Əsas Səhifə > Güney Press > YAP-ın altı ay gecikən qurultayı
YAP-ın altı ay gecikən qurultayıBu gün, 12:24 |
|
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı müəyyən edilmiş vaxtdan altı ay gecikir. Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildən bir keçirilir. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq. Qurultaylar adətən yalnız formal tədbir olmur - onlar həm siyasi kursun təsdiqi, həm də struktur və proqram yenilənməsi üçün əsas platformadır. Mümkündür ki, qurultay oktyabr və ya noyabr ayının ilk ongünlüyündə keçirilsin. Bu qurultayda partiyanın ötən 5 illik hesabatı dinləniləcək, eyni zamanda, partiyanın İdarə Heyətində, o cümlədən partiyanın Veteranlar Şurasında diqqətçəkən dəyişikliklər olacaq. İddialara görə, idarəetmədə yer alan, lakin Partiyaya töhfə verə bilməyən hər kəslə yollar ayrılacaq, bəzi gənc deputatlar idarəçilikdə daha aktiv postlarda yer alacaqlar. Həmçinin Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vəzifəsinə yeni sima gətiriləcək. Nəsiminin icra başçısı təyin olunmuş Tahir Budaqov isə güman ki, İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərəcək. Hakim partiyanın deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, nizamnamədə qurultayın 5 ildən bir keçirilməsi qeyd olunub. Onun sözlərinə görə, amma mütləq deyil ki, qurultay 5 ilin tamamında keçirilsin: “Partiyamız nizamnaməyə uyğun şəkildə qurultay keçirəcək. Sadəcə, konkret nə vaxt olacağı barədə məlumatım yoxdur”. Geri qayıt |