Əsas Səhifə > Güney Press / Ana xəbər > İtaliyada keçmiş komik Azərbaycan qazına qarşı çıxdı

İtaliyada keçmiş komik Azərbaycan qazına qarşı çıxdı


22-09-2014, 12:59
İtaliyada keçmiş komik Azərbaycan qazına qarşı çıxdı
Azərbaycan qazını Avropa bazarlarına çıxaracaq iki kəmər layihəsindən birinə - TAP-a (Transadriatik Qaz Kəməri) qarşı İtaliyada etirazlar yeni xarakter alıb.

Virtualaz.org saytı xəbər verir ki, Bakıda Cənub qaz dəhlisinin təməlinin qoyulması münasibətilə təntənəli mərasimin keçirilməsinin ardınca İtaliya parlamentində təmsil olunan, anti-isteblişment mövqeli “5-ulduzlu Hərəkat”ın (5-Star Movement-M5S) lideri, keçmiş komediya aktyoru Beppe Qrillo bazar günü bəyan edib ki, TAP kəmərinin ölkə ərazisindən keçməsi üçün referendum keçirilməlidir.

“Röyter”in və İtaliya mediasının xəbərlərinə görə, İtaliyanın cənubunda, kəmərin keçəcəyi Apuliya bölgəsində çıxış edən B.Qrillo TAP-ı “faydasız layihə” və “elmi fantastikanın məhsulu” adlandırıb. O, Apuliya bölgəsinin sakinlərini kəmərin tikintisinə imkan verməməyə çağırıb.

Alovlu nitqləri ilə tanınan və bunun sayəsində ötən il keçirilən parlament seçkilərində başçılıq etdiyi hərəkatın 25 faiz səs yığmasına nail olan, ancaq Avropa Parlamentinə keçirilən son seçkilərdə elektoratının bir hissəsini itirən B.Qrillo deyib ki, TAP kəməri bölgədə turizmə və təbii landşafta zərər vuracaq. Ona görə də bu kəmərin çəkilməsinə hökumət yox, bölgədə yaşayan insanlar qərar verməlidir.

“Əgər onlar Apuliyanın hər hansı hissəsində bu kəməri çəkmək üçün gəlsələr, biz buna imkan verməyəcəyik. Hətta onlar öz ordularını da gətirsələr, biz də öz ordumuzu onlara qarşı qoyacağıq” - deyə B.Qrillo bildirib.

Bakıda Cənub qaz dəhlizinin təməli qoyulanda İtaliyanın Apuliya bölgəsində B.Qrillonun başçılığı ilə TAP-a qarşı yürüş olub və kəmərin çəkilməsinə etiraz edənlər 8 kilometr məsafədə yürüş edərək kəmərin çəkilməsinə imkan verməyəcəklərini ifadə ediblər.

Ötən həftə İtaliya hökuməti TAP kəmərinin çəkilməsinə dair ev sahibi hökumət anlaşmasını təsdiqləyib. Kəmərin bir hissəsi zeytun bağları ilə məşhur olan Apuliya bölgəsindən keçməlidir. Neçə vaxtdır ki, bölgədə TAP-a qarşı etirazlar baş qaldırıb.

Geri qayıt