Əsas Səhifə > Güney Press / Ana xəbər > Gədəbəyin icra başçısı hansı səbəbdən 10 gündür işə çıxmır?

Gədəbəyin icra başçısı hansı səbəbdən 10 gündür işə çıxmır?


19-09-2014, 13:02
Gədəbəyin icra başçısı hansı səbəbdən 10 gündür işə çıxmır?
Qəzetimizin ötən saylarında Gədəbəydə ayrı-ayrı məmurların, xüsusən icra strukturunun rəhbəri Ramiz Yediyarovun, bu orqanın rəsmi şəxslərinin rayonun ayrı-ayrı sakinlərinə qarşı bir sıra qanunsuzluqlar törətdiyini xəbər vermişdik. Bildirmişdik ki, ölkəmizin ən geridə qalan rayonlarından olan, dağlarla əhatə edilən və düşmən Ermənistanla üzbəüz mövqedə yerləşən Gədəbəydəki əsas problemlərdən biri də Ramiz Yediyarov və onun əlaltılarının əməlləridir. Əfsuslar olsun ki, icra başçısının özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə səbəb olub.

Bu yaşayış məskənində insanların sosial durumu hər gün ağırlaşmaqdadır. Gədəbəy rayon sakinlərinin söylədikləri bir daha sübut edir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və digər məsul vəzifəli şəxslər barəsində söylənilənlər həqiqəti əks etdirir. Redaksiyamıza Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun fəaliyyətində müşahidə olunan qanun pozuntularına dair daxil olan məlumatlar bu məmurla bağlı ciddi ölçü götürməyin zamanının yetişdiyini göstərir. Artıq neçə müddətdir ki, qəzetimizin səhifələrində həmin məlumatlar əsasında hazırlanmış materiallar dərc olunsa da, rayondakı qanunsuzluqlara hüquqi müstəvidə qiymət verilmir. Sakinlərdən, iş adamlarından aldığımız məlumatlarda vurğulanır ki, bu gün ölkə prezidenti cənab İlham Əliyev işğalçı Ermənistanla üzbəüz mövqelərdə yerləşən Gədəbəy rayonunda quruculuq-abadlıq işlərinin görülməsi, əhalinin sosial rifahının yüksəldilməsi və işsizlik probleminin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi halda, yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin ağırlaşmasına rəvac verir. Sakinlərin, xüsusən bu rayondan olan iş adamı Oqtay Əliyevin söylədiklərində xüsusi olaraq qeyd olunur ki, 2012-ci ildə Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediləndən sonra yerli əhalini narahat edən problemlərin sayı sürətlə artmağa başlayıb. Bütun bunlar onu göstərir ki, çoxsaylı tənqidlərə baxmayaraq, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov yerli əhaliyə problem yaratmaqda davam edir. Sadalananlar, habelə hazırkı icra başçısından Bakıya şikayətlərin çoxalması, rayon vətəndaşlarının sosial problemlərinin artması onu göstərir ki, son 2 ildə rayonda məmur özbaşınalığı pik həddədir. Ramiz Yediyarovun rəhbərliyi altında burada baş verən proseslər, xüsusən də rayon rəhbərliyinin yerli əhaliyə qarşı nümayiş etdirdiyi yolverilməz münasibət artıq elə bir həddə çatıb ki, yaşayış məskənində yaranmış böhran vəziyyətinin normallaşdırılması üçün ən yuxarı instansiyalar səviyyəsində bu məsələlərə qiymət verilməlidir. Əgər belə olmasa, Gədəbəydən sadə vətəndaşlar tərəfindən ölkə prezidentinə ünvanlanmış şikayət ərizələrin sayı getdikcə daha da çoxalacaq.

