Əsas Səhifə > Güney Press / Partiya > "Çünki o daşlarda, o qayalarda onların qanı var..."
"Çünki o daşlarda, o qayalarda onların qanı var..."Bu gün, 07:04 |
|
Son dövrlərdə Şuşa şəhərini ziyarət edən turistlərin davranışlarında müşahidə olunan bəzi hallara cəmiyyətin reaksiyası kəskinləşib. Belə ki, şəhər ərazisindəki təbii qaya daşlarının üzərinə müxtəlif adların, eyni zamanda şəhidlərimizin adlarının yazılması halları geniş yayılıb. Tarixi və təbii irsin qorunması baxımından ciddi ziddiyyət təşkil edən bu addımlar, ətraf mühitə həssaslıq və vətənpərvərlik anlayışlarının necə ifadə olunmalı olduğu sualını gündəmə gətirir. Bəs insanlarda ətraf mühitə, tarixi və təbii irsimizə daha həssas və məsuliyyətli münasibət formalaşdırmaq üçün hansı maarifləndirmə işləri aparılmalıdır? Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirdi ki, təbiətə qayğı və diqqət, ətraf mühitin qorunması və sağlamlaşdırılması hər bir insanın vəzifəsi, borcudur: "Çünki bu, bizim sağlamlığımız üçün çox vacib və əhəmiyyətlidir. Həm də təbiət bir mədəniyyət sahəsidir, bir qoruqdur, bir saflıqdır. Biz daim onu qorumalıyıq. Şuşaya səfər edən turistlərin qayalara şəhidlərimizin adını yazması və təbiətə müəyyən ziyan vurması, əlbəttə ki, qəbul edilən deyil. Çünki şəhidlərin adı bizim qəlbimizdədir, əbədidir. Onların adının hər hansı daşa, qayaya yazılması, bəzən isə şəkillərə çevrilərək ayaqlar altına atılması heç də onların ruhuna hörmət sayılmamalıdır. Çünki o daşlarda, o qayalarda onların qanı var, onların ruhu orada dolaşır və onlar müqəddəsdirlər. Müqəddəsləri adiləşdirmək olmaz və buna heç cür yol verilməməlidir". Millət vəkili qeyd etdi ki, təbiətin, yaşıllıqların, qoruqların qorunması üçün ölkədə çox ciddi maarifləndirmə tədbirləri həyata keçirilir. "Ancaq bu maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsi insanların düşüncəsindən, dünyagörüşündən asılıdır. Onları bu işə zorla cəlb etmək mümkün deyil. İnsan özü bilməlidir ki, bir ağac əkirsə, bu, onun sağlamlığı üçündür. Əgər yaşıllıqları artırırsa, təbiəti qoruyursa, bu, nəinki özü, həm də balaları və əzizləri üçün bir sağlamlıq bazası, bir sağlamlıq nümunəsidir. Ona görə də elə bilirəm ki, hər bir kəs dövlətin yürütdüyü siyasətə tərəfdar olmalıdır. Bilirsinizmi, Şuşa bizim mədəniyyət ocağımız, qorunan və mühafizə olunan məkanımız, bir təbiət qoruğudur. Ora müdaxilə etmək, cılız düşüncələrlə, fikirlərlə təbiətə, daşa, suya ziyan vurmaq özümüzə xəyanət hesab olunmalıdır", - deyə T.Rzayev vurğuladı. Geri qayıt |