Əsas Səhifə > Güney Press / Ana xəbər > Balakən Bələdiyyəsi acı günlərini yaşayır

Balakən Bələdiyyəsi acı günlərini yaşayır


13-08-2014, 18:53
Balakən Bələdiyyəsi acı günlərini yaşayır
Artıq illərdir ki, bələdiyyələr barədə heç də xoş sözlər deyilmir. Bələdiyyə dedikdə, ilk olaraq öz vəzifələrini yerinə yetirə bilməyən, vətəndaşların hər zaman narazı olduqları qurum ağıla gəlir. Qanunvericilikdə göstərilib ki, bələdiyyələr vətəndaşların təşkilinin elə bir sistemidir ki, onlar yerli əhəmiyyətli, sosial, iqtisadi və mədəni məsələləri sərbəst və müstəqil şəkildə həll etməlidirlər.

Əslində bələdiyyələr vətəndaşa aid bütün sosial məsələlərlə məşğul olmalıdırlar. Bunu etmək üçün isə imkan və maliyyə olmalıdır. Bələdiyyələrin səlahiyyətinə aztəminatlı ailələrin sosial məsələlərinin həlli, məhəllədaxili yolların təmiri və abadlaşdırılması, işsizlik məsələlərinin aradan qaldırılmasına öz töhfəsini verməsi aiddir. Hələ 2007-ci ildə prezidentin sərəncamıyla məzarlıqlar da bələdiyyələrə verildi. Burda da göstərilir ki, aztəminatlı ailələrə pulsuz xidmət göstərilməlidir. Məzarlıqlar məsələsi əhalinin ağrılı yerlərindəndir. Torpağın qiyməti get-gedə daha çox bahalaşdığından, məzar üçün ayrılan torpaqlar da bahalaşır. Əgər əvvəllər xüsusilə kənd yerlərində məzar yerləri pulsuz idisə, indi belə deyil. Bu da onu göstərir ki, bələdiyyələr onlara verilən səlahiyyətlərdən də necə gəldi istifadə edirlər. Bu gün paytaxtla yanaşı, bölgələrdə də, bələdiyyələrin fəaliyyəti qənaətbəxş hesab edilmir. Belə ki, çox tez-tez bələdiyyələrlə bağlı bölgələrdən şikayətlər daxil olur. Balakən şəhər Bələdiyyəsinin adı da, həmin narazı qalınan qurumlar sırasındadır. Bu gün Balakən şəhər Bələdiyyəsi və bu quruma sədrlik edən Mustafa Muradov barədə heç də yaxşı sözlər deyilmir. Artıq on dörd ildir Balakən bələdiyyəsində çalışdığı deyilən Mustafa Muradov rayon sakinlərini lap zara gətirib. Onun on dörd illik fəaliyyətində sakinlər üçün atdığı nəsə bir addım yoxdur. Sakinlər bildirirlər ki, artıq on dörd ildir ki, balakənlilərin sadəlövhlüyündən istifadə edən Balakən Şəhər Bələdiyyəsinin sədri Mustafa Muradov əhalini "barmağına dolayıb". Balakən şəhərinin torpaqlarını demək olar ki, satıb qurtaran Mustafa Muradov son üç ildə yeni icra başçısından üz görmədiyi üçün fırıldaqçılığın zirvəsinə əl atıb. Bir torpaq sahəsini iki-üç adama satmaq artıq onun peşəsinə çevrilib. Onun idarəsinin və evinin qapısını güdənlərin sayı demək olar ki, yüzlərlədir. Dəfələrlə rayon prokurorluğuna şikayətlər edilsə də, M.Muradov barədə hələ də, hansısa ölçü götürülməyib. Hətta bildirilir ki, yerli sakinlər pay torpaqların alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayiət olunmur. Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə. Həm də bələdiyyə sədri bu prosesləri elə bir xüsusi sxem üzrə həyata keçirir ki, ilk baxışda qanun pozuntularını müəyyən etmək də çətin olur. Sakinlər M.Muradovun əslində ikili oyun oynadığını iddia edirlər. Onların qənaətlərinə görə, əksər balakənlilər də, bu fikirdədirlər ki, bələdiyyə sədri rayonda yol verdiyi qanun pozuntularını qəsdən qabartmaqla gizli məqsəd güdür. Bu məqsəd isə baş verənlərdə rayonun icra başçısı İslam Rzayevi günahlandırmaq və bu üsulla onun mövqelərini zəiflətməkdən ibarətdir. Belə ki, Mustafa Muradov ondan rayonun icra başçısına şikayət edənlərə dəfələrlə bəyan edib ki, İslam Rzayevin onu cəzalandırmağa heç bir mənəvi haqqı yoxdur. Çünki pay torpaqlarına görə əhalidən alınan pulların çox hissəsini o, məhz başçıya təhvil verir. Özünə isə "qəpik-quruş" qalır. Lakin, bütün bunlarla yanaşı, M.Muradovun fəaliyyəti son vaxtlar bəzi ciddi problemlərsiz də ötüşmür. Belə ki, kənar şəxslərə satılan torpaq sahələrinin sənədləşdirilməsi işi də getdikcə çətinləşir. Hətta son vaxtlar bələdiyyə sədri ilə bəzi "müştərilər" arasında müəyyən konfliktlərin yaşandığı da bildirilir. Qeyd olunur ki, bir neçə nəfərdən pul almış M.Muradov, bunun müqabilində boyun olduğu sənədləri hələ də təqdim edə bilməyib. Göründüyü kimi, Balakən şəhər Bələdiyyəsində kifayət qədər araşdırılmalı məqamlar var. Ümumiyyətlə, korrupsiya, rüşvətlə mübarizə elə aparılmalıdır ki, heç bir bələdiyyə sədri və nümayəndəsi vətəndaşın haqqına əl uzatmağa cəsarət etməsin.

Geri qayıt