Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Saatlıda bütün üzvləri əlil olan ailə ilə maraqlanan yoxdur

Saatlıda bütün üzvləri əlil olan ailə ilə maraqlanan yoxdur


24-07-2014, 15:48
Saatlıda bütün üzvləri əlil olan  ailə ilə maraqlanan yoxdur
DİA.AZ: - Saatlı rayonunun Qıraqlı kəndində yaşayan Zeynalovlar ailəsinin bütün üzvləri əlildir. Bu ailənin yaşadığı ev qəzalı vəziyyətdədir. Ailə üzvləri evin hər an uşacağından ehtiyatlanırlar. Ona görə də axşamlar çox vaxt evdə yatmırlar. Bu ailənin sosial durumu, yaşayış tərzi hamının ürəyini ağrıdır. Zeynalovlar ailəsinin maddi imkanlarının aşağı səviyyədə olması, gəlirlərinin və əmək qabiliyyələrinin heç olmaması onların ömürlərinin sonuna qədər ağır və dözülməz şəraitdə yaşamasnı qaçılmaz edib. Ümidləri isə yalnız xeyirxah insanlara, getdikcə qürətlənən dövlətimizə, ölkə başçısının humanistliyindən bəhrələnən yerli icra hakimiyyəti orqanlarına qalıb.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi bu ailə ilə bir dəfə də olsun maraqlanmayıb. Halbu ki, icra hakimiyyəti rəhbərlərinin özlərinin və yaxınlarının başı ağrıyan kimi gah Tehrana, gah da Türkiyəyə qaçırlar. Məsələn, elə götürək başçının birinci müavini İlham Quliyevi. O, qardaşını müalicə etdirmək üçün dəflərlə Tehrana gedib. 30-40 min manat pul xərclədi. İndi isə səsi Türkiyənin ən bahalı istirahət mərkəzlərindən, otellərindən, restoranlarından, barlarından gəlir. Görəsən 500-600 mant əmək haqqı alan birinci müavin bu qədər pulu haradan tapır?. Təkcə Türkiyənin restoranlarının birində xərclədiyi pullarla Zeynalovlar ailəsinə 2-3 ev tikdirə bilərdi.

Tez-tez müxtəlif televiziya kanallarında Saatlının “inkişafı” ilə əlaqədar verilişlər nümayiş olunur. Yol kənarına ağac əkmək inkişafdırmı? Sizə elə gəlmirmi ki, ağac əkmək kampaniyası da rayon rəhbərliyinin biznesinə çevrilib? İstəyirsən yol kənarına min dənə ağac əkdirin. Axı, sakinlər dözülməz şəraitdə məhv olurlar. Bütün üzvləri əlil olan bir ailənin taleyi ilə kim məşğul olmalıdır? Məgər ağac əkmək bütün üzvləri əlil olan ailədən irəlidir?

DİA.AZ bildirir ki, indi Saatlı rayonunun Qırağlı kəndində yaşayan Zeynalovlar ailəsi ümidlərini bir Allaha, bir də Azərbaycan Prezidentinin humanizim prinsiplərinə bağlayıblar. Rayon rəhbərliyindən ümidlərini tamamilə üzən bu ailə nə etməlidir? Bəllkə hansısa xarici təşkilatdan kömək istəməlidir?

Ailənin başçısı Zeynalov Afiq Sabir oğlu I qrup əlildir. Onun böyük qızı 6 yaşlı Səlimə və 5 yaşlı oğlu Asim də I qrup əlildirlər. Uşaqların anası Zeynalova Ağabacı İsrayıl qızı isə III qrup əlildir. Əlillik dərəcəsini təsdiqləyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının müvafiq qərarı da var.

Ailə üzvlərinin bu vəziyyəti təsdiqləyir ki, Zeynalovlar ailəsi özlərinə heç vaxt təzə ev tikə bilməyəcəklər. Çünki bu ailə yalnız əlilliyə görə aldıqları pensiya ilə dolanır. Hazırda yaşadıqları ev isə çox pis vəziyyətdədir. Güclü külək əssə, onların yaşadıqları ev yerlə-yeksan olacaq. Ümid qalır yalnız belə ailələrə həmişə arxa-dayaq olan dövlətimizə. Görək dövlətimizin Saatlı rayonundakı nümayəndəliklərinin xarici ölkələrdə keçirdikləri kef, eyş-iştər məclislərindən başları nə vaxt ayılacaq? Bizdə olan məlumata görə Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi din əhlidir, oruc tutur, namz qılır. Məgər din əhli bu aöğır vəziyyətdə olan ailə ilə bir dəfə də olsun maraqlanmamalıdırmı? Rayon rəhbərliyi bütün üzvləri əlil olan bu ailənin uçuq-sökük evdə yaşamasından xəbərdardır. Ancaq nədənsə Zeynalovlar ailəsi üçün münasib bir ev tikdirmək hələ də naməlum səbəblərə görə uzadılır.

Oruc tutmaq, namaz qılmaq, ibadət etmək savabdır. Ancaq kimlərinsə gözündən pərdə asmaq üçün belə ibadətdənsə əlsiz-ayaqsızlara, Zeynalovlar ailəsinə arxa-dayaq olmaq daha savabdır.
Bu ailənin dözülməz və ağır şəraitdə yaşamasını görən hər bir azərbaycanlının ürəyi ağrıyar. Ancaq ürəyin ağrıması əsas deyil. Əsas odur ki, bu ailəyə təcili kömək olunsun. Yəqin ki, Saatlı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi hamılıqla əlil olan Zeynalovlar ailəsinə 2 otaqlı evin tikintisi ilə maraqlanacaq, ağır və dözülməz şəraitdə yaşayan ailə təhlükəli vəziyyətdən və acınacaqlı durumdan azad olunacaq. Nəzərə almaq lazımdır ki, qarşıdan soyuq və şaxtalı qış gəlir.

Elxan Kərimov,
Saatlı

Geri qayıt