Əsas Səhifə > Güney Press / Ana xəbər > Fizika İnstitutunun laboratoriya rəhbəri direktoru ifşa etdi

Fizika İnstitutunun laboratoriya rəhbəri direktoru ifşa etdi


15-07-2014, 12:40
Fizika İnstitutunun laboratoriya rəhbəri direktoru ifşa etdi
Qəzetimizin ötən saylarında AMEA-nın Fizika İnstitunun laboratoriya rəhbəri, tanınmış alim Elman Şahverdiyevin AMEA-ya seçkilərlə bağlı qalmaqallı açıqlamaları, Prezident İlham Əliyevə ünvanlı müraciəti dərc olunmuşdu... Tanınmış alim iki gün əvvəl “Təzadlar”ın elektron poçtuna daha bir məktub göndərib. Məktub qəzetin ötən saylarındakı yazıların birində institut rəhbərliyinin bütün bölmələrdə çalışanlara normal iş şəraiti yaratdığı, mebel dəsti ilə təchiz etdiyi, lakin E.Şahverdiyevin rəhbərlik etdiyi laboratiyaya adi mebel dəsti verməməsi və s. yazılmışdı.

E.Şahverdiyevin bu fakta aydınlıq gətirilməsinə xidmət edən məktubunu təqdim edirik:

Hörmətli “Təzadlar”!
Ötən sayınızda mənimlə bağlı mebel qalmaqalına aydınlıq gətirmək istəyirəm. Doğrudan da başqa laboratoriya rəhbərlərinə müvafiq mebel veriləndə institutut rəhbərliyi səviyyəsində məni “unutmuşdular”. Nəhayət, ərizə ilə direkorun qəbul otağına getmək qərarına gəldim. Ərizəni köməkçiyə təqdim etdim və o, ərizəni alib icəri keçdi, mənə isə gözləməyi dedi. Birdən qəbul otağından Nazim Məmmədovun “Mən zavxoz deyiləm...” kimi bağırtılarını eşitdim və köməkçi dəhlizə çıxdı ki, “Eşitdiniz cavabını???”. Özüm içəri keçməyə məcbur oldum. Məsələni direktora danışdım... Əvvəlcə inanmadı... Detallarına varmadan sonda bu məsələ ilə bağlı demək istəyirəm ki, Nazim Məmmədov əsəbləşdiyini etiraf etdi və bir nəfərin də yanında məndən üzr istədi... Bir gün sonra otağıma mebellərin bir qismini gətirdilər, qalanını isə imkan olanda gətirəcəklərinə söz verdilər.

“Mən yeganə laboratoriya rəhbəriyəm ki, İnstitutun Elmi Şurasının üzvü deyiləm...”

Hörmətli “Təzadlar”!
Yeri gəlmışkən, bir məsələni də Sizlərin diqqətinə çatdirmaq istəyirəm. Mən yeganə laboratoriya rəhbəriyəm ki, İnstitutun Elmi Şurasının üzvü deyiləm. Baxmayaraq ki, Nazim Məmmədova yazılı belə müraciət etmışəm ki, bu nə ədalətsizlik, ayrı-seçkilikdir? Elmi Şurada bir neçə elmlər namizədi var, o cümlədən Oktay Ələkbərov, həmçinin ata-bala cütlüyü... Hətta bir laboratoriyadan bir neçə adam var. Və sair, amma mən yoxam.

Digər bir məsələ: İnstitutda dörd müdafiə Şurasının heç birinin üzvü deyiləm.

Başqa bir ilginc məqam: 14 Beynəlxalq qrant aldığıma baxmayaraq, Azərbaycanda qrant ala bilmirəm. Niyə? Çünki AMEA-ya üzvləri təyin edənlər elə həmin himayədarlardır. Fikir versəniz, Azərbaycanda külli miqdarda dəfələrlə qrant alanlarla AMEA-ya təyin olunanların yüksək korelyasiyası var. Mən, əlbəttə, buradan uzağa gedən nəticələr çixarmağa hələki tələsmirəm, amma fakt faktdır.

