Əsas Səhifə > Güney Press > Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmirBu gün, 15:26 |
|
Şəkinin “Şəki yaylası” əyləncə mərkəzində 2 gəncin ölümü ilə nəticələnmiş faciə ekstrim həvəskarlarını qərar vermədən öncə ciddi düşünməyə vadar etməlidir. Harada səyahət etmələrindən asılı olmayaraq ehtiyatlı olmaq hər yerdə zəruridir, xüsusən də bizim yerli məkanlarda. Adıçəkilən bu mərkəzdə 08 sentyabr 2026-cı il tarixində qoşaçarxlı kanat tipli qurğunun trosunun qırılması - diyircəyin trosdan çıxması nəticəsində iki nəfər faciəli şəkildə həyatını itirib. İlkin məlumatlara görə, qurğunun texniki vəziyyəti düzgün yoxlanılmayıb. Hazırda hadisədəki səhlənkarlıq və nəzarət məsuliyyəti ilə bağlı Şəki Rayon Prokurorluğu tərəfindən rəsmi cinayət işi və araşdırma aparılır. "Şəki Yaylası" adlı özəl istirahət mərkəzi Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşir. Azərbaycanda bu tipli istirahət mərkəzlərindəki kanat, ziplayn və attraksionların fəaliyyətinə və təhlükəsizliyinə həm sahubkarlar, məkanı idarə edən şirkət, həm də Fövqəladə Hallar Nazirliyi məsuliyyət daşıyır. Mərkəzdə quraşdırılan bütün əyləncə qurğuları gündəlik texniki baxışdan keçirilməlidir. Təhlükəsizlik kəmərləri, trosların yükə davamlılığı yoxlanmalıdır. Gündəlik texniki baxış obyekt rəhbərliyinin vəzifəsidir. Öz növbəsində FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi nəzarət etməlidir. Bu qurum obyektlərdəki texniki qurğuların dövlət qeydiyyatını, dövri müfəttiş yoxlamalarını həyata keçirir və standartlara cavab verməyən kanatların istismarını dayandırır. Azad İstehlakçılar Biriyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, həvəskar olaraq bir çox ölkələrdə ekstrim əyləncələrdən istifadə edib, amma bunu təhlükəli hesab edir: - Ekstrim əyləncələr çox təhlükəlidir. Hər nə qədər ciddi nəzarət, yoxlama aparılan əyləncə qurğuları olsa da, hər an təhlükə yaşana bilir. Bəzən qurğu, kanat, qayıqlar və sair. saz vəziyyətdə olur, lakin onları idarə edən səhvə yol verir, düzgün davranılmır, qaydaları bilməyən şəxslər kobud səhvər edir və bu onlara həyatları, salamlıqları bahasına başa gəlir. Ölkəmizdə attraksionlara nəzarət zəifdir. Təhlükəsizliyə riayət edilmir, bəzi attraksionlar köhnə, istismar müddətini başa vurmuş olur, yoxlama aparılmır. Ona görə də mən valideynlərə tövsiyə edərdim ki, övladlarını təhlükənin ağuşuna atmasınlar. Şəki faciəsində isə iki gənc, müstəqil insanladır, istirahətə gediblər, əylənmək istəyiblər. Lakin təəssüf ki əyəncə bu cür faciə ilə başa çatıb. E.Hüseynov bildirdi ki, hadisənin baş vermə səbəbləri istintaq orqanı tərəfindən dəqiqləşdirilməli, günahkar cəzasını almalıdır: - Heç bir kompensasiya övlad itkisinin ağırlığını əvəz edə bilməz. Əlbəttə, ailələrə kompensasiya ödənməlidir. Amma valideynlərin əzabı o zaman yüngülləşər ki, təqsiri olanlar cəzalarını alsınlar. Geri qayıt |