Əsas Səhifə > Güney Press > Sülhün açarı İrəvanda:

Sülhün açarı İrəvanda:


Bu gün, 14:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib. Liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar. Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər. Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, indiki reallıqda Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələdən danışmaq bir az tezdir:

“Sadəcə, yeni mərhələnin başlaması üçün buna aparan yollar daha rəvanlaşdırılır, asanlaşdırılır. Bunun üçün sülh prosesinə töhfə verəcək praktik addımlar atılır. Bir tərəfdən, ticarət təşviq edilir, yəni qarşılıqlı ticarət. Əgər Azərbaycan dünənə kimi öz məhsullarını Ermənistana satırdısa, indi artıq Ermənistanın da bəzi məhsulları Azərbaycana ixrac olunmağa başlayacaq. Eyni zamanda, artıq Azərbaycan-Ermənistan iş adamları arasında da təmaslar başlayır və qarşılıqlı ixrac müzakirə predmetidir. Digər tərəfdən, sülhə ən ciddi töhfə verən məsələlərdən biri də Azərbaycanın Ermənistan üçün nəqliyyat kommunikasiyalarını açmasıdır ki, bu da Ermənistan üçün yeni ciddi bir nəfəsliyə çevrilir. Bu gün Ermənistan çox rahatlıqla Rusiyadan, Qazaxıstandan gələn taxıl və digər məhsulları, hətta qaz, sıxılmış qazı belə Azərbaycan üzərindən dəmir yolu vasitəsilə qısa müddətdə alır. Bütün bunlar sülh prosesinə töhfə verəcək çox ciddi addımlardır. Ancaq bu, yetərli deyil”.

Analitik qeyd edib ki, yeni mərhələnin başlaması üçün Ermənistanın atmalı olduğu strateji bir addım var:

“Bu da Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad məsələsidir. Və bu istinadda Azərbaycan və qardaş Türkiyə ərazilərinə iddialar var ki, bunlar aradan qaldırılmalıdır. Yeni Konstitusiyada artıq ərazi iddialarının olmayacağı ilə bağlı Baş nazir Nikol Paşinyan da konkret açıqlama verib. Ona görə də yalnız yeni Konstitusiyanın qəbulu kontekstində ərazi iddiaları və Müstəqillik Bəyannaməsinə istinad aradan qaldırılarsa, yekun sülh müqaviləsini imzalamaq mümkün olacaq. Yalnız bundan sonra Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələdən danışmaq mümkün olacaq. Əslində, bu, Azərbaycandan daha çox Ermənistanın özünə vacib olan bir amildir. Çünki yekun sülh müqaviləsinin nə qədər tez imzalanması, bütün nəqliyyat kommunikasiyalarının açılması, yəni bir tərəfdə sadəcə Zəngəzur dəhlizi deyil, Azərbaycanla Ermənistan arasında olan digər sərhədlərdə də nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən qardaş Türkiyə ilə avtomobil və dəmir yollarının açılması kimi çox böyük üstünlükləri Ermənistan qazanacaq. O cümlədən, yeni Konstitusiyanın qəbulu həm də Nikol Paşinyanın “Real Ermənistan” və “4-cü Ermənistan Respublikası” ideyasının formalaşmasına ciddi şəkildə töhfə verəcək. Yalnız bundan sonra ciddi şəkildə yeni mərhələdən danışmaq mümkün olacaq. Ona görə Ermənistan öz problemlərini, yəni daxili siyasi problemlərini qısa müddətdə həll etməlidir ki, dayanıqlı bir hökuməti formalaşdıra və iqtisadi inkişafın təməllərini ciddi şəkildə ata bilsin. Həmçinin Rusiya və Avrasiya İqtisadi Birliyinə alternativ yeni bazarlara çıxışı təmin edə bilsin. Və bütün bunlar hamısı, siz dediyiniz kimi, yeni mərhələdən başlayacaq. Onun üçün Konstitusiya ilə bağlı referendumun keçirilməsi Ermənistan üçün olmazsa-olmaza çevrilib”.


Geri qayıt