Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycandan İran əleyhinə kəşfiyyatı

Azərbaycandan İran əleyhinə kəşfiyyatı


7-10-2014, 12:50
Azərbaycandan İran əleyhinə kəşfiyyatı
Azərbaycanın öz ərazisindən İsrailə İrana qarşı kəşfiyyat aparmağa şərait yaratması haqdakı ittihamlar “Ceyms Bondun fantaziyaları”dır.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda İsrailin Bakıdakı səfiri Rafael Harpaz ABŞ-da nəşr olunan yəhudi qəzeti “The Algemenier”ə açıqlamasında deyib.

Qəzet xatırladır ki, Azərbaycanın cənub qonşusu olan İran dəfələrlə onu İsrail kəşfiyyatına öz ərazisindən Tehrana qarşı kəşfiyyat əməiliyyatları həyata keçirmək üçün şərait yaratmaqda ittiham edib. Həmçinin İran bu yaxınlarda eyham vurub ki, Natanz nüvə mərkəzi yaxınlığında vurulub salınan pilotsuz kəşfiyyat təyyarəsi İsrailə məxsus olub və Azərbaycan ərazisindən havaya qalxıb.

“The Algemenier” Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanovdan da bu ittihamlar haqda açıqlama alıb. Səfir deyib ki, Azərbaycan tamamilə müstəqil ölkədir və regionda hansısa münaqişələrdə yer almaq istəmir.

“Kiminsə işlərimizə qarışması bizim xoşumuza gəlmir. Ərazilərimizdən kiminsə başqasına qarşı istifadə etməsi mümkün deyil, biz buna yol verə bilmərik. Hətta bizə başqa ölkələrdən nümunə götürmək haqda mühazirələr oxuyanda da biz bunu qəbul edə bilmirik. Ona görə də ərazimizdən kiməsə qarşı istifadə Azərbaycanın ruhuna zidd olardı. Biz çox müstəqilik” - deyə səfir bildirib.

E.Süleymanovun sözlərinə görə, israillilər də bunu çox yaxşı bilirlər ki, Azərbaycan öz ərazisindən qonşularına qarşı hərbi məqsədlə istifadəyə heç vaxt yol verməyəcək.

“Axı biz nəyə görə buna yol verməliyik? Azərbaycan İranla normal dostluq münasibətləri saxlamaqda maraqlıdır” - deyə Süleymanov bildirib.

Səfir deyib ki, Azərbaycanın İsraillə münasibətləri hansısa ölkəyə qarşı yönəlməyib, o cümlədən İranla münasibətləri başqa ölkəyə qarşı deyil.

Geri qayıt