Hörmətli “Təzadlar”!
Bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Əlbəttə, bir hörmətli mətbu orqan olaraq bütün mövqeləri ışıqlandırmaqda tamamilə haqlısınız. Amma bu gün gündəmin əsas məsələsi AMEA-ya təyinatlı seçkilərdir və mən AMEA-ya yeni seçkilər keçirilənə qədər mübarizəmi davam etdirəcəyəm. Qoy bəziləri bilsin ki, mən xarici ölkələrdə çalışan aliməm, bu gün də məni dəvət edirlər. Amma mən elmi nailiyyətlərimi, elmi potensialımı buraya-vətənim Azrbaycana yatırtmaq istəyirəm. Sonra da deyirik ki, Azərbaycanda niyə elm yoxdur (Daha doğrusu, alimlər var, elm isə yoxdur.Red.). Bu gün kimlərinsə, bəzi laboratoriya rəhbərlərinin adını çəkməklə, neçə işçisinin olmasını göstərməsi gündəmı dəyişmək üçün edilən gülünc və sifarışli cəhddən başqa bir şey deyildir. Sadalanan adlar sifarişçini və icraçiını o dəqiqə tanıdır: özlərini mobilizasiya üçün yeni konfliktlərin anonsunu verirlər.

Görəsən bu sadalananların siyahısında Oktay Ələkbərovun adı niyə çəkilmir? Axı onun laboratoriyasında, deyəsən cəmi 2 nəfər var, bir özü, bir də məqalə yazan, amma 25 ilə yaxın Türkiyə və Almaniyada işləməsinə baxmayaraq elmə yalnız 50 sitat gətirmış, buna baxmayaraq müxbir üzv təyin olunmuş-Ənvər Nəhmədov. Və bu Ə.Nəhmədovun Almaniyada əsas məşğuliyyəti nədir? Bunu bilirlərmi???

Bəs niyə qeyd olunmur ki, Nazim Məmmədovun laboratoriyası yarananda cəmi 5 işçisi olub, indi isə administrativ resursların istifadəsi hesabına onların sayı 12 nəfər olub? Bilsinlər ki, ədalətsiz təyin olunmanın acısını hələ cox çəkəcəklər! Və elmimiz artıq çoxdan çəkir!!!

“Azərbaycan bir məqaləyə düşən sitatların sayına görə (cəmi 3 sitat) dünyada 238 ölkə arasında 230-cu yeri tutur”

Bir laboratoriyada lap 2 içşi ola bilər, əsas məsələ o laboratoriyanın Azərbaycan elmi üçün gətirdiyi sitatlardır, Hirş indeksidir, elmi bəhrələrdir, səmərədir. Qoy elm adamları maraqlansınlar ki, qonşu dövlətlərlə müqayisədə Azərbaycan haradadır, neçənci yerdədir??? Ölkə prezidenti elmin inkişafını istəyir, bunun üçün maliyyə ayırır, EİF adlı fond yaradılır. Bəs o vəsaitlər hara xərclənir, necə və kimlərə xərclənir??? Bu barədə hərtəfli yazı olacaq, amma indi qeyd etmək istəyirəm ki, Azərbaycan bir məqaləyə düşən sitatların sayına görə (cəmi 3 sitat) dünyada 238 ölkə arasında 230-cu yeri tutur. Bəs düşünmürlər ki, 28 il məqalə dərc etdirməyən Rauf Hüseynovu müxbir üzv təyin etdirəndə bu artıq sondur? Bəs bu barədə düşünmürlər ki, elmə demək olar heç bir sitat gətirməyən Cavad Abdinovu həqiqi üzv təyin edənlər elmimizə necə balta çalırlar???

***

...Geridəqalmanın əsas səbəbi məhz sitat gətirməyən, köhnə “əlaqələrin” hesabına Rusiyanın, MDB-nin çox aşağı təsir əmsalına malik jurnallarında ildən -ilə eyni nəticələrin təkrar-təkrar çapıdır. Məsələ heç də kiminsə 10-40 “davamçı” yetişdirməsində də deyil. Bəs onların sitatları hanı??? Bəs 30-37 nəfərlik “tanınmış” laboratoriyaların gətirdiyi sitatlar hardadır??? Laboratoriyalarının adlarına oportunistcəsinə dövrə uyğun aktual saydıqları nano-, bio-, info- ları əlavə edənlərın sitatları hanı?

Hörmətli “Təzadlar”!
Xahiş edirəm ki, məktubumu olduğu kimi dərc edin.

Hörmətlə,
Elman Şahverdiyev

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Artıq ötən yazılardan bilirsiniz ki, institutun direktoru N.Məmmədov birmənalı olaraq əməkdaşımıza “çerez” köməkçi bildirib ki, “Qoy nə yazırlar yazsınlar (Söhbət E.Şahverdiyevin Prezidentə müraciətindən gedir.Red.), mən bu açıqlamaya nə cavab verim?!” və s.
Geri qayıt