Əsas Səhifə > Güney Press / Ana xəbər > “Müsavat”ın hansı namizədi irəlidədir?
“Müsavat”ın hansı namizədi irəlidədir?22-09-2014, 16:21 |
|
Restoranlarla danışıqlardan heç bir nəticə əldə etməyən Müsavat Partiyasının funksionerləri BŞİH-nin onlara ayırdıqları yer üzərində dayanıblar. Öncədən nəzərdə tutulduğu kimi 27 sentyabr tarixində Müsavat Partiyası Əmircanda yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət evində qurultay keçirmək niyyətindədir. Partiyanın başqanlığına rəsmi qeydiyyatdan keçmiş şəxslər isə Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoydur. Hafta.az-a açıqlamalarında namizədlərin hər biri öz seçki təbliğatlarını bacardıqları çərçivədə apardıqlarını söyləyiblər. Onlarla bərabər namizədlərin tərəfdarları da bu təbliğatda yaxından iştirak edirlər. Namizədliyini ilk irəli sürən partiyanın divan üzvü Tural Abbaslını dəstəkləyənlər daha çox gənclərdir. Lakin namizədin Hafta.az-a açıqlamasında söylədiyi fikrə görə, nisbətən yaşlı nəsil müsavatçılarından da onun tərəfdarları az deyil. Daha çox sosial şəbəkələrdə şüarlar vasitəsilə təbliğatını aparan Tural Abbaslı, eyni zamanda, gənclərlə görüşlər də keçirir. O, sentyabrın 19-da ADP qərargahında gənclərlə növbəti görüşünü keçirib. Görüşdə 200-ə yaxın gənc iştirak edib. Namizəd hesab edir ki, o partiyada yeniliklər yaradacaq. Yeniliyin tərəfdarı olan, gəncliyin irəlidə görünməsini istəyənlər isə ona səs verəcək. Namizədliyini yuxarıdakı sıraya uyğun olaraq ikinci irəli sürən Arif Hacılı isə daha çox rayon təşkilatları ilə sıx görüşlər keçirir. Hafta.az-ın məlumatına görə, ötən həftə namizəd Gəncə, Samux rayonlarında qurultay nümayəndələri ilə görüşüb. Sosial mediada aparılan sorğunun nəticəsinə görə, Arif Hacılının tərəfdarlarının daha çox rayon təşkilatlarının üzvləri və köhnə müsavatçılardır. Keçirilən sorğularda Arif Hacılı digər namizədlər arasında ən çox səs toplayıb. İndiki vəziyyətə görə Arif Hacılının əsas rəqibi isə Qubad İbadoğlu hesab olunur. Partiyanın divan üzvləri arasında aparılan sorğuda onların Qubad İbadoğlunu dəstəklədiyi məlum olub. Rayon təşkilatları ilə intensiv görüşlər aparan Q.İbadoğlunun seçki təbliğatında yaxından iştirak edənlərdən biri də partiyanın keçmiş başqan müavini Vurğun Əyyubdur. V.Əyyub Hafta.az-a müsahibəsində Q.İbadoğlunun hər yerdə təbliğatını apardığını, namizədlər arasında onun alternativinin olmadığını söyləyib. Özünün də bildirdiyi kimi, Qubad İbadoğlunu əsas təbliğat vasitəsi media və keçirdiyi görüşlərdir. Başqanlığa namizədliyinin yuxarıdakı sıralamamıza uyğun olaraq sonuncu verən Səxavət Əlisoy isə partiyanı tərk etmiş keçmiş üzvlərdən kömək istəyib. Müsavat Partiyasını tam dəyişmək iddiasında olan Səxavət Əlisoy keçmiş müsavatçılara müraciət edərək bildirib: “Dostlar, sizlər həyatınızın mühüm bir kəsimini Müsavat Partiyasının quruculuğuna, dirçəlməsinə, Azərbaycanda ən güclü müxalif siyasi quruma çevrilməsinə həsr etmiş fədakar insanlarsız. Partiyadan kənarda qalmaq sizlər üçün çox ağırdır. Partiyanın bugünkü gərgin durumunu kənardan müşahidə etmək sizlərə ağır gəlir. Bir çoxları şəxsi söhbətlərdə bunu açıq etiraf edir. Dostlar, yuvanıza, evinizə dönün. Qayıdın “Müsavat”a və 103 yaşlı bu qocaya yenidən dayaq olun. Əminəm ki, bunu etsəniz, həm özünüz rahatlıq taparsınız, həm də Müsavat Partiyası güclənmiş olar”. Ekspertlərin bir çoxunun və ziyalıların fikirlərinə görə, Müsavat Partiyasının gələcək başqanı Qubad İbadoğlu olacaq. Lakin hazırda ən aktiv namizədlərdən biri də Arif Hacılıdır. Geri qayıt |