Əsas Səhifə > Güney Press / Ana xəbər > Əbülfəs Qarayevin Balakəndəki adamından xəbəri varmı?

Əbülfəs Qarayevin Balakəndəki adamından xəbəri varmı?


23-09-2014, 11:21
Əbülfəs Qarayevin Balakəndəki adamından xəbəri varmı?
Artıq bir müddətdir ki, Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsində bir sıra neqativ hallara, əyrintilərə imza atılır. Məhz elə bu səbəbdən də rayonun tarixi-memarlıq abidələri, eləcə də turizm mərkəzləri ciddi problemlərlə üz-üzə qalıblar. Məsələ ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, şöbə müdiri Ruqiyyət Seyidovanın fəaliyyəti nəticəsində rayonun bir sıra tarixi abidələri baxımsızlıq ucbatından məhv olmaq üzrədir.

Hazırda Balakəndə 5 mədəniyyət evinin, 25 klubun və 44 kitabxananın fəaliyyət göstərdiyini deyən məlumatlı şəxsin iddiasına görə, onların əksəriyyəti fəaliyyət göstərmir: "Yəni formal olaraq adları Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin siyahısında qeyd olunur, lakin özləri demək olar ki, gözə dəymirlər. Bir sözlə, xüsusilə kəndlərdə fəaliyyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitlərinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Yəni kağız üzərində fəaliyyət göstərən bu "mədəniyyət ocaqları" hər il dövlətin külli miqdarda vəsaitinin təyinatdankənar istiqamətlərə xərclənməsinə rəvac verir. Ayrılan vəsaitlərin hara sərf olunduğunu isə Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyət Seyidova bilir". Ruqiyyət Seyidovanın yaxın adamlarını müxtəlif vəzifələrə təyin etdiyini bildirən məlumatlı şəxsin sözlərinə görə, Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri tabeçiliyində çalışanlarla olduqca kobud davranır: "Rayondakı kənd klubları və mədəniyyət evləri hazırda vəsait silmə işindən başqa heç nəyə yaramır. Çünki kəndlərdəki çoxlu sayda klublar, mədəniyyət evləri formal olaraq fəaliyyət göstərirlər. Daha doğrusu, bu klublar sənədlərdə mövcuddur və bu klublarda çalışanların bir qismi "ölü canlar"dır. Balakənin bəzi kəndlərində yerləşən klublar çayxana kimi fəaliyyət göstərirlər".

Bu arada, əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, əsas qazanc yerlərindən biri də kənd mədəniyyət evlərində kağız üzərində fəaliyyət göstərən, olmayan dərnəklər və olmayan klubda çalışan mədəniyyət işçilərdir. Belə ki, bir sıra kəndlərdəki mədəniyyət evlərində fəaliyyət göstərən dərnəklər, həmçinin bəzi işçilər formal olaraq kağız üzrəndə fəliyyət gösətirir. Məhz bu klublardan və formal olaraq fəaliyyət göstərən dərnəklərin vasitəsilə hər ay büdcədən kifayət qədər vəsait silinir.

Rayonda turizmin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənmədiyini deyən məlumatlı şəxs iddia edir ki, Ruqiyyət Seyidovanın rəhbərlik etdiyi şöbəyə alınan inventar və avadanlıqlar, dəftərxana ləvazimatları, şöbə üçün görülməli olan işlərin dəyəri, təmir-tikinti işləri üçün ayrılan vəsait dəfələrlə artıq qiymətə sənədləşdirilir: "Məsələn, kompyuter dəsti, stol, stul, şkaf, tozsoran, xalça, kağız, qələm və digər avadanlıqlar bir neçə dəfə baha qiymətə sənədləşdirilir. Alınan inventar və avadanlıqların onlarla, yüzlərlə olduğunu nəzərə alsaq, bunun üçün sərf olunmuş vəsaitin nə qədər çox olduğunu yəqin etmək olar. Yəni qiymətlər "Dövlət satınalmaları haqqında" Qanunla tənzimlənən qiymətlər deyil. Axı necə ola bilər ki, bir inventar dəyərinin 3-5 qat artıq qiymətilə alınsın və buna əhəmiyyət verən olmasın?.. Üstəlik bütün alqı-satqı əməliyyatları pul ələ dəymədən həyata keçirilməli olduğu halda həmin məhsullar nəğd pulla alınıb. Bundan başqa, hər ay 5-6 nəfər mədəniyyət işçisi guya Bakı şəhərinə göndərilir və onlar üçün ezamiyyət vərəqləri yazılır. Halbuki onların da heç biri Balakən rayonunu tərk etmir, hər birinə üç günlük ezamiyyət pulu yazılır və daha sonra həmin pullar həmin şəxslərdən yığılır. Bunu sübut etməyin ən asan yolu ezamiyyətə gedənlərin gediş-gəliş biletlərinin həmin tarixə uyğunluğunu və onların Bakı şəhərində harada qaldıqlarını yoxlamaqdan keçir..."

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Geri qayıt