Əsas Səhifə > Güney Press > Ermənistan hərbi büdcəsini artırır:
Ermənistan hərbi büdcəsini artırır:Bu gün, 17:16 |
|
Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanla sülh prosesindən danışır, digər tərəfdən isə ordunun silahlandırılması və hərbi potensialın gücləndirilməsi istiqamətində addımlarını davam etdirir.
Ermənistan hökumətinin cari ilin iyulunda təsdiqlədiyi 2027-2029-cu illər üzrə orta müddətli dövlət xərcləri proqramı da İrəvanın hərbi istiqamətdə silahlanmaya ciddi fikir verdiyini təsdiqləyir.
Sənədə əsasən, Ermənistanın müdafiə xərcləri 2027-ci ildə 1,635 milyard, 2028-ci ildə 1,733 milyard, 2029-cu ildə isə 1,749 milyard dollar səviyyəsində olacaq.
Müdafiə büdcəsinin kapital hissəsinin 2027-ci ildə 908,8 milyon dollar, 2028 və 2029-cu illərdə isə hər il 969,7 milyon dollar olması planlaşdırılır.
Bu vəsaitlərin hərbi texnikanın alınması, infrastrukturun qurulması və modernləşdirmə layihələrinə yönəldilməsi nəzərdə tutulur.
Görünən odur ki, Ermənistan həm sülhdən dəm vurur, həm də hərbi xərcləri artırır.
Hərbi ekspert İbrahim Rüstəmli “Bakupost”a bildirib ki, 44 günlük müharibə son 30 ildə şişirdilən Ermənistan ordusunun əslində ciddi bir müqavimət və müdafiə qüdrətinə sahib olmadığını göstərdi.
Belə bir məqamda müsahibimizə görə, Ermənistanın müdafiə xərclərini qarşıdakı illərdə artırmaq niyyəti əslində daxili auditoriyaya hesablanıb və heç bir halda Azərbaycana qarşı müharibə aparmaq planı üzərində qurulmayıb:
“Burada əsas məqsəd Ermənistanın sərhədləri çərçivəsində daxili təhlükəsizliyi təmin etmək və xalqı bu təhlükəsizliyə inandırmaqdan ibarətdir. Yaxın müddətdə bu mümkünsüz görünür”.
Ekspert qeyd edir ki, Azərbaycan ordusunun malik olduğu hazırki maliyyə vəsaitlərini, döyüş qabiliyyəti, təcrübəsi və silahlanmasını nəzərə alsaq, Ermənistan öz müdafiə xərclərini nə qədər artırsa da, yenə də müqəddəs ordumuzla rəqabət apara biləcək bir hala gələ bilməyəcək:
“Azərbaycan öz müdafiə qüdrətini daha etibarlı və daha əsaslı zəmin üzərində qurub. Bu da təbii ki, bölgədə asayişin bir nömrəli qarantıdır. Ermənistan Azərbaycanla rəqabətə girəcək halda deyil”.
Bununla belə, hərbi ekspert hesab edir ki, Ermənistan özünü Azərbaycandan güclü hesab edən kimi, yaxın havadarlarının himayəsilə yenidən torpaq iddiasına başlayacaq. Lakin hazırki Paşinyan hökumətində bu müzakirə mövzusu deyil.
Geri qayıt |