Əsas Səhifə > Güney Press / Ana xəbər > Avropa İttifaqının Ukrayna avantürasının acı sonu
Avropa İttifaqının Ukrayna avantürasının acı sonu13-09-2014, 13:53 |
![]() Avtropa İttifaqı (Aİ), Rusiya və Ukrayna arasında cümə günü əldə edilmiş razılaşmaya əsasən Ukraynanın Aİ ilə azad ticarət zonası barədə sazişinin (Assosiasiya sazişi ) icrası 2015-ci ilin sonunadək təxirə salınır.Bu məlumatı Aİ-nin ticarətkomissarı Karl de Quxt elan edib. Virtualaz.org saytı xəbər verir ki, Karl de Quxt sazişin qüvvəyə minməsinin təxirə salınmasına baxmayaraq Aİ-nin Ukraynadan Avropaya ixrac olunan mallara verilmiş imtiyazlı tarifləri dayandırmayacağını elan edib. Lakin Avropadan Ukraynaya gətirilən mallara əvvəllər olduğu kimi köhnə tariflər şamil ediləcək. Avropa İttifaqının ticarət komissarı “Röyter” agentliyinə bildirib ki, sazişin təxirə salınması sonradan qalxa biləcək bir sıra problemlərin müzakirəsinə imkan yaradacaq. De Quxt əlavə edib ki, belə bir qərar Ukraynada sabitliyin qorunub saxlanmasına kömək edəcək. Bundan bir qədər əvvəl Aİ-nin ticarət komissarı Ukrayna və Rusiya nümayəndələri ilə ayrıca danışqılar aparmışdı. Təxirə salma barədə sazişdə deyilir ki, əldə olunmuş keçid müddətində Rusiyanı narahat edən məsələlər müzakirə olunacaq. Xatırladaq ki, Aİ ilə Assosiasiya sazişi Ukraynanın başına gələn indiki bəlaların əsas səbəbidir. 2013-cü ilin payızında Viktor Yanukoviç Assosiasiya sazişinin imzalanmasının təxirə salınmasına dair qərarı “Avromaydan” hərəkatını başlatmışdı və bu hərəkat sonda Yanukoviçin devrilməsinə, Kiyevdə Aİ-nin və ABŞ-ın dəstək verdiyi siyasi qüvvələrin hakimiyyəti ələ almasına və Rusiyanın çox keçmədən aqressiv cavab addımlarına gətirib çıxarmışdı. Yanukoviçi devirib hakimiyyətə gələn qərbmeylli qüvvələr dərhal Aİ ilə Assosiasiya sazişinin imzalanmasına qərar verdilər, Rusiya isə bir neçə günün içində Krımı zəbt etdi. Bunun ardınca Ukraynanın şərqində separatçılıq hərəkatı başlatdı və bu hərəkat Donbasda minlərlə adamın həlak olmasına, Ukraynanın şərq ərazilərini faktiki itirməsinə səbəb olan müharibəyə keçdi. Ukraynanı Aİ ilə saziş imzalamağa çağıran və “Avromaydan” hərəkatını maliyyələşdirən Qərb isə bütün bunlara mane ola bilmədi. Nəhayət, Ukrayna ordusunun Rusiyanın Donbasa yeritdiyi qüvvələr qarşısında ağır məğlubiyyətə uğrayaraq öz mövqelərini əldən verməyə başlamasından sonra prezident Pyotr Poroşenko Rusiyanın təklif etdiyi atəşkəs razılaşmasını imzalamalı oldu. Ukraynanın yeni prezidenti Pyotr Poroşenko sazişin iqtisadiyyat hissəsini iyunun 26-da imzalamışdı. Siyasi hissə bundan əvvəl, hələ mart ayında imzalanmışdı. İndi Avropa rəsmiləri etiraf edirlər ki, Ukrayna-Avropa sazişinin təxirə salınması Moskva ilə mümkün qarşıdurmadan yan keçmək niyyəti ilə bağlıdır. Bununla belə, əldə olunmuş üçtərəfli razılaşmaya baxmayaraq Avropa və Ukrayna parlamentləri Assosiasiya sazişini planlaşdırıldığı kimi bu həftə ratifikasiya edəcəklər. Moskva, Kiyev və Brüssel arasında əldə olunmuş razılığa əsasən Ukrayna Avropadan idxal olunan mallara köhnə rüsumları tətbiq etməkdə davam edəcək. Karl de Quxt bildirib ki, bu, Moskvanın tələblərindən biri idi. O, etiraf edib ki, iki tərəf arasında imzalanmış sazişə üçüncü tərəfin, yəni Rusiyanın müdaxiləsinə yol veriməsi pis presendentdir. “Lakin dünya pis presedentlər üzərində qurulub” - deyə Avropa komissarı bildirib. De Quxt ümid etdiyini bildirib ki, belə bir güzəşt Ukraynada yaranmış çox təhlükəli vəziyyətlə bağlı olub: “Çox mürəkkəb vəziyyətdir, müharibə vəziyyətidir. 14 aylıq ləngimə ilə dünya dağılmayacaq”. Moskva Kiyev və Brüssel arasında imzalanmış Assosiasiya sazişinə etiraz edərək xəbərdarlıq edirdi ki, əgər saziş noyabrın 1-dən qüvvəyə minərsə, Rusiya Ukrayna ilə bütün güzəştli ticarətini dayandıracaq. Rusiya hədələyərək işarə etmişdi ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi onun Avropa İttifaqı ilə sazişinin icrasından asılı olacaq. Bu baxımdan böyük ehtimalla belə demək olar ki, sazişin təxirə salınması indi elan edildiyi kimi 14 aylıq deyil, daha uzunmüddətli, hətta müddətsiz olacaq. Çünki Donbasdakı müharibəni dayandırmaqla və Ukraynanın şərq ərazilərini faktiki nəzarət altına alıb Kiyevə güclü təzyiq rıçağı əldə etməklə Moskva bu qalmaqallı sazişin qüvvəyə minməsini istisna edir. Əgər Kiyev Krımın itirilməsi, Donbasda “Novorossiya” adlı mücərrəd “dövlətçilik modelinin” meydana çıxması qarşısında geri çəkilməyib Assosiasiya sazişi naminə bir qədər də irəli getsəydi, o zaman Mariupol və Odessanın itirilməsi də daxil olmaqla daha hansı fəlakətlərlə üzləşməli olardı? Axı Kiyevdə “avromaydançılara” kökə paylayanlar Ukraynanı Rusiyanın hərbi gücü qarşısında tək qoydular və sanksiyalardan uzağa gedə bilmədilər. Və Avropa İttifaqının, Qərbin Ukrayna avantürasının - Ukrayna da daxil olmaqla bir neçə keçmiş sovet respublikasını Avropanın iqtisadi-siyasi nüfuz dairəsinə daxil etməyə yönəlmiş Şərq Tərəfdaşlığı təşəbbüsünün iflasa uğradığı göz önündədir. Bu avantüranın Ukraynaya hansı itkilər hesabına başa gəldiyini təkrarlamağa isə ehtiyac yoxdur. Habelə Azərbaycan rəhbərliyinin lap əvvəldən Assosiasiya sazişi avantürasından uzaq durmasının nə dərəcədə ağıllı addım olduğu indi növbəti dəfə sübut edilir. Geri qayıt |