Əsas Səhifə > Güney Press / Ana xəbər > Sabir Rüstəmxanlının “ölkədən qaçan” qardaşı danışdı

Sabir Rüstəmxanlının “ölkədən qaçan” qardaşı danışdı


4-07-2014, 16:12
Sabir Rüstəmxanlının “ölkədən qaçan” qardaşı danışdı
“Mənim iki illik vizam var və Almaniyada hələ bir il də rahat yaşaya bilərəm”.

Bu sözləri millər vəkili Sabir Rüstəmxanlının qardaşı, Miqrantlara Hüquqi yardım Mərkəzinin direktoru, ehtiyatda olan polis polkovniki Əlövsət Əliyev Almaniyaya qaçması və bu ölkədən sığınacaq alması barədə yayılan xəbərlərə aydınlıq gətirərkən dedi. Onun sözlərinə görə, hazırda Almaniyaya müalicə almaq üçün gedib:

“Mənim onurğamda əyilmə getdiyi üçün mart ayından Almaniyada həkim növbəsinə dayanmışam. Aprelin 15-də zəng etdilər ki, 22-də burda olmalısan. Mən də ucuz olsun deyə, əvvəlcə Moskvaya, sonra isə Almaniyaya uçdum”.

Əlövsət Əliyev qardaşı Sabir Rüstəmxanlıya bu barədə məlumat vermədiyini də bildirdi:

“Sabir bəyə məlumat vermədim ki, narahat olmasın. Adətən, böyük qardaşlar kiçiyə münasibətdə daha həssas olurlar, bunun bir səbəbi də özlərini kiçik qardaşa ata əvəzi hissi ilə bağlıdır. Mən də istəmədim ki, Sabir bəy narahat olsun, canı mənim yanımda qalsın”.

Sonda Əlövsət Əliyev ölkədən qaçması barədə məlumatın yayılmasında narahat olduğunu da bildirdi:

“Mən niyə ölkədən qaçmalıyam? Hansı cinayətim, hansı gözükölgəli hərəkətim var ki!”

Hazırda Miqrantlara Hüquqi yardım Mərkəzinin işini kənardan idarə etdiyini, işdə isə onu əvəz edənin olduğunu bildirən Ə.Əliyev səhhətinin artıq qaydasına düşdüyünü də bildirdi:

“Hazırda Kölndəyəm, xanımın və qızım yanımdadır, oğlum vətənə xidmət edir, əsgərlikdədir. Burda müalicəm başa çatıb, sadəcə, fizioterapiya dövrünü keçirəm. Yəqin ki, qısa müddətdə bunu da başa vuracağam. İnşallah, gələn həftə Tiflisə gələcəyəm, çünki orda görüşlərim nəzərdə tutulub. Tiflisdən isə Bakıya, vətənə qayıdacağam”.

Ə.Əliyev onunla bağlı hansısa işlər görüldüyünü və bundan əsəbiləşdiyini dilə gətirdi:

“Azərbaycan – mənim ölkəmdir, bu ölkəyə də xidmət etmişəm və edirəm. Mənim doğma vətənimdən heç kim qova bilməz, mən də heç yerə qaçan deyiləm”.

Əlövsət Əliyev Almaniyada da Miqrantlara Yardım Təşkilatı qurduğunu, hazırda bu yöndə çalışdığını bildirdi və istisna etmədi ki, təşkilati işlərə görə Azərbaycana qayıtması bir az uzana bilər.

Xatırladaq ki, bu gün mediada Əlövsət Əliyevin ailəsi ilə birgə ölkədən qaçdığı və Almaniyadan sığınacaq istədiyi barədə xəbər yayılıb.

Geri qayıt