Əsas Səhifə > Güney Press > Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməzBu gün, 16:10 |
|
Onlayn kreditlər zamanı dələduzluq hallarında vətəndaş bank məlumatlarını fırıldaqçılara özü verdiyi üçün xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz. Bu sözləri "Report"a açıqlamasında vəkil Əkrəm Həsənov Ali Məhkəmənin vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlər zamanı dələduzluq faktı ilə bağlı müraciətini şərh edərkən bildirib. O qeyd edib ki, son dövrlər onlayn kreditlərin sayı artıb: "Vətəndaş banka gedib müqavilə bağlayanda həmin müqavilədə onlayn kredit verilməsi şərti də qoyulur. Onlayn kredit üçün müraciət edib bir neçə prosedurdan keçdikdən sonra bank pulu vətəndaşa və ya onun təqdim etdiyi bank hesabına köçürür. İnsanlar müqavilədə belə bir şərtin olduğunu bilmirlər. Bu yaxınlarda Mərkəzi Bank sözügedən məsələ ilə bağlı qərar çıxarıb. Həmin qərarda göstərilib ki, vətəndaş bankla müqavilə bağlayarkən onlayn kredit verilməsi xidmətindən imtina edə bilər. Mən məsləhət görürəm ki, onlar bu xidmətdən imtina etsinlər. Vətəndaşlar bu nüanslara diqqət etməyəndə dələduzlar tərəfindən gələn zənglərə aldanır, nömrələrinə gələn sms kodu onlara bildirirlər. Şəxs özü də başa düşmədən onun adına kredit rəsmiləşdirilir". Əkrəm Həsənov vurğulayıb ki, bu dələduzluq əməllərindən sonra vətəndaş aldadıldığını əsas gətirərək krediti ödəməkdən imtina edir: "Ali Məhkəmə mövqeyində vətəndaşın aldadıldığını qəbul edir, amma onu bankın aldatmadığını da vurğulayır. Buna görə də vətəndaş dələduzluq əməli ilə qarşılaşdığını deyərək krediti qaytarmaqdan imtina edə bilməz. Həmin məlumatları dələduza vətəndaş özü verib. Sözügedən hallarda bankın günahı yoxdur. Bu zaman ortalığa bir neçə sual çıxır. Dələduz haradan bilib ki, vətəndaşın hansı bankla müqaviləsi var? Orada hansı şərt qoyulub? Vətəndaşa hansı kod gəlməlidir? Ehtimal yaranır ki, bankın təhlükəsizlik sistemi qaydasında deyil, ona görə də hakerlər bu sistemi keçib vətəndaşların fərdi məlumatlarını əldə ediblər. Bəlkə də bu əməlləri bankın keçmiş və ya hazırki işçiləri edir. Bunlar hamısı ehtimaldır. Ali Məhkəmə vətəndaşları ehtiyatlı olmağı və fərdi məlumatları heç kimə verməməyi tövsiyə edir". Qeyd edək ki, Ali Məhkəmə ötən gün vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlərlə bağlı məhkəmə təcrübələri əsasında müraciət yayıb. Həmin müraciətdə qeyd olunub ki, sözügedən hallarda vətəndaşların üzləşdiyi dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Vurğulanıb ki, bəzən vətəndaşlar özləri mobil telefonlarına göndərilən birdəfəlik təsdiq kodlarını (OTP), bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşırlar. Bu isə onlara qarşı dələduzluq hallarının baş verməsinə şərait yaradır. Ali Məhkəmənin mövqeyinə görə, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir. Geri qayıt |