Əsas Səhifə > Güney Press > “Kanalizasiya yağış suyunu daşıya bilmir”
“Kanalizasiya yağış suyunu daşıya bilmir”Bu gün, 16:22 |
|
Paytaxtımızın yağışı necə eybəcər şəklə saldığından danışaq yenə. Bəli. Yağış Bakını iflic etmir, Bakı yağışı iflic edir, əl-qolunu bağlayır, binəva, bilmir hara, necə axsın, küçə və yollardan canını necə qurtarsın. Başını itirmiş halda hara gəldi axır… Qısa müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı fəxrlə bəyan etmişdi ki, son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir. Bu, sadəcə, bir xatırlatmadır. Bir də Viktor Hüqonun məşhur «Səfillər» romanını xatırlatmaq yerinə düşür. Romanın 5-ci – sonuncu hissəsində yazıçı Parisin yeraltı kanalizasiya sisteminin təsvirinə geniş yer verib. Şəhərin altının üstündən bəlkə daha vacib olduğunu bədii dillə çatdırıb. Hüqo bu yeraltı şəbəkəni metaforik olaraq «Paris kloakası» adlandırır. Buradan belə simvolik məna alınır: Hüqo Paris kloakasını sadəcə çirkab suları axan bir yer kimi deyil, şəhərin «vicdanı» və cəmiyyətin gizli, qaranlıq tərəfi kimi təsvir edir. O, kanalizasiyanı «Leviafanın bağırsağı» adlandıraraq, cəmiyyətin bütün çirkinliklərinin, cinayətlərinin və qanundan qaçanların sığındığı bir yer kimi qələmə verir. Məmurlarımız üzərlərinə götürməsinlər. Lap, qoy götürsünlər. Reallıq zatən aydındır. İndi keçək yağış sularının niyə, nə səbəbdən ram edilə bilməməsinə. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov bu haqda Sherg.az-a geniş izah verdi: -Bakı şəhərində yağışdan sonra sellərin əmələ gəlməsinin iki əsas səbəbindən biri təbiətin özü ilə bağlıdır, yəni obyektiv səbəblərdən irəli gəlir. Digəri isə, təbii ki, insan amili, yəni idarəetmə ilə bağlıdır. Məsələn, yalnız Bakı şəhərində deyil, dünyanın ən mükəmməl yağış-drenaj sisteminə malik şəhərlərində belə bəzən görürük ki, sel suları hər şeyi yuyub aparır. Bu, onunla bağlıdır ki, bəzən yağıntının miqdarı aylıq, hətta iki aylıq normaya bərabər həcmdə düşür. Nəticədə ən mükəmməl yağış-drenaj sisteminə malik şəhərlər belə buna tab gətirə bilmir. Səbəb Bakının relyefidirmi? S. Məmmədov qeyd etdi ki, Bakının relyefinə nəzər salsaq, dağlıq hissələrin də olduğunu, mərkəzi hissənin isə çökəklikdə yerləşdiyini görərik: -Əhmədli tərəfə getdikcə ərazi yüksəlir, Əhmədli yaylası başlayır və nisbi hündürlük artır. Digər tərəfdən isə dağlıq hissə, xüsusilə də Yasamal istiqaməti ümumiyyətlə yüksəklikdə yerləşir. Nəticədə yağıntı olduqda, hətta ən kiçik yağıntıda belə şəhərin mərkəzinə doğru su axını başlayır. Amma başqa məsələ var: bu yağışın, xüsusilə intensiv olmayan, davamlı yağışların sularının idarə olunması ilə bağlı Bakı şəhərində sistem necə qurulub? Bu məsələdə vəziyyət yaxşı deyil. Yağış-drenaj sistemi: həm var, həm də yox? S. Məmmədov bildirdi ki, əvvəllər Bakı şəhərində yağış-drenaj sistemi var idi. Hər yerdə olmasa da, müəyyən ərazilərdə belə sistemlər mövcud idi: -Sonradan müvafiq qurumlar yolları təmir edərkən həmin sistemləri də sıradan çıxardılar. İndi isə yağış suları kanalizasiya sisteminə axıdılır. Halbuki bu, yolverilməzdir. Buna yol verilməməliydi. Kanalizasiya sistemi ilə yağış-drenaj sistemi tamamilə fərqli sistemlərdir və bunlar ayrı-ayrılıqda fəaliyyət göstərməlidir. Digər tərəfdən, Bakı şəhərində son 30 ildə çoxsaylı yaşayış və qeyri-yaşayış binaları, çoxmərtəbəli tikililər inşa edilib. Amma kanalizasiya sisteminin buna uyğun, ciddi şəkildə təkmilləşdirilməsi istiqamətində lazımi işlər görülmür. Nəticədə kanalizasiya sistemi mövcud şəhər infrastrukturundan gələn çirkab suları daşımaqla yanaşı, yağış sularını da qəbul etməli olur. Sistem isə bu yükü daşıya bilmir və nəticədə