Əsas Səhifə > Güney Press > Yəmən Silahlı Qüvvələri əks-hücumda:
Yəmən Silahlı Qüvvələri əks-hücumda:Bu gün, 16:06 |
|
Yəmən Silahlı Qüvvələri qiyamçı husilərlə qarşıdurmalarda irəliləyiş əldə etdiyini açıqlayıb. Teleqraf xəbər verir ki, Yəmən ordusu Əl-Cövf vilayətinin dərinliklərinə doğru irəliləyir və Əl-Həzm istiqamətində hərəkət edir. İrəliləyiş zamanı husi döyüşçülərinin Yəmənin hökumət qüvvələrinə təslim olduğu bildirilib. Yəmən ordusunun Əl-Cövf vilayətində Əl-Ləbanat düşərgəsinə daxil olduğu, həmçinin Əl-Həzm rayonunun yaxınlığında yerləşən Əl-Məsafə kəndinə nəzarəti ələ keçirdiyi qeyd olunub. Yəmən Hərbi Hava Qüvvələri isə Əl-Beyda və Əl-Cövf vilayətləri ilə yanaşı, Mərib və Taizdə də husilərin mövqelərinə silsilə zərbələr endirib. Döyüşlər ötən həftə husilərin Qırmızı dənizə çıxışı olan ərazilərə və Taiz ətrafına raket və dron hücumları ilə müşayiət olunan quru hücumuna başlamasından sonra şiddətlənib. Husilər hökumətin nəzarətində olan və strateji Bab əl-Məndəb boğazına yaxın ərazilərə doğru irəliləməyə cəhd göstəriblər. Amma Yəmən ordusu bu hücumun qarşısını alaraq, Taizin qərbində və Əl-Cövfdə irəliləyiş əldə edib, Əl-Kura dağına nəzarəti ələ keçirib. Hazırda Taizdə Əl-Hənayə təpələri və Əl-Kədhanın qərbindəki Qəbari dağı ətrafında döyüşlər davam edir. Yəmən Silahlı Qüvvələri Xudeyda vilayətinin cənub-şərqində yerləşən Heys şəhərinin şimalında mövqelərini möhkəmləndirib. Bu ərazi döyüş xəttində yerləşir və Qırmızı dənizə 30 kilometrdən az məsafədədir. Geri qayıt |