Əsas Səhifə > Güney Press > İçkiyə pulu olmadı, qonşusunun evini soydu

İçkiyə pulu olmadı, qonşusunun evini soydu


Bu gün, 13:14

Abşeronun Masazır qəsəbəsində qonşusunun boş evinə girərək 17 min manatdan çox dəyəri olan əşyaları oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, təqsirləndirilən şəxs məhkəmədə etiraf edib ki, içki almağa pulu olmadığı üçün oğurluq etmək qərarına gəlib.

O, qonşusuna məxsus evin boş və nəzarətsiz olduğunu əvvəlcədən bilib. Gecə saatlarında daş hasardan aşaraq həyətə daxil olub. Məhkəmədə verdiyi ifadəyə görə, həmin vaxt içkili vəziyyətdə olub.

Həyətdə oğurlamaq üçün əşya axtararkən evin plastik qapısını görüb. Qapını əli ilə açaraq evə daxil olub.

Təqsirləndirilən şəxs evdən cehizlik üçün alınmış və istifadə olunmamış çoxsaylı məişət əşyalarını götürüb. Oğurlanan əşyalar arasında 2 ədəd ətçəkən aparatı, 2 mikser, 2 ütü, 2 şirəçəkən, 2 blender-kokteyl aparatı, 2 tozsoran, müxtəlif qazanlar, tava və qaşıq dəstləri, elektron samovarlar, qazan dəstləri və digər əşyalar olub.

Təqsirləndirilən şəxs həmçinin iki generatoru da götürüb. İttihama əsasən, oğurlanan əmlakın ümumi dəyəri 17 530 manat təşkil edib.

Onun sözlərinə görə, əşyaları evdən çıxarmaq üçün daş hasara söykədiyi nərdivandan istifadə edib. Daha sonra “Bolt” vasitəsilə taksi sifariş edib və sürücüyə əşyaların özünə məxsus olduğunu, onları satmağa apardığını deyib.

Əşyaları Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən, ikinci əl əşyaların alqı-satqısının aparıldığı məntəqəyə apararaq 200 manata satıb. Özünün dediyinə görə, əldə etdiyi pulu yeyib-içməyə xərcləyib.

Bununla kifayətlənməyən təqsirləndirilən şəxs iki generatoru da satmaq qərarına gəlib. “TikTok” sosial şəbəkəsi vasitəsilə əldə etdiyi mobil nömrə ilə İlkin adlı şəxslə əlaqə saxlayıb və generatorların olduğunu bildirib.

Əvvəlcə generatorları 150 manata satmaq istəsə də, alıcı onların yararsız vəziyyətdə olduğunu deyərək 100 manat təklif edib. Təqsirləndirilən şəxs razılaşıb.

Növbəti gün İlkin onun yaşadığı evə gələrək generatorları götürüb və 100 manat pul verib.

Məhkəmə zamanı məlum olub ki, zərərçəkmişə dəymiş ziyan ödənilib və tərəflər arasında barışıq əldə olunub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Onun həbsdə və ev dustaqlığında keçirdiyi 4 ay 11 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 3 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.


Geri qayıt