Əsas Səhifə > Güney Press > Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir

Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir


Bu gün, 16:18

Xəbər verdiyimiz kimi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2025-ci il üzrə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (“PISA-2025”) nəticələri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, hesabatda ilk dəfə şagirdlərin süni intellektdən, o cümlədən “ChatGPT” kimi çat-botlardan dərs və ev tapşırıqları zamanı istifadəsi ilə bağlı məlumat təqdim edilib.
“PISA 2025” hesabatına görə, süni intellekt (Sİ) çatbotları Azərbaycanlı şagirdlərin də təhsil prosesində geniş istifadə etdiyi vasitələrdən birinə çevrilib. Məlumatlar göstərir ki, Azərbaycanda 15 yaşlı şagirdlərin təxminən yarısı məktəb tapşırıqları və öyrənmə məqsədilə süni intellektdən müntəzəm istifadə edir.
Sorğuya görə, Azərbaycanda şagirdlərin 48%-i həftədə ən azı bir dəfə süni intellektdən istifadə edərək öyrəndiklərini bildiriblər. Bu göstərici OECD ölkələri üzrə orta göstəricidən – 46%-dən bir qədər yüksəkdir.
Bundan əlavə, Azərbaycanda şagirdlərin yalnız 8%-i məktəb tapşırıqları üçün süni intellekt çatbotlarından heç vaxt istifadə etmədiyini bildirib. Müqayisə üçün, OECD ölkələrində bu göstərici 14% təşkil edir.
Azərbaycanlı şagirdlər süni intellekt çatbotlarından əsasən aşağıdakı məqsədlərlə istifadə edirlər:
Yeni mövzu üzrə ilkin araşdırma – 38% (OECD ortalaması: 31%);
Oxumalı olduqları mətnin xülasəsini hazırlamaq – 32% (OECD ortalaması: 30%);
Yazı tapşırıqları üçün mətn hazırlamaq – 35% (OECD ortalaması: 29%).
Müqayisə üçün bildirək ki, həftədə ən azı bir dəfə süni intellekt çatbotlarından istifadə edənlərin payı Ukraynada 54%, Litvada 53%, Latviyada 51%, Ermənistanda 49%, Özbəkistanda 49%, Gürcüstanda isə 42% olub.


Geri qayıt