Əsas Səhifə > Güney Press / Ana xəbər > 5 aydır ki, təmirə bağlananan qəzalı binanın sakinləri narazılıq edir

5 aydır ki, təmirə bağlananan qəzalı binanın sakinləri narazılıq edir


1-10-2014, 15:01
5 aydır ki, təmirə bağlananan qəzalı binanın sakinləri narazılıq edir
Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 78/9 saylı qəzalı binanın sakinləri təmir bərpa işlərinin ləng getməsindən şikayətçidirlər.

Bu barədə sakinlər “Qafqazinfo”ya şikayət məktubu göndəriblər. Məktubda bildirilir ki, may ayının 29-da onlar yaşadıqları binadan İcra Hakimiyyətinin göstərişinə əsasən çıxarılıblar. Binada təmir işlərini “Gilan İnşaat” aparır. “Gilan İnşaat” dörd aydır ki, təmir işi ilə məşğul olur. Amma cəmi 8-10 fəhlə təmirdə çalışır:

“65 mənzilli, 6 bloklu binanı bu qədər fəhlə vaxtında təmir edə bilərmi? 5 aydır ki, zirzəminin təmirini belə başa çatdıra bilməyiblər.

Bizim kirayədə qaldığımız mənzillər övladlarımızın oxuduğu məktəbə çox uzaqdır. Artıq qış yaxınlaşır, soyuqlar düşüb. Biz binada təmir işlərinin tez zamanda yekunlaşmasını istəyirik”.

Sakinlərin şikayəti ilə əlaqədar Lənkəran rayon icra başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, 2004-cü ildə Lənkəranda binanın çökməsi zamanı insan təlafatı ilə nəticələnən hadisə baş verib: “Həmin hadisədən sonra şəhərdəki qəzalı vəziyyətdə olan binalarla bağlı Dövlət Komissiyası yaradıldı. Həmin binalar şəhərin relyefindən 50-60 sm aşağıda yerləşir. Orada qrunt suları yığılıb.

Zərifə Əliyeva küçəsi 78/1, 78/9 saylı binalarda təmir bərpa işlərinin aparılması üçün vəsait ayrılıb. Hazırda 78/1 saylı binada gücləndirilmə işləri başa çatmaq üzrədir. Yaxın 10 gün müddətində əhali öz evinə qayıda biləcək.

78/9 saylı binada isə təmir işləri əvvəlkindən bir ay sonra başlayıb. Bu adi təmir deyil ki, tez zamanda başa çatsın. Binanın zirzəmisində olan torpaq qatları, qrunt suları çıxarılır. Çətin proseslər yekunlaşmaq üzrədir. Ondan sonrakı işlər sürətli olacaq. Həmin binanın sakinlərinin də ay yarım ərzində öz evlərinə köçürülməsi nəzərdə tutulur”.

Geri qayıt