Əsas Səhifə > Güney Press / Ana xəbər > "Qarabağlıların münaqişənin həllində iştirakı qaçılmaz olacaq"
"Qarabağlıların münaqişənin həllində iştirakı qaçılmaz olacaq"24-09-2014, 13:57 |
![]() Nüfuzlu britaniyalı ekspert, ABŞ-ın Karnegi Fondunun proqram direktoru Tomas de Vall Qarabağ münaqişəsi mövzusunda növbəti müsahibə verib. Virtualaz.org saytı xəbər verir ki, ekspert Ermənistanın “Arminfo” agentliyinə müsahibəsində deyib ki, NATO-nun Uels sammitində ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüş məzmununa görə faktiki olaraq Putinin təşəbbüsü ilə keçirilən Soçi görüşünün təkrarı idi. “Elə oradaca Fransa prezidenti Fransua Olland Əliyevlə Sərkisyanln Paris görüşünün anons etdi. Belə təsəvvür yaranır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri indi bir-biri ilə əlaqəli yox, ayrıca fəaliyyət göstərirlər” - deyə Tomas de Vall bildirib. “Mən hesab etmirəm ki, onlar koordinasiyasız hərəkət edirlər. Yeganə istisna odur ki, prezidentlərin Soçidəki və Uelsdəki görüşləri digər ölkələrdən olan həmsədrlərin iştirakı olmadan keçirildi. Fikrimcə, prezidentlərin Paris görüşü artıq hər üç həmsədrin iştirakı ilə keçiriləcək” - deyə ekspert əlavə edib. Tomas de Vall bildirib ki, Ukrayna böhranına baxmayaraq ABŞ, Fransa və Rusiya hələ də Qarabağ məsələsi üzərində birgə işləməyə hazırdır. Onun dediyinə görə, Ukrayna hadisələri Qarabağ münaqişəsinin nizamlanması prosesinə də mənfi təsir göstərdi: “Azərbaycanlılar bu fikirlərində möhkəmləndilər ki, Ermənistanla Rusiyanın sıx ittifaqı Dağlıq Qarabağ ətrafında onlar üçün əlverişli olmayan status-kvonu təmin edir. Ona görə də Ukrayna hadisələrinin ümumi fonu və əks-sədası həmsədrlərin də işinə mənfi təsir edir”. Tomas de Vall Ermənistan və Azərbaycanda demokratiya problemlərinin münaqişənin nizamlanmasına təsiri haqda çox maraqlı fikirlər səsləndirib. Qeyd olunmalıdır ki, bu səpkidə fikirlər nüfuzlu beynəlxalq ekspertlər tərəfindən ilk dəfə irəli sürülür. Sitat: “Bu mənada ki, münaqişə ilə hər iki ölkədə hakimiyyət vertikalının ən yuxarısında yer alan məhdud sayda adamlar məşğul olur və bu məsələ inhisara alınıb. Əlbəttə, bu da münaqişənin nizamlanmasına zərər vurur. Onlar sadəcə olaraq cəmiyyətlərə imkan vermirlər ki, münaqişəni, onun həlli yollarını normal, dinamik şəkildə müzakirə etsinlər. Ancaq Ermənistanın və Azərbaycanın demokratikləşməsi ilə bağlı təhlükə də mövcuddur. Bu halda demokratikləşmə dalğasında hakimiyyətə radikal, patriotik əhvallı qüvvələr gələ bilər və onlar münaqişənin hərbi yolla həlli ilə müşaiyət olunan revanş tələb edə bilərlər. Ona görə də Qarabağ münaqişəsinin tərəfləri üçün əsl demokratiyaya keçidin ağrısız olacağını demək olmaz, hərçənd ki, bu, yekunda münaqişənin həlli üçün katalizator ola bilər. Bu, çox təhlükəlidir”. Tomas de Vall qondarma “DQR”in danışıqlar prosesində iştirakı haqda erməni tərəfinin hər fürsətdə irəli sürdüyü tezis haqda da danışıb. O deyib ki, Dağlıq Qarabağın hansısa məqamda danışıqlar prosesinin iştirakçısı olması qaçılmazdır. “Bəzi məsələlərin həllində onların iştirakı sadəcə olaraq zəruridir. Əlavə edirəm ki, bəzi məsələlərdə, məsələn, Şuşanın məsələsində, bu məsələdə Qarabağ azərbaycanlılarının da iştirakı zəruridir. Ancaq təəssüf ki, biz hələ bu səviyyəyə gəlib çıxmamışıq. Ona görə də mən hesab etmirəm ki, Bako Saakyanın danışıqlarda iştirakı,- ən azı indiki mərhələdə,- hansısa yeni və faydalı təşəbbüslərin meydana çıxmasına kömək edəcək. Bununla belə əminəm ki, hansısa mərhələdə qarabağlıların münaqişənin həllində iştirakı qaçılmaz olacaq” - deyə Tomas de Vall bildirib. Geri qayıt |