Əsas Səhifə > Güney Press / Ana xəbər > Masallı səhiyyəsinin ağ-qara durumu: XƏSTƏLƏR QAÇAQ DÜŞÜB

Masallı səhiyyəsinin ağ-qara durumu: XƏSTƏLƏR QAÇAQ DÜŞÜB


19-07-2014, 11:07
Masallı səhiyyəsinin ağ-qara durumu: XƏSTƏLƏR QAÇAQ DÜŞÜB
DİA.AZ: - Masallı (RMX)-da Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Halbuki, Masallı rayonuna bu ehtiyaclar üçün dövlət tərəfindən ayrılan illik vəcaitin məbləği 500 min manatdır. Bunun müqabilində isə əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Belə ki, şəkərli diabet xəstələrinin pulsuz müalicəsi və dərman preparatlarının verilməsində əhali arasında son vaxtlar hədsiz narazılıqlar baş qaldırıb. Bunlara səbəb isə əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanların və lazım olan şəkər analizi üçün çubuqların verilməməsi, yaxud pulla satılmasıdır. Lakin bütün bu faktları təqdim etdiyimiz materiallarda artıq dəfələrlə işıqlandırmağımıza baxmayaraq, redaksiyamıza şikayət məktubları yenə daxil olmaqda davam edirlər.

DİA.AZ-a daxil olan növbəti belə bir məktubda isə Masallı rayon sakini olan bir vətəndaş, onun şikayətini elə onun öz sözləri ilə çap etməyimizi xahiş edir. Vətəndaş əmindir ki, doğma rayonlarının səhiyyə sistemində yaşanan özbaşınalıqların ağrı-acısını da, yalnız bu özbaşınalıqlara bilavasitə məruz qalan insanların dilindən eşitməklə anlamaq olar. Beləliklə məktubda oxuyuruq: “Hörmətli redaksiya, salam! Artıq neçənci dəfədir ki, Sizə müraciət edirəm. Şikayətim Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovdandır. Düzdür, qəzetinizdə dərc olunan məqalələrdə mənim etiraz edəcəyim bütün məqamlar da öz əksini tapıb. Lakin siz öz işinizin peşəkarları olsanız da, bizim hər gün çəkdiyimiz ürək ağrısını duya biməzsiniz. Çünki biz, Masallı sakinləri Cəlil həkimin özbaşınalıqlarının birbaşa qurbanlarıyıq. Bu insanın başçılığı altında bu gün rayonumuzun səhiyyə sistemi əməlli-başlı çöküb. Vəziyyət hətta o yerə çatıb ki, rayonumuzda bəzi tibb müəssisələrində bu sahəyə heç bir aidiyyatı olmayan şəxslər ağalıq edirlər. Mən özüm dəfələrlə şahidi olmuşam ki, Cəlil Nəzərov rayonda olmadığı vaxtlarda xəstəxananın möhürü, tibbi komissiyanın blankları və digər rəsmi sənədlər baş həkimin müavinlərinin deyil, digər mülki vətəndaşların sərəncamında olur. Həmin şəxslər isə bu zaman əsil dəllal rolunda çıxış edirlər. Həkim komissiyalarına müraciət edən xəstələr də bu dəllalların əlində girinc olublar. Cəlil həkimin öz müavinlərindən daha çox etimad göstərdiyi bu şəxslərdən Həsənli kənd sakinləri Akif, Yaşar və Yaşarın qardaşı xəstələrə qarşı daha çox özbaşınalıqları ilə seçilirlər. Dərman qıtlığına gəlincə isə, rayonda hamı bilir ki, bu qıtlıq süni şəkildə, məhz Cəlil Nəzərovun səyləri nəticəsində yaradılır. Şəkər, əsəb və digər xəstələr uzun növbələrdə öz sağlamlıqlarını daha çox itirirlər. Sanki C.Nəzərov Masallının təkcə səhiyyə sisteminə deyil, sadə vətəndaşlarına, xüsusən də xəstələrə qənim kəsilib...”Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Cəlil Nəzərovun ümumiyyətlə insan taleyinə biganəliyi, onun şəxsi mənafeyi naminə hətta cinayəti belə ört-basdır etməyə qadir olması, bir neçə gün bundan əvvəl baş vermiş hadisədə də bir daha təsdiq olundu. Məlum olduğu kimi Masallı RMX-nın baş həkimi çeşidli korrupsiya halları ilə müşayiət olunan fəaliyyəti sayəsində bir çox kommersiya obyektlərinin sahibinə çevrilmişdir. Bu obyektlərdən biri də Masallı rayonunun Kubin kəndi yaxınlığında yerləşən “Qamo” sağlamlıq-istirahət mərkəzidir. Məhz bu mərkəzdə isə bir neçə gün bundan əvvəl uşaq ölümü ilə nəticələnmiş faciə baş vermişdir. Bu xüsusda yayımlanan məlumatlarda da qeyd olunmuşdu ki, “Qamo” sağlamlıq-istirahət mərkəznə anası ilə birgə müalicəyə gələn 10 yaşlı Masallı sakini “istisu” vannasında boğulmuşdur. Hadisə şahidlərinin mətbuata verdikləri məlumata görə, ölüm faktı iyul ayının 11-də qeydə alınıb. Anası uşağın boğulduğunu görərək ətrafdakılardan kömək istəyib. Ancaq kömək gecikdiyindən uşağı vaxtında çıxarmaq mümkün olmayıb. Çağırılmış təcili tibbi yardım maşını ilə Masallı rayon Mərkəzi Xəstəxanasına aparılarkən, uşaq yolda keçinib. Bəzi mənbələrə görə mərhumun “istisu” vannasına vurulmuş kimyəvi maddələrdən zəhərləndiyi də ehtimal olunur. Məlumatlarda qeyd olunur ki, bu vannalar mütəmadi təmizlənmir, suya qatılan kimyəvi maddələrin miqdarına isə nəzarət olunmur. Uşağın da məhz bundan zəhərləndiyi ehtimal edilir. Lakin 10 yaşlı uşağın faciəli ölümünün əsil səbəbləri Cəlil Nəzərovun səyləri ilə gizlədilib. Hadisədən Masallı rayon hüquq mühafizə orqanlarının xəbəri olsa da, faktla bağlı heç bir tədbir görülməyib...


Geri qayıt