Əsas Səhifə > Güney Press / Ana xəbər > İlham Mirzəyevin İttiham Aktı aləmi qarışdırdı

İlham Mirzəyevin İttiham Aktı aləmi qarışdırdı


16-09-2014, 12:22
İlham Mirzəyevin İttiham Aktı aləmi qarışdırdı
“Təzadlar”ın son saylarında dələduzluqda ittiham olunaraq həbs olunmuş keçmiş teleaparıcı İlham Mirzəyevin barəsində olan İttiham Aktının dərci (Ölkə KİV-ləri də “Təzadlar”a istinadla dərc etməkdədir) görünməmiş reaksiya ilə müşayiət olundu. Belə ki, “Təzadlar”a verilən məlumata görə, hakim Məzahir Sadıqov həmin sənədin qəzetə necə çatdırılması ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün vəkilləri məhkəmədənkənar yanına çağırıb, onlardan bu işin kimin tərəfindən edildiyini öyrənməyə çalışıb. Lakin vəkillər İttiham Aktının qəzetə ötürülməsindən xəbərsiz olduqlarını bildiriblər.

Düzdür, İlham Mirzəyevin keçmiş vəkili Adəm Məmmədov saytların birinə açıqlamasında məsələyə belə münasibət bildirib: “Vəkil bu gün (11.09.2014.) Mirzəyevin cinayət işində ittiham aktının mətbuatda (Oxu: “Təzadlar”da - red.) yer almasına münasibət bildirib: “Gərək jurnalistlər İlham Mirzəyevlə bağlı olan ittiham aktını mətbuata açıqlamayaydılar. Bu, düzgün olmadı. Orada bir neçə şəxsin də hüquqları pozulub...”.

Vəkil, həmçinin İlham Mirzəyevin hüquqlarını müdafiə etməkdən imtinasının səbəbini də açıqlayıb: “Mən artıq məhkəmədə İlham Mirzəyevi təmsil etmirəm... Mən bir ay burda olmayacağam. Hələ ki, onun hüquqlarını Xanlar Bayramzadə qoruyacaq. Mən məhkəmə ilə bağladığım müqaviləni pozmadım. Əlavə məhkəmə ilə müqavilə bağlamaq lazım idi. Mən də əlavə müqaviləni bağlamadım”.

Vəkilin İttiham aktının dərci ilə bir neçə nəfərin hüquqlarının pozulması məsələsinə toxunmasına gəlincə, “Təzadlar” olaraq bunu əvvəldən nəzərə almışıq və İttiham Aktının ayrı-ayrı hissələri dərc edildikcə zərərçəkənlərin və hal şahidlərinin, əməliyyatçıların adları şərti göstərilib. Hətta bəzi incə, şəxsi həyata aid məsələlər də var ki, biz onu konteksdən çıxarmışıq.

Bəs İlham Mirzəyev həbs olunarkən seyfindəki 500 min manat necə olub ki, əməliyyatçıların gözündən yayınıb?

Ötən saymızda xəbər verdiyimiz kimi, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməliyyatçıları keçmiş teleaparıcını kabinetində həbs edərkən onun seyfində 500 min manat pul olub. Əməliyyatçılar kabinetdə axtarış apararkən bu pul saxlanılan seyfi aparmaq istəyiblər, amma... Redaksiyamıza verilən məlumata görə, həmin vaxt hadisədən xəbər tutan İlham Mirzəyevin adamlarından biri dərhal hadisə yerinə gəlir və əməliyyatçılara bəzi hüquqi qanunvericiliyi izah edir, seyfin aparılmasına, sadə dildə desək, mane olur. Lakin ümumi razılığa gəlinir ki, seyfin ağzı möhürlənsin, içərisindəki həbsə aidiyyəti olmayan məhkəmə sənədləri və order əməliyyatçıların iştirakı ilə götürüləndən sonra seyfdəki digər maddi sübutlar götürülə bilər. Və əməliyyatçılar buna inanaraq çıxıb gedirlər, sonradan isə İlham Mirzəyevin kimliyini açıqlaya bilmədiyimiz yaxınlarından biri onun ofisinə gələrək özündəki açarla seyfi açıb içərisindəki pulları götürüb aparmışdır və s. Lakin hələlik bu faktı dəqiqləşdirə bilməmişik...

***

Xatırladırıq ki, söhbət hazırda Nərimanov Rayon Məhkəməsində cinayət işi üzrə məhkəmə istintaqı başlanmış keçmiş teleaparıcı İlham Mirzəyevdən gedir. Artıq cinayət işi üzrə məhkəmənin hazırlıq iclası da keçirilmişdir. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir. İlham Mirzəyev isə prosesin qapalı keçirilməsini istəyir.

Geri qayıt