Əsas Səhifə > Güney Press > Bakı ilə İrəvanın "çip diplomatiyası"
Bakı ilə İrəvanın "çip diplomatiyası"Bu gün, 11:41 |
|
ABŞ Ermənistanı Azərbaycanla sülh sazişinin bağlanmasına razı salmaq üçün İrəvana Nvidia-nın ən qabaqcıl süni intellekt çiplərinin tədarükünü vəd edib. "The Wall Street Journal" bunu danışıqların iştirakçılarına istinadən yazıb. Qəzetin məlumatına görə, Vaşinqton Ermənistan üçün ABŞ ilə daha sıx iqtisadi əməkdaşlığı sülh prosesinin əsas stimullarından birinə çevirib. Bu paketə Nvidia-nın yüksək məhsuldarlıqlı çiplərinin Ermənistana ixracına icazə verilməsi də daxil olub. "WSJ" bunu ABŞ administrasiyasının yüksək texnologiyalardan xarici siyasət və sülh danışıqlarında birbaşa təsir vasitəsi kimi istifadə etdiyi ilk nümunələrdən biri adlandırır. Bu siyasətin ən nəzərəçarpan nəticələrindən biri Ermənistanın Razdan şəhərində yaradılan Firebird süni intellekt məlumat mərkəzi olub. Avqustda Ermənistanın baş naziri Nikol Paşinyan Nvidia və Dell rəhbərləri ilə birlikdə layihənin açılışında iştirak edib. Dəyəri 5 milyard dollardan çox qiymətləndirilən mərkəzin 2027-ci ilin sonunadək Nvidia-nın Grace Blackwell və Vera Rubin platformalarına əsaslanan 70 min süni intellekt serveri ilə təchiz olunması planlaşdırılır. Ekspertlər necə düşünür, Ermənistan yalnız bu texnologiyaların verilməsi vədinə görəmi Azərbaycanla sülh müqaviləsinə razı salınıb? Başqa səbəblər yoxdurmu? Deputat Azər Badamov Musavat.com-a açıqlamasında bu arqumentləri bölüşməyib. Onun sözlərinə görə, Ermənistanı sülhə gətirən Azərbaycanın yaratdığı yeni reallıqlardır. “Əgər ABŞ-nin və digər vasitəçilərin Ermənistanı sülhə razı salmaq üçün real siyasi iradəsi 30 ildən artıq müddətdə olsaydı, bu münaqişə 33 il davam etməzdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən dörd qətnaməsi qəbul edilmişdi və onların icrasının təmin olunmasında beynəlxalq vasitəçilərin məsuliyyəti var idi. Amma bu qətnamələr illərlə kağız üzərində qaldı. Azərbaycan isə gözləmədi. Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi və regionda tamamilə yeni reallıq yaratdı”,_ deyə deputat belə şərh edib. Azər Badamov hesab edir ki, bu gün Ermənistan da reallığı başa düşür və əvvəlki siyasətin nəticə verməyəcəyini anlayır: “Ermənistanın gələcəyi qarşıdurmada deyil, Azərbaycanla sülh və əməkdaşlıqdadır. NVIDIA-nın Ermənistanda həyata keçirdiyi milyardlarla dollarlıq layihəyə gəlincə, bunu ilk növbədə kommersiya və texnoloji layihə hesab edirəm. Ermənistan üçün bu, əlbəttə, mühüm imkan yaradır. Amma bunu Azərbaycan üçün təhlükə kimi təqdim etmək doğru deyil. Azərbaycan da süni intellekt, data mərkəzləri və rəqəmsal texnologiyalar sahəsində öz strateji hədəflərini müəyyənləşdirib, üstünlüklərimiz isə kifayət qədər böyükdür. Azərbaycanın enerji potensialı, coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və rəqəmsal dəhlizlərin kəsişməsində yerləşməsi bizə ciddi rəqabət üstünlüyü verir." Deputat əlavə edib ki, cavabımız narahatlıq deyil, rəqabət olmalıdır: "Ermənistan böyük data mərkəzi yaradırsa, Azərbaycan daha rəqabətqabiliyyətli data mərkəzləri yaratmalıdır. Ermənistan texnologiyaya investisiya cəlb edirsə, Azərbaycan daha böyük investisiyalar cəlb etməlidir. Və məncə, ən mühüm dəyişiklik məhz budur: biz artıq münaqişədən danışmırıq, sülhdən və iqtisadi əməkdaşlıqdan danışırıq. Sabah Azərbaycan Ermənistandan hansısa texnoloji məhsulu ala bilər, Ermənistan da Azərbaycandan rəqəmsal məhsul ala bilər. Bu, artıq qarşıdurma məntiqi deyil, əməkdaşlıq məntiqidir. Nəticə etibarilə, Ermənistanı sülhə gətirən çiplər deyil, Azərbaycanın yaratdığı reallıqlardır”. Geri qayıt |