Əsas Səhifə > Güney Press > “Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür”

“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür”


Bu gün, 12:45

“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam şəkildə istifadəyə verilməsi real görünmür. Siyasi razılaşma əldə olunsa da, Ermənistan ərazisindən keçəcək hissədə tikinti işlərinin yalnız 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlində başlanması, Azərbaycanın Horadiz–Ağbənd dəmir yolu xəttinin isə 2027-ci ildə tamamlanması gözlənilir”.

Bunu politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan başqa, gömrük və sərhəd nəzarəti, təhlükəsizlik mexanizmləri, operator şirkətin fəaliyyəti və keçidin hüquqi rejimi kimi məsələlər də tam həllini tapmalıdır:

“Ermənistan marşrutun öz suverenliyi və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməsində israr edir. Azərbaycan isə Naxçıvana maneəsiz və etibarlı keçidin təmin olunmasını istəyir. Buna görə də ilin sonunadək avtomobil və dəmir yolu üzrə tamhüquqlu marşrutun istifadəyə verilməsi ehtimalı aşağıdır. CEPA-nın son qiymətləndirməsi də əsas tikinti mərhələsinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlanacağını göstərir”.

Politoloq hesab edir ki, ilin sonunadək layihənin icrasına rəsmi başlanması, idarəetmə mexanizminin müəyyənləşdirilməsi, tikintiyə start verilməsi ilə bağlı mərasimin keçirilməsi və ya məhdud sınaq tranzitinin təşkili mümkündür.

“Vaşinqton razılaşmaları və TRIPP çərçivəsi layihəni artıq nəzəri müzakirə mərhələsindən praktiki icra mərhələsinə keçirib. Ermənistanın suverenliyinin saxlanılması şərtilə Azərbaycan üçün maneəsiz keçidin təmin edilməsi əsas kompromis formuludur.

Deməli, 2026-cı ilin sonunadək ‘dəhliz açıldı’ elanını eşitmək mümkün olsa da, bu, daha çox siyasi-hüquqi başlanğıc xarakteri daşıyacaq. Marşrutun tam gücü ilə fəaliyyətə başlaması isə ən real halda 2027-ci ildən sonrakı dövrə təsadüf edə bilər”.


Geri qayıt