İcra başçısı Gədəbəydə sahibkarlığın və turizmin inkişafına əngəl yaradır. Rayon rəhbəri ölkənin mövcud qanunvericiliyinə hörmətsizlik nümayiş etdirir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun sakinlərə qarşı sərgilədiyi rəftarı, onların problemlərinə etinasızlığı və digər yolverilməz əməlləri isə rayonun vətəndaşlarına ciddi problemlərin yaranmasına səbəb olur. Dünən rayondan redaksiyamıza telefon açan sakin bildirdi ki, Gədəbəyin icra başçısı Ramiz Yediyarov artıq 10 gündür ki, işə çıxmır. Başçının səhhətində ciddi problemlərin yarandığı bildirilir. Redaksiyamıza daxil olan xəbərdə deyilir ki, başçının ətrafı onun işə çıxmamasını ciddi-cəhdlə gizlətməyə çalışır. Qaynağımızın sözlərinə görə, bunun da özəl səbəbi var. Qeyd edək ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Ramiz Yediyarovun 14 saylı Vergilər İdarəsinin rəisi olarkən gizlətdiyi, ört-basdır etdiyi faktlar haqda məlumatlar işıqlandırılıb. Bu materiallarda onun Gədəbəy xəstəxanasına xidmət edən podratçı təşkilatların vergi fəaliyyətini yoxlayaraq külli miqdarda vergidən yayınma aşkar etməsi və rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovun vasitəçiliyi ilə külli miqdarda vəsait müqabilində bu faktı ört-basdır etməsi iddia olunur. Bu və başqa faktların üzə çıxması yuxarı instansiyaların Ramiz Yediyarova sərt təpkilərin gəlməsinə səbəb olub. Məhz bu səbəbdən onun fəaliyyətinin qeyri-rəsmi yoxlanmasına qərar verilib. Redaksiyamıza telefon açan sakin bildirdi ki, qeyri-rəsmi olaraq Ramiz Yediyarovun 14 saylı Vergilər İdarəsinin rəisi olarkən rəhbərliyi altında aparılmış yoxlamaların nəticələri də təftiş ediləcək. Qeyd edək ki, Ramiz Yediyarovun başçılığı altında bir müddət əvvəl Gədəbəy Rayon Təhsil Şöbəsində xidmət edən podratçı təşkilatlarda yoxlama olub. Nəticələr Səhiyyə Şöbəsində olduğu kimi açınacaqlı olsa da, ört-basdır edilib. Gec də olsa, bu faktın üzə çıxarılması başçının vəziyyətini bir qədər də ağırlaşdırıb. Obyektləri dağıdılmış yerli sakinlərin hüquq-mühafizə orqanlarına bu qanunsuzluqların aradan qaldırılması üçün müraciət etməyə hazırlaşması xəbəri isə icra başçısı tərəfindən vahiməylə qarşılanıb. Məhz həmin səbəbdən o, neçə gündür işə çıxmır.

Bu rayondan olan iş adamı, xeyriyyəçi, Gədəbəyin inkişafı üçün çalışan Plankənd kənd sakini Oqtay Əliyevin qiyməti 150 min manatdan artıq olan qanuni, sənədli obyektinin icra orqanının məmurları tərəfindən sökülməsi, dağıdılaraq kimlərsə tərəfindən oğurlanması, habelə digər qanunsuzluqlar Ramiz Yediyarovun nöqsanlarının yolveriliməz olduğunu göstərir. Oqtay Əliyev bildirir ki, sadəcə, müəyyən vasitələr, məsələlər var ki, onun məktubu, teleqramı Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Ramiz Yediyarovun təsiri altındamı, yoxsa kimlərisə "gör"məsindənmi, gedib müvafiq orqanlara çatmır: "Əgər məktub və teleqramlarım ünvanlarına çatarsa, mənim şikayətim dərhal təmin olunar. Mən buna qəti şəkildə arxayınam, əminəm. Qeyd edim ki, artıq növbəti dəfə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun əməllərindən, onun qiyməti 150 min manatdan artıq olan qanuni, sənədli obyektin icra orqanının məmurları tərəfindən sökülməsi haqda qanunsuz tapşırıq verməsindən, habelə Gədəbəy rayon prokurorundan, Gədəbəy rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Anar Nağıyevdən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına, Milli Təhlükəsizlik Nazirliyinə, Prezident Administrasiyasına, Respublika Prokurorluğuna, eləcə də digər orqanlara teleqram, məktub vasitəsilə müraciət etdim".

Rayonda hər hansı iş adamı imkanı daxilində harada nə açmaq, yaratmaq istəyirsə, süni maneələr olmadan fəaliyyət göstərə bilmir.

