Əsas Səhifə > Güney Press > Deputatın qardaşına HÖKM OXUNDU
Deputatın qardaşına HÖKM OXUNDUBu gün, 15:12 |
|
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Qalib Bayramova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib. Prokuror təqsirləndirilən Qalib Bayramovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini, 5 il sınaq müddəti seçilməklə cəzasının şərti hesab olunmasını təklif edib. Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib. Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. "İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Xatırladaq ki, Qalib Bayramov millət vəkili Vüqar Bayramovun və iqtisadçı Qubad İbadoğlunun qardaşıdır. Geri qayıt |