Əsas Səhifə > Güney Press / Ana xəbər > Xaləddin İsgəndərovun bəslədiyi xarabalıq

Xaləddin İsgəndərovun bəslədiyi xarabalıq


11-07-2014, 11:07
Xaləddin İsgəndərovun bəslədiyi xarabalıq
Böyük olmasa da göl. Düzdür, bu göl süni salınıb, ancaq deyilənə görə çox gözəl olub. İndi ətrafında uşaqlar çimir, kimi də balıq tutmağa gəlir. Süni şəlalə, soyuq bulaq, daha nələr və nələr olub bu ərazidə. Sadalananlardan təkcə soyuq bulaq qalıb, o da dağılmış vəziyyətdə. Buranı çox az adam tanıyır. Sakitliyi sevənlər, təbiətlə baş-başa qalmaq istəyənlər və sevgililər gəlir.

Söhbətin hansısa rayon və ya istirahət mərkəzi olduğunu düşündünüzsə, yanılırsınız. Bura Bakıdır. Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən camaat arasında "Təbiət evi" kimi tanınan şitilçilik.

Təbiət evinə daxil oluram. Maşın səslərindən , toz-torpaqdan uzaq, sakit bir məkan. Buranın təbiəti nə qədər gözəl və istirahət mərkəzini xatırlatsa da ətraf zibillikdir. Sözün əsl mənasında, zibillik. Girişdə 2 zibil qutusu qoyulub, ikisi də dolub-daşır... Yemək torbaları, su şüşələri. Hər yerdə şam ağacının qozaları var. Şam ağacının qozaları o qədər çoxdur ki, adam təpiklə vurmadan keçə bilmir. Gölü qamışlar basıb. Ona görə də ağcaqanad çox olur, sanki cəngəllikdir.
Gölün ətrafını dolanıram. Uşaqların gülüş və su şappıltısı səsi gəlir. Uşaqlar göldə çimib sərinləyirlər. Lap uşaqlığım yadıma düşdü...

Həm gölün, həm də uşaqların şəklini çəkirəm.

Uşaqlar soruşur ki, dayı, bizim şəklimizi atamıza verəcəksiz?

Deyirəm çəkirik, yazırıq, bəlkə, buraları təmizlədilər. Uşaqlar burada çoxlu qurbağa və su ilanının da olduğunu dedilər.

Sözverənlər

Gölün ətrafını gəzib yuxarı qalxıram. Qarşıma bir gənc çıxır. Söhbətləşirik.

Hikmət adlı cavan deyir ki, dəfələrlə şikayət, müraciət etmişik, ancaq hər dəfə söz verirlər. Elə verdikləri söz də yerində qalır.
Sözügedən ərazidə bir neçə qaçqın da məskunlaşıb. Yaxşı ki, bu qaçqınlar arasında yaşlı kişilər var. Onlar ağacların dibini belləyir, yaşıllıqlara qulluq edirlər. Onlar olmasa bu ağaclar çoxdan quruyardı.

Oğlan bu şitilliyin əvvəlki görünüşündən danışır. Deyir, bura çox gözəl idi. Hovuz, şəlalə, göl, müxtəlif sortlu ağaclar, heyvan və quşlar. İndi isə ağacların sayı azalıb, hovuz, şəlalə işləmir, gölü qamışlıq basıb. Ətrafdakı insanların ən sevimli yeri buradır, ancaq oturmağa yer yoxdur.

Şitillik park olacaq?

Yaşlı bir kişi ilə qarşılaşıram. Zakir kişi deyir, bura Həsən Əliyevin yadigarıdır. Nazirlər Kabineti şitilliyi park etmək qərarına gəlib. Əgər bura park olsa, çox əla olar. Bakıda belə yer yoxdur. Çoxlarının gözü burdadır. Buranı alıb hündürmərtəbəli bina tikmək istəyirlər. Yaxşı ki, bu ərazi Həsən Əliyevin adı ilə bağlıdır. Yaşıllıq idarəsinin işçiləri hərdən gəlirlər, şitil əkirlər. Əslində, bura maliyyə ayrılmalıdır. İstədiyimiz tək şey buranın əvvəlki halına qaytarılmasıdır. Biz yaşlılar da gəlib burada dincələrik.

Həsən Əliyev rəhmətə gedəndən sonra buralar dağılmağa başladı. Göldən hətta Hövsana su xətti də çəkilmişdi.

Parka basqın

Parkın ərazisi ilk vaxtlardakından çox-çox kiçilib. Parka aid sahədə üç hündürmərtəbəli bina tikilib, bir kafe açılıb. Bu hündürmərtəbəli binalar onlarla ağacın kəsilməsinə səbəb olub.

Zakir kişi deyir, bir gün gecə gəlib gördüm ki, 10-a yaxın ağacı kəsib üstünü palçıqlayıblar. Buna görə böyük söz-söhbət oldu, televiziyalar çəkdi. İcra hakimiyyətinə də getdik, ancaq xeyri olmadı.

Ərazidəki kafenin kimə məxsus olması ilə maraqlandım. Məlum oldu ki, kafe Binəqədi rayon icra başçısının qohumlarına məxsusdur.

Parkın arxa tərəfinə ətrafdakı binaların sakinləri zibilləri bura tökür. Üfunət, çirkab. Bu zibillər həm də gölə tökülür. Orada çimən uşaqlar suyun yox, mikrobun içində üzürlər.

Ərazidə yaşayan hər kəs şitilliyin nə zaman park, hovuzun suyunun saf olacağı, şəlalənin şırıltısı altında istirahət edəcəkləri, qamışsız göldə balıq tutacaqları günü gözləyirlər.(interpress.az)


Xaləddin İsgəndərovun bəslədiyi xarabalıq
Xaləddin İsgəndərovun bəslədiyi xarabalıq
Xaləddin İsgəndərovun bəslədiyi xarabalıq
Geri qayıt