Əsas Səhifə > Güney Press > Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi...

Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi...


Bu gün, 12:43

2020-2023-cü illərdə Azərbaycan dövləti və Silahlı Qüvvələri tərəfindən Azərbaycanın keçmiş Dağlıq Qarabağ və bundan öncə Ermənistanın işğalı altında olan ərazilərindən kökü tamamilə kəsilmiş separatçı-terrorçu rejimin bizneslə məşğul olmuş keçmiş hərbi elitasının bir hissəsi Ermənistanda topladığı əmlak və sərvətdən istifadə etməkdə davam edir. Bu isə Qarabağdan Ermənistana köçmüş və hazırda sosial-məişət problemləri ilə üzləşən insanlar arasında narazılıq yaradır.
Moderator.az xəbər verir ki, Ermənistanın «İravunk» qəzeti Qarabağdakı separatçı generalitetin biznes və sərvət məsələsini gündəmə gətirib.
Söhbət 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra Qarabağdan, yəni Azərbaycan ərazisindən çıxmağa müvəffəq olaraq Ermənistanda məskunlaşan separatçı hərbi rəhbərlərdən də gedir.
Bu sırada erməni mənbələrində adı çəkilən keçmiş yüksək rütbəli hərbçilər arasında Vitali Balasanyan, Cəlal Harutyunyan, Mikael Arzumanyan və Karen Abrahamyan kimi şəxslər var. Vitali Balasanyan 2020-ci ildən separatçı rejimin Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub, Cəlal Harutyunyan və Mikael Arzumanyan isə müxtəlif dövrlərdə separatçı silahlı qüvvələrin komandanı və müdafiə naziri olublar.

“Artsax generalitetinin biznesmen qanadı Ermənistanda topladığı sərvətdən istifadə etməkdə davam edir və bu sərvət artsaxlılar üçün əlçatmaz olaraq qalır... İş görmək istəyirik, heç bir kömək etmirlər. Yerli iş adamları bizim qarınqulu generallarımızdan daha çox qayğı göstərirlər”, – deyə narazı artsaxlılar bildirirlər. Onların bir çoxu ən elementar məişət problemlərini belə həll edə bilməmək vəziyyəti ilə üz-üzədir”- bunu "İravunk" yazır.

Xatırladaq ki, işğal dövründə Qarabağda Azərbaycana qarşı fəaliyyət göstərən erməni generallardan 2020-2023-cü illərdəki II Qarabağ savaşı nəticəsində yalnız ikisi: keçmiş "müdafiə naziri" Levon Mnatsakanyan və keçmiş "müdafiə ordusu" komandanının 1-ci müavini Davit Manukyan Qarabağdan Ermənistana keçməyə çalışarkən Azərbaycan tərəfindən saxlanılıb və hazırda Bakıda həbsdədir...

Aşağıdakılar tanınmış terrorçu generallar isə Ermənistana qaça bilib:

Seyran Ohanyan — Qarabağ müharibəsində erməni hərbi komandanlığında iştirak edib, sonradan Ermənistanın müdafiə naziri və general-polkovnik olub. Xocalı soyqırımı zamanı 366-cı Rusiya alayında tabor komandiri olub. Şuşa əməliyyatında şimal-qərb istiqamətinə rəhbərlik edən komandirlərdən biri kimi göstərilir.

Samvel Babayan — general-leytenant, 1994–2000-ci illərdə Qarabağdakı erməni qüvvələrinin müdafiə naziri və faktiki əsas hərbi rəhbərlərindən biri olub. 1994-cü ildə "atəşkəs" barədə Bişkek protokoluna imza atıb.

Arkadi Ter-Tadevosyan (“Komandos”) — general-mayor, Birinci Qarabağ müharibəsində erməni qüvvələrinin əsas komandirlərindən olub, 1992-ci ildə Şuşaya hücum əməliyyatına rəhbərlik edib. 2021-ci ildə İrəvanda ölüb.

Vitali Balasanyan - Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələrinin komandirlərindən biri kimi fəaliyyət göstərib. O, sonradan Qarabağdakı separatçı-terrorçu rejimin “müdafiə nazirinin müavini” və qondarma “təhlükəsizlik şurasının katibi” kimi vəzifələrini tutub. Balasanyan general-mayor rütbəsi daşıyıb və separatçı rejimin 2012 və 2020-ci illərdə keçirilən qondarma prezident seçkilərində namizəd olub. 2023-cü ildə “təhlükəsizlik şurasının katibi” vəzifəsindən azad edilib.

Cəlal Harutyunyan — general-leytenant, Qarabağdakı erməni “müdafiə ordusu”nun komandanı və 2020-ci ildə “müdafiə naziri” olub. Kamo Ağacanyan Qarabağdakı separatçı rejimin hərbi və təhlükəsizlik strukturlarında yüksək vəzifələr tutmuş general-mayordur. O, müxtəlif illərdə separatçı rejimin polis rəisi və "Milli Təhlükəsizlik Xidməti"nin direktoru vəzifələrində çalışıb.

Karen Abrahamyan — general-leytenant, 2018–2020-ci illərdə Qarabağdakı erməni “müdafiə naziri” olub.

Samvel Karapetyan (“Oqanovski”) — general-mayor, Qarabağdakı erməni qüvvələrinin Mərkəzi Müdafiə Dairəsinin komandiri və sonradan “Müdafiə Ordusu” komandanının müavini olub.

Bu erməni generalların 2023-cü ilin sentyabrından sonra Qarabağdan Ermənistana hansı marşrutla keçməsi barədə isə açıq mənbələrdə təsdiqlənmiş məlumat yoxdur...

Erməni mediasının gündəmə gətirdiyi əsas sual isə belədir: Qarabağdan Ermənistana köçmüş minlərlə sıravi erməni hələ də mənzil, iş və sosial təminat problemləri ilə üzləşdiyi halda, keçmiş separatçı elitanın Ermənistanda formalaşdırdığı biznes və əmlak imkanları necə qorunub saxlanılır?

«İravunk» konkret generalların sərvətinin məbləğini açıqlamayıb. Bu səbəbdən onların hər birinin konkret əmlakının və ya biznesinin qanunsuz yolla əldə edildiyini təsdiqlənmiş fakt kimi təqdim etmək mümkün deyil.


Geri qayıt