Əsas Səhifə > Güney Press / Ana xəbər > Gürcüstana QRU “spesnaz”ı yeridilib
Gürcüstana QRU “spesnaz”ı yeridilib17-07-2014, 15:11 |
![]() Krım əməliyyatı zamanı “yaşıl adamcıqlar” adı qazanan, üzərlərində tanınma nişanı olmayan Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlıları Gürcüstanda yerləşdirilib. Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumatı gürcüstanlı tarixçi Nika Maçutadze açıqlayıb. Gürcüstan agentliklərinin xəbərində deyilir ki, N.Maçutadze Rusiya Baş Kəşfiyyat İdarəsinin diversantlarının ölkə ərazisində yerləşdirildiyi barədə “etibarlı mənbədən alınmış konkret məlumata malik olduğunu” bildirib. N.Maçutadze deyib ki, bu məlumatı xüsusi xidmət və istintaq orqanları ilə bölüşməyə hazırdır. N.Maçutadze Rusiyadan Gürcüstana “yaşıl adamcıqların” göndərilməsi ilə bu ölkənin Rusiyadakı keçmiş səfiri, “Rustavi-2” telekanalının təsisçisi Erosiya Kitsimarişvilinin şübhəli ölümü arasında əlaqə ola biləcəyini deyib. “Mən indi olduqca ciddi bəyanat verirəm və xahiş edirəm ki, bu bəyanatla tanış olasınız. Dərhal deyirəm ki, maraqlanarlarsa bu informasiyaları istintaq orqanlarına verməyə, görüşməyə, diplomatik korpusla, hökumətlə bölüşməyə hazıram” - deyə tarixçi bildirib. N.Maçutadze deyib ki, Tiflis, Axalkalaki və Batumi Rusiyadan göndərilən “yaşıl adamcıqlar” adlanan diversantlarla doludur. Onların məqsədi Gürcüstanda destablizasiya, silahlı qarşıdurma, qayda-qanunu, suverenliyi və ərazi bütövlüyünü sarsıtmaq üçün təxribatlar həyata keçirməkdir. “Mən bu barədə etibarlı mənbələrdən konkret informasiyaya malikəm. Təkrar edirəm ki, informasiya konkretdir, ancaq hazırda bundan artıq heç nə deyə bilmərəm” - deyə tarixçi bildirib. Qeyd edək ki, Gürcüstan ötən ay Moldova və Ukrayna iə birlikdə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Assosiasiya sazişi imzalayıb. O zaman Kreml açıq şəkildə xəbərdarlıq etdi ki, Assosiasiya sazişini imzalayan ölkələr buna görə cavab verməli olacaqlar. Həmin hadisədən sonra Rusiya Moldovaya qarşı iqtisadi və siyasi təzyiqləri artırıb. Dnestryanı bölgədə və Qaqauz muxtar vilayətində Rusiyaya birləşmək çağırışları güclənib. Ukraynanın şərqindəki separatçılara Rusiya ərazisindən çoxlu sayda zirehli texnika, artilleriya qurğuları, “Qrad” qurğuları və s. ağır silahlar daşınır. Gürcüstanda isə belə məlum olur ki, Putinin “yaşıl adamcıqları” yerləşdirilib və hərəkətə keçmək üçün siqnal gözləyir. Geri qayıt |