Bir müddət əvvəl redaksiyamıza Zərifə Əliyeva adına Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar barədə kifayət qədər konkret faktlara söykənən faktları sizə təqdim etmişdik. Həmin faktlarda qeyd olunur ki, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının girişini faktiki olaraq baş həkimin obyektləri bağlayıb. Amma Ramiz Yediyarov buna nəyə görəsə göz yumur. Bu faktlarda rayon sakinlərinin iş yerlərini bir anın içində darmadağın edən icra başçısına belə bir sual da ünvanlanmışdı: "Niyə asanlıqla başa gəlmiş bu obyektlərin ləğv edilməsini təmin etmirsiniz? Bəlkə bu gecəqondu evlərinə oxşayan tikililər memarlıq incisidir?" İş adamı, xeyriyyəçi Oqtay Əliyev də bu faktın araşdırılması zəruriliyinə toxundu: "Gedib meşədə qanuni obyektimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan ərazidəki əyləncə-istirahət mərkəzini sökürlər. Halbuki Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının giriş qapısını bağlayıblar. Xəstəxananın balansında olan ərazini, onun həyətini sataraq obyekt ediblər. Hal-hazırda burada "Nur" kafesi və "Nur" market fəaliyyət göstərir. İcra hakimiyyəti bunu pul alıb edir də. Görkəmli akademikimiz Zərifə Əliyevanın adını daşıyan Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının əsas giriş qapısını bağlayıb, başqa yerdən qapı açıblar. Bu, hansı qanuna uyğundur? Niyə buna göz yumur? Çünki ortada başqa məsələlər var. Korrupsiya buradan başlayır. Mən bunların da fotolarını çəkib aidiyyəti orqanlara təqdim edəcəyəm ki, baxın. Ramiz Yediyarov baş həkimlə birlikdə pul alıb Zərifə Əliyevanın adını daşıyan Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının əsas giriş qapısını bağlatdırıb, həmin ərazini sata bilərmi? Əgər xəstələr ora bir neçə dəqiqə gec getsələr, bu, ölümlə nəticələnə bilər. Çünki əsas giriş qapısı bağlıdır. Halbuki mənə məxsus qanuni obyekti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan ərazidəki əyləncə-istirahət mərkəzini qanunsuz olaraq söküblər. Bu cür haqsızlığa kim göz yumar? Belə ədalətsizlik etmək olarmı? Rayonun bütün sakinləri Zərifə Əliyevanın adını daşıyan Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının əsas giriş qapısını bağlı olmasından şikayət edirlər".

Gədəbəyin zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi, hələ istifadə edilməmiş imkan və ehtiyat mənbələri mövcuddur. Bu isə, şübhəsiz, azad sahibkarlığın sürətli inkişafı üçün olduqca münbit şəraitin mövcudluğundan xəbər verir. Lakin təəssüf ki, rayonun icra orqanlarının bəzi nümayəndələri sahibkarların fəaliyyətinə təsir göstərir, özlərinin subyektiv maraqlarını təmin etməyə səy göstərirlər: "Meşədə mənə məxsus olmuş qanuni obyektin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan ərazidəki əyləncə-istirahət mərkəzinin qanunsuz olaraq sökülməsi bütün turistlərin, rayon sakinlərinin narazılığına səbəb oldu. Onlar hamısı baş verənlərdən şikayət edirlər. Amma təəssüf ki, şikayətimiz gedib, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına çatmır. Ümidvarıq ki, bu, bir gün ölkə başıçısına çatacaq".

Bu rayondan olan iş adamı, xeyriyyəçi, Gədəbəyin inkişafı üçün çalışan Plankənd kənd sakini Oqtay Əliyev rayon icra hakimiyyəti başçısının müavini Rüstəm Nağıyevin ona məxsus obyektin söküntüsü zamanı göstəriş verdiyini vurğulayaraq, bununla bağlı fotoşəkillərin, videogörüntülərin olduğunu diqqətə çatdırdı: Məndəki fotoşəkildə də sübut edilir ki, polislərin hamısı ordadadır. Onlar dağıntı prosesində iştirak edirlər. Eləcə də rayon icra hakimiyyəti başçısının müavini Rüstəm Nağıyev...Bu faktlar danılmazdır".
\\ gundelik-baki \\
Geri qayıt