Əsas Səhifə > Güney Press / Ana xəbər > Apreldə tutulan üç nurçu tələbə azadlığa buraxıldı

Apreldə tutulan üç nurçu tələbə azadlığa buraxıldı


13-09-2014, 15:29
Apreldə tutulan üç nurçu tələbə azadlığa buraxıldı
Bu ilin aprel ayında Azərbaycanda nurçuların dərshanəsinə polis basqını zamanı həbs edilən tələbələr azadlığa buraxılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda nurçuluq təriqətinə bağlı (bu təriqətlə Fətullah Gülən təriqəti fərqlidir-red.) “Risaehaber” saytı özəl mənbələrə istinadən bildirir.

Məlumatda deyilir ki, nurçuların dərshanəsinə basqın və tələbələrin həbsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri zamanı prezident İlham Əliyevlə danışıqlarda yenidən gündəmə gəlib. Bu müzakirələrdən qısa müddət sonra “nur tələbələri” azadlığa buraxılıb.

Aylardır həbsdə saxlanılan İsmayıl Məmmədov, Eldəniz Hacıyev və Rəvan Səbzəliyev adlı tələbələr həbsxana çıxışında digər nurçular və yaxınları tərəfindən qarşılanıblar.

“Azəri nur tələbələri yanlış anlaşılmaya görə həbs edildiklərini, "Risaleyi-Nur" hərəkatının imanı xilas etmə davası olduğunu və hər hansı siyasi məqsədlərinin olmadığının bir daha üzə çıxdığını söylədilər” - deyə xəbərdə bildirilir.

Xatırladaq ki, Bakıda və digər şəhərlərdə nurçu dərshanələrinə polis basqınları Türkiyədə Fətullah Gülən təriqəti ilə Ərdoğan arasındakı qarşıdurmadan sonra həyata keçirilmişdi. Belə görünür ki, Azərbaycan polisi nurçuların da elə fətullahçılar olduğunu düşünərək bu həbsləri həyata keçirib. Lakin Fətullah Gülənin təriqəti əsası Səidi Nursi tərəfindən qoyulan nurçuluq təriqətindən ayrıdır.

Geri qayıt