Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramiz Həsənov müavinlərsiz işləyir

Ramiz Həsənov müavinlərsiz işləyir


30-08-2014, 12:27
Ramiz Həsənov müavinlərsiz işləyir
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) olaraq “Dövlət qurumularında boş qalan vəzifələr” mövzusunda araşdırmalar aparırıq. Qısa xatırlatma üçün bildirək ki, apardığımız müşahidələr zamanı görürük ki, dövlət qurumlarında müxtəlif vəzifələr aylarla, bəzən illərlə boş qalır. Sanki elə belə də olmalıdır. Əgər bu vəzifələrə həqiqətən ehtiyac yoxdursa, niyə dövlətin vəsaiti göyə sovrulur, daha doğrusu kimlərinsə ciblərinə gedir. Yox, əgər bu vəzifələrə ciddi ehtiyac varsa, necə ola bilər ki, bu ştatlar aylarla, illərlə boş qala bilər. Bu həm də onu göstərir ki, müxtəlif dövlət qurumları öz strukturlarını başdansovdu, yəni heç bir ciddi əsaslandırma olmadan formalaşdırıb Nazirlər Kabinetinin təsdiqinə göndərirlər. Ötən yazımızda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən (DFNX ) bəhs etmişdik. Bu Xidmətin rəisi Məmmədəli Dünyamalıyevdir. Onun müavini Nazim Quliyev az qala bir ilə yaxındır ki, vəzifəsindən azad edilib. Ancaq rəis müavini yeri boş saxlanılıb. Məqsəd nədir? Axı, bu mühüm vəzifədir. Bu vəzifə uzun müddət necə boş qala bilər?Yaxud DFNX-nin mətbuat xidmətinin katibi vəzifəsi... DFNX 2 ilə yaxındır ki, mətbuat katibi olmadan işləyir. Uzun müddətdir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini vəzifəsi də boş qalıb. İndi isə araşdırma zamanı müəyyən etmişik ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində uzun müddətdİr ki, 2 sədr müavini və Aparat rəhbəri vəzifəsi boşdur. Görəsən, hörmətli komitə sədri Ramiz Həsənov müavinləri və Aparat rəhbəri olmadan necə işləyir? Əgər uzun müddət belə işləmək mümkündürsə, onda müavinlərə nə ehtiyac var? Bu barədə komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovla telefon əlaqə saxladıq. O, bildirdi ki, bu yaxınlarda Aparata rəhbər təyin olunub.
Ancaq istənilən halda komitənin müavinlərsiz fəaliyyət göstərməsi heç bir sağlam məntiqə uyğun gəlmir. Görünür, Ramiz Həsənov müavinlərsiz işləməkdə maraqlıdır. Niyəsini komitə sədrinin özündən soruşmaq lazımdır. Növbəti yazıda digər dövlət qurumlarında boş qalan vəzifələrdən bəhs edəcəyik.

Geri qayıt