgəndərov özü verir. Açıq şəkildə onlardan pul tələb edən icra hakimiyyətinin nümayəndələri onların qarşısına şərt qoyur. Ya inşaat yarımçıq qalacaq, ya da tikilən evlər söküləcək". Mənbə onu da bildirir ki, rayonun iş adamlarından “xərac” yığılması artıq ənənə halını alıb: “Rayon İcra hakimiyyətinin büdcəsi hesabına gerçəkləşməli olan layihələr faktiki olaraq ”xəraclar" hesabına həyata keçirilir. Büdcə vəsaitləri isə silinib şəxsi ciblərə axır. Xərac yığımı ilə bağlı dəfələrlə iş adamları yuxarı instansiyalara, o cümlədən də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Ancaq nəticəsi olmayıb. Sanki X.İsgəndərovun missiyası elə xərac yığmaq imiş". Mənbənin iddiasına görə, X.İsgəndərovun “xərac” yığanları hər axşam Sumqayıt yolunun üstündə olan “Neapol” restoranına yığışır, başçıya hesabat verirlər. Bəzi məlumatlara görə, restoran elə X.İsgəndərova məxsusdur. 1962-ci il təvəllüdlü X.İsgəndərov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universitetini) bitirib. Qubadlı rayonu İstehlak Cəmiyyətində, Abşeron rayonu təsərrüfat hesablı univermaqda, Xızı rayonu İstehlak Cəmiyyətində, “Azər” təsərrüfat hesablı müəssisədə çalışıb. 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı Şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə işləyib. 2012-ci ilin aprelində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. X.İsgəndərov vergilər naziri, son vaxtlar hakim elitanın önəmli simalarından birinə çevrilmiş Fazil Məmmədovun yaxın qohumudur. Binəqədidə yığılan “xərac”ların vergilər nazirinin göstərişi ilə yığılması barədə də məlumatlar dolaşır. Geri qayıt |