Əsas Səhifə > Güney Press / Ana xəbər > Sakinlər Nizami bələdiyyəsindən narazılıq edirlər...

Sakinlər Nizami bələdiyyəsindən narazılıq edirlər...


2-09-2014, 12:52
Sakinlər Nizami bələdiyyəsindən narazılıq edirlər...
Görəsən, nə zamansa, bizlər də digər xarici dövlətlər kimi, bələdiyyələrin işindən razı olcağıq? Bunu deməyimizin əsas səbəbi bu gün bələdiyyələrin fəaliyyətsiz, əksər qanunsuz işləri həyata keçirən qurum kimi tanınmasıdır. Qanunda təsbit olunmuş maddələrlə bələdiyyələrin qarşısına qoyulan bir sıra ciddi vəzifələr var. Əslində, bələdiyyələrin əsas məqsədi ərazidə yaşayan əhalinin ictimai, sosial-məişət problemlərini həll etməkdir. Lakin bələdiyyələr əksər hallarda hələ də, rayon icra hakimiyyəti orqanlarının bir strukturu qismində çıxış edirlər. Ümumiyyətlə, bəzi bələdiyyələr üzərlərinə düşən öhdəliklərin nədən ibarət olduğunu belə, bilmirlər. Bildiyimiz kimi, hər rayon üzrə fəaliyyət göstərən bələdiyyələr var.

Və həmin bələdiyyələr rayon ərazisindəki onların səlahiyyətlərində olan işlərə cavabdeh olur, lazımi işləri görməlidirlər. Amma təəssüflər olsun ki, bu gün çox az sayda, hətta barmaqla sayılacaq dərəcədə öz işlərininin öhdələrindən gələn bələdiyyələr var. Hətta bələdiyyələrlə bağlı nəinki paytaxt Bakıdan, bölgələrdən də, zaman-zaman şikayətlər daxil olur. Bizlər də, hər dəfə çalışırıq ki, mövcud problemləri işıqlandıraq, məsələnin həllinə heç olmasa, yardımçı olaq. Bu gün söhbət açacağımız rayon, Nizami rayon bələdiyyəsidir. Belə ki, rayon sakinləri Nizami rayonunda bələdiyyənin fəaliyyətindən elə də, razı deyillər. Qeyd edək ki, hazırda Nizami rayon bələdiyyəsinin sədri Vüqar Quliyevdir. Sakinlər bildirirlər ki, rayonda olan bəzi yollar, parklar bərbad durumdadır. Bu gün bir çox qəsəbə və rayonlarda bələdiyyələrin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Elə Nizami rayonunu da, həmin sıralamaya aid edirlər. Sakinlərinin sözlərinə görə, Vüqar Quliyev bələdiyyə sədri postuna əyləşdiyi gündən, "Bələdiyyələr haqqında" Qanunu bir kənara qoyub, ancaq özünün müəyyən etdiyi qaydalarla hərəkət edir. Vüqar Quliyev Nizami rayon bələdiyyəsinə rəhbərlik etməsinə baxmayaraq, hələ də başa düşmür ki, bələdiyyələr vətəndaşa aid sosial məsələlərlə məşğul olmalı, imkan daxilində onların həllinə çalışmalıdır. Rayondakı bəzi problemlərlə bağlı bələdiyyəyə müraciət edən zaman, bələdiyyə işçiləri sakinləri kobud qarşılayır, onlara heç bir köməklik edə bilməyəcəklərini söyləyərək, onları yola salırlar. Halbuki, sakinlər sırf bələdiyyənin səlahiyyətində olan, onların çözə biləcəyi problemlərlə bağlı müraciət edirlər. Adi parklarda nəzarətin sıfıra bərabər olduğunu vurğulayan sakinlər bildirirlər ki, parklarda barmaqla sayılacaq qədər oturacaq olduğu halda, bələdiyyə binasının yaxınlığında çox bahalı oturacaqlar qoyulub. Halbuki, həmin yerdə heç kim əyləşmir. Amma qocalar, uşaqlı qadınlar parkda gəzən zaman oturacaq tapmırlar. Sosial problemlərin həll edilməsində aciz qalan bələdiyyə sədri, amma rayon ərazisindəki torpaqları satmağı, icarəyə verməyi çox gözəl bilir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, artıq rayon ərazisində demək olar ki, boş yer qalmayıb. Hətta Vüqar Quliyevin saxta torpaq sənədlərini bir neçə vətəndaşa satmaqla vəsait toplaması da, gündəmdədir. Məlum olduğu kimi, bələdiyyələrin vətəndaşlara birbaşa torpaq satması bir neçə il bundan əvvəl qadağan edilib. Mülkiyyətlərində torpaq sahəsi olan bələdiyyələr isə, bunu ancaq hərrac yolu ilə həyata keçirə bilərlər. Bu isə onu göstərir ki, bələdiyyə sədri qanunsuz işlərlə məşğuldur.

Görünən odur ki, bu məsələlər ciddi araşdırılmalı və müvafiq addımlar atılmalıdır. Əks təqdirdə daha çox narazılıqlar yarana bilər.

Geri qayıt