Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıt sakinləri çalışırlar ki, xəstələnməsinlər...

Sumqayıt sakinləri çalışırlar ki, xəstələnməsinlər...


11-08-2014, 12:53
Sumqayıt sakinləri çalışırlar ki, xəstələnməsinlər...
Son vaxtlar səhiyyəmizdəki nöqsanlar daha qabarıq görünür desək, yanılmarıq. Az qala hər gün hansısa səhiyyə ocağı barədə şikayətlər eşidirik. Təəssüflər olsun ki, şikayət edilən səhiyyə ocaqlarının əksəriyyəti dövlət xəstəxanalarıdır. Bu gün elə bir şəxs tapmarıq ki, hansısa dövlət xəstəxanasından tam razı olsun. Məsələn, dövlət xəstəxanasında əvvəlcədən ödəniş edilir, sonradan heç kim pul tələb etmir. Amma bu gün bizim əksər dövlət xəstəxanalarımız, poliklinikalarımıza bir daxil olan sevinir, bir də çıxan.

Çünki xəstəxanalara daxil olandan, qapıçıdan tutmuş, sanitarkalara, tibb bacılarına qədər hər biri pul istəyir. Son zamanlar ən çox şikayət edilən, adı bir çox durumlarda hallanan Sumqayıt səhiyyəsidir ki, bu barədə bizlər də dəfələrlə yazılar dərc etmişik. Deyilənlərə görə, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyev vəzifəsinin öhdəsindən lazımi səviyyədə gəlməyi bacarmadığı üçün sadə vətəndaşlar bundan əziyyət çəkirlər. Həmçinin Sumqayıt şəhərində yerləşən əksər tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin qiymətinin yüksək həddə olduğu da söylənir. Belə ki, Sumqayıtda fəaliyyət göstərən bir neçə xəstəxanada hətta ölüm ayağında olsan belə, əgər pulun yoxdursa, xəstəxanalara qəbul olunmursan. Ümumiyyətlə, Sumqayıt səhiyyəsinin həddindən aşağı səviyyədə olması, göstərilən xidmətlərin sıfıra bərabər olduğu, daha sonra vətəndaşların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının pulla satıldığı söyləntiləri var. Dövlət büdcəsindən Sumqayıt şəhər səhiyyə sisteminin inkişafı üçün kifayət qədər vəsait ayrılsa da, hələ ki, ortada ciddi dəyişiklik və yaxud hansısa bir nəticə yoxdur. Belə ki, şəhərdə fəaliyyət göstərən bəzi səhiyyə ocaqlarının baş həkimləri, eləcə də həkim kollektivi qanunsuz işlərə qol qoymaqla vətəndaşlara əlavə problemlər yaradırlar. Misal olaraq, Vilayətdin Gözəlovun baş həkimi olduğu 2 saylı xəstəxanasını göstərmək olar. Sumqayıt şəhəri 57-ci məhəllədə yerləşən bu xəstəxananın təyinatı çoxprofilli xüsusi ixtisaslaşdırılmış tibbi yardımdır. 400 çarpayıdan ibarət olan səhiyyə müəssisəsində qanunsuzluq baş alıb gedir desək, yanılmarıq. Bildiyiniz kimi, 2008-ci ildən etibarən dövlət büdcəsindən maliyyələşən bütün səhiyyə ocaqlarında pulsuz tibbi xidmət tətbiq olunur. Bu gün xəstəxanaların bir hissəsi qanuna əməl etsələr də, hələ də dövlət xəstəxanalarında tibbi xidmətin pulsuz olduğunu israrla qəbul etməyən səhiyyə ocaqları da var. Və onlardan biri də, Sumqayıt şəhər 2 saylı xəstəxanadır. Görünən odur ki, bu tibb müəssisəsinin rəhbərliyi tamam başqa "prinsiplər"lə işləyir. Çünki baş həkim Vilayətdin Gözəlov üçün xəstə insanların səhhəti o qədər də önəmli deyil. Məhz elə buna görə də, vətəndaş cibinə pul qoymayıb xəstəxanaya müraciət edirsə, heç bir həkim onun şikayətilə maraqlanmır. Bundan başqa, Nazim Hüseynquliyevin baş həkimi olduğu 1 saylı xəstəxanada da təxminən, eyni vəziyyətin hökm sürdüyünü deyə bilərik. Sumqayıt şəhər 1 saylı xəstəxanada əsas maraqlı məqamlardan biri ondan ibarətdir ki, xəstəxanada çalışan tibb personalı etiraf edirlər ki, onlar xəstədən pul almağa məcburdurlar. Çünki şöbə müdiri və baş həkim də həkimlərdən pul tələb edir.

Göründüyü kimi, Sumqayıt şəhər səhiyyəsi heç də ürəkaçan deyil. Və budur necə deyərlər, sadə vətəndaşların başında çatlayır. Səhiyyənin hazırkı durumu yalnız və yalnız bizlərin ziyanınadır. Çünki səhiyyəmiz güclü olmasa, gələcək nəsilə heç bir ümid qalmır. İnanaq ki, hazırkı mövcud problemlər tez bir zaman çərçivəsində öz həllini tapacaq və Sumqayıt sakinləri də dövlət xəstəxanalarından tam pulsuz istifadə imkanından yararlana biləcəklər.

Geri qayıt