küçələrdə sellər əmələ gəlir. S. Məmmədov qeyd etdi ki, əlbəttə, elə yağışlar var, deyildiyi kimi, sel yaradır. Ən mükəmməl sistem belə bəzi hallarda həmin su kütləsini daşıya bilmir. Amma bizdə müəyyən intensivlikdə, adi yağışlarda belə sel yaranır. Tunellər, keçidlər, küçələr su altında qalır. Görürsən ki, suyun axmağa yeri yoxdur. Bunun səbəbi isə artıq idarəetmə ilə bağlıdır. Vahid idarəetmə yoxdur, ona görə… Məsələn, Bakı şəhərinin və ümumiyyətlə, digər şəhər və rayonlarımızın infrastrukturuna nəzər salsaq, yerli hakimiyyət orqanlarının bu sahədə demək olar ki, heç bir səlahiyyəti qalmayıb. Yəni şəhər infrastrukturunu şəhərin yerli hakimiyyəti idarə etmir. Bakı şəhərinə aid olan infrastrukturun demək olar ki, heç biri Bakı Şəhər İcra Hakimiyyətinə tabe deyil. Vahid idarəçilik yoxdur. Məsələn, su təchizatı və kanalizasiya sisteminə başqa qurum baxır, digər infrastrukturlara isə ayrı-ayrı qurumlar cavabdehdir. Nəticədə vahid idarəetmənin olmaması belə bir vəziyyət yaradıb. Halbuki dünyanın bütün şəhərlərində – bu, seçkili də ola bilər, təyinatlı da - vahid yerli idarəetmə orqanı olmalıdır ki, bütün bu məsələlərə cavabdehlik daşısın. Bir qurum gəlir, asfaltı yeniləyir və gedir. Hələ asfaltın yenilənməsi başa çatmamış, cəmi üç gün sonra başqa bir qurum gəlir, yolun digər başından qazıntı işlərinə başlayır, öz kommunikasiya xətlərini çəkir və ya kabel sistemi quraşdırır. Daha sonra üçüncü qurum gəlib orada başqa bir iş görür. Heç biri də öz fəaliyyətini digəri ilə razılaşdırmır. Halbuki vaxtilə bütün bu məsələlər vahid şəhər icra hakimiyyəti ilə razılaşdırılırdı. Bütün işlər əvvəlcədən koordinasiya olunur, yalnız bundan sonra qazıntı, tikinti, quraşdırma və digər işlər həyata keçirilirdi. İndi isə bu yoxdur və nəticədə idarəetmə xaosu yaranır. Bəs BŞİH nə işlə məşğuldur? S. Məmmədov qeyd etdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin şəhərdə baş verən bütün proseslərdən məlumatlı olması mümkün deyil: harada asfalt çəkilir, harada kanalizasiya sistemi var, harada yoxdur, harada yağış-drenaj sistemi mövcuddur və s. Bir çox ərazilərdə yağış-drenaj sistemləri də məhv edilib və bütün bunlar nəticədə bugünkü problemlərə gətirib çıxarıb. Bu problem təkcə Bakı şəhərinə aid deyil, digər şəhərlərdə də oxşar vəziyyət mövcuddur. Kanalizasiya sisteminin və ümumilikdə şəhər infrastrukturunun mövcud vəziyyəti şəhərlərin inkişafına və normal fəaliyyətinə ciddi problemlər yaradır. S. Məmmədov bildirdi ki, əslində şəhərlər iki hissədən ibarət olur: şəhərin altı və üstü: Belə şəhərlər var, məsələn, Paris, Sürix şəhəri və s. Avropa ölkələrinin şəhərləri var ki, şəhərin altı da bir şəhərdir. Bizdə bu yoxdur. Əvvəldən olmayıb, sonradan da şəhər genişlənib, böyüyüb və genişlənməkdə davam edir, mövcud kanalizasiya sistemi də buna tab gətirmir. Kanalizasiya sisteminin funksiyası ayrıdır, yağış-drenaj sisteminin funksiyası ayrı. Bizdə isə bunlar qarışıb bir-birinə. S. Məmmədov vurğuladı ki, sovet illərində, konkret 1970-ci illərdə, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Şərq Yeraltı Tikinti İdarəsi vardı : – «Vostokpodzemstroy». Bu idarə tərəfindən diametri 2,5 metr olan yeraltı tunel qazıntısına başlanmışdı. Bu tunel məhz yağış suları üçün nəzərdə tutulurdu və ta ki, Zığa qədər uzanmalıydı. Tunel müəyyən qədər tikildi, sonra isə məlum səbəblərdən iş yarımçıq qaldı. O tunel tikintisini bərpa etmək və işə salmaq lazımdır. P. S. Bakıda hazırda bir neçə genişmiqyaslı yeni kanalizasiya və yağış suları kollektorunun tikintisi həyata keçirilir və planlaşdırılır. Ümid edək ki, bu tikintilər tezliklə başa çatar və yağış suları idarə olunar. Geri qayıt |