Əsas Səhifə > Güney Press / Ana xəbər > Məmməd Əmin Rəsulzadə və Elçibəydən başqa adam yoxdu...?
Məmməd Əmin Rəsulzadə və Elçibəydən başqa adam yoxdu...?28-08-2014, 16:34 |
![]() Bir dəfə Xalq Cəbhəsinin iclasında çıxış elədim. Dedim ki, Azərbaycan tarixini təkcə Məmməd Əmin Rəsulzadə və Elçibəylə indeksləmək olmaz. Azərbaycan tarixində elə böyük insanlar olub və onların elə xidmətləri olub ki, bunu necə unutmaq olar? Məsələn, Sovet hökumətinin vaxtında – 1956-cı ildə Azərbaycan dilinin dövlət dili elan olunması və bunun konstitusiyaya salınmasında iki böyük insanın xidməti olub – Mirzə İbrahimov və İmam Mustafayev. O zaman İmam Mustafayev Mərkəzi Komitənin birinci katibi idi, Mirzə İbrahimov da Ali Sovetin sədri. Buna görə onların nəslini kəsmək istəyirdilər. İkisini də işdən çıxardılar, hələ tutmağa da çalışırdılar. Xrruşşov devrildi deyə, tutmadılar. Və Azərbaycan dili dövlət dili kimi bizim konstitusiyamızda qaldı. Bu, çox böyük xidmətdir. Ancaq İmam Mustafayevin və Mirzə İbrahimovun bu xidmətini bir dəfə demirlər, xatırlamırlar, yada salmırlar. Və yaxud Şixəli Qurbanovu götürək. Onun gözəl bədii əsərləri var, bu ayrı məsələdir. O, eyni zamanda, Mərkəzi Komitənin mədəniyyət sahəsi üzrə katibi idi. Şıxəli Qurbanov milli bayramımız olan Novruz bayramını dövlət səviyyəsinə qaldırdı. Buna görə onu öldürdülər. Bəs bir azərbaycanlı kimi, heç olmasa, on ildən bir Şixəli Qurbanovun adını niyə yadımıza salmırıq? Bircə dəfə niyə Mirzə İbrahimovun, İmam Mustafayevin adını xatırlamırıq? Nə qədər demək olar: Elçibəy, Elçibəy, Elçibəy... Nə qədər demək olar: Rəsulzadə, Rəsulzadə, Rəsulzadə... Elçibəyə qədər bu işləri görə-görə gələn nə qədər kişilər olub. Xalqımızın tarixində nə qədər böyük işlər görmüş Heydər Hüseynov var. Niyə yada salmırıq? Başqa nə qədər xidmətləri olan insanlar olub, Sibirə sürgün eləyiblər. Bu insanları necə unutmaq olar? Əslində, repressiyaya məruz qalanların millətçiliklə bağlı ittihamlarının 90 faizi düzgün olub. O adamlar, məsələn, Hüseyn Cavid Sovet reallıqlarını qəbul eləməyib və deyib ki, mənim öz millətim var, mənim öz tarixim var, mən niyə sənin dediyin yolla getməliyəm? Bunu necə unutmaq olar? Bütün bunları ona görə deyirəm ki, insanlar gələcəyə doğru getmək üçün onlara bir qürur mənbəyi lazımdır. Qürur mənbəyinin olmağı üçün nəyəsə istinad etməlisən. Tarix də istinad nöqtəsidir. Məsələn, Əli bəy Hüseynzadə Azərbaycanı tərk eləyəndə gürcülər yazırdılar ki, Qafqaz xalqları yetim qaldı. Və yaxud Aleksandr Düma Qafqaz səfərində yazır ki, fransız dili Avropada hansı rolu oynayırsa, Qafqazda və yaxın Şərqdə Azərbaycan dili o rolu oynayır. Bunu mən demirəm, Düma deyir. Elə məsələlər var, bunları insanlara çatdırmaq lazımdır, bilsinlər ki, sən ölü xalq deyilsən. Nə olsun ki, erməni Qarabağı tutubdur? Sən bir vaxtlar dünyaya ağalıq eləyən xalqlardan birisən. Burda üç böyük türk imperiyası qurulub: Osmanlılar, Səfəvilər və Teymurilər. İngilislər, fransızlar, farslar və ruslar gizli müqavilə bağlayıblar ki, necə eləyək, türk dünyasını parçalayaq. Və nail də olublar. Yəni bütün bunları sadə bir dildə insanlar arasında təbliğ eləməyə böyük ehtiyac var. Nə qədər demək olar: Elçibəy, Elçibəy, Elçibəy... Nə qədər demək olar: Rəsulzadə, Rəsulzadə, Rəsulzadə... Həmin iclasda dedim ki, demirəm, mən hər şeyi fərqli düşünürəm. Belə bir iddiam da yoxdur. Heç olmasa, nə dediyimə qulaq asın, sonra qəbul eləməyin. Ancaq kimə deyirsən, az qala, məni öldürəcəkdilər ki, sən niyə deyirsən Azərbaycan tarixində Məmməd Əmin Rəsulzadə və Elçibəydən başqa da adamlar var? Geri qayıt |