Əsas Səhifə > Güney Press > Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır?

Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır?


Bu gün, 12:56

Tələbələrin iş tapmaqda çətinlik çəkməsi son illərdə aktual mövzulardandır. Əmək bazarında artan iş rəqabəti onları universitet boyu əlavə fəaliyyətlərə məşğul olmağa sövq edir.
HR mütəxəssisi Sevda Quliyeva məsələnin həlli yollarını Yeniavaz.com-la bölüşüb.
Mütəxəssisin sözlərinə görə, gənclər ilk növbədə təcrübə toplamağa çalışmalıdırlar. Hətta qısa müddətli və ya ödənişsiz təcrübə proqramları belə tələbələr üçün faydalı ola bilər:
“İşəgötürən üçün “nə oxumusan?” qədər “nə etmisən?” də önəmlidir”.
O qeyd edib ki, ixtisas üzrə əlavə sertifikatlar almaq, xarici dil və rəqəmsal bacarıqları inkişaf etdirmək də gənclərin işə qəbul şanslarını artırır. Xüsusilə ingilis dili artıq bir çox sahədə üstünlük deyil, tələbə çevrilib.
Bununla yanaşı, mütəxəssis süni intellekt alətləri, data analitikası və ixtisasa uyğun digər müasir proqramların öyrənilməsinin də vacib olduğunu vurğulayıb.
S.Quliyeva gənclərə “Linkedin” profilini düzgün hazırlamağı və peşəkar əlaqələr qurmağı da tövsiyə edir:
“Linkedin” yalnız iş elanlarına müraciət etmək üçün deyil, peşəkar əlaqələr qurmaq üçün də istifadə olunmalıdır”.

Onun fikrincə, könüllülük, sosial layihələr və müxtəlif peşəkar proqramlarda iştirak tələbələrə həm təcrübə, həm də yeni əlaqələr qazandırır:
“Mən gənclərə məzun olmağı gözləməməyi tövsiyə edərdim. CV universitetin son kursunda artıq müəyyən təcrübə, layihə və nailiyyətlərlə dolu olmalıdır”.
Mütəxəssis həmçinin, müsahibəyə hazırlığın işə qəbul prosesində mühüm rol oynadığını deyib:
“Bir çox gəncin problemi bilik çatışmazlığı yox, özünü düzgün təqdim edə bilməməsidir”.
Son olaraq, S.Quliyeva gənclərə ilk iş seçimində yalnız əməkhaqqına deyil, qazandıracağı təcrübə və inkişaf imkanlarına da diqqət yetirməyi tövsiyə edib.
“İlk iş mütləq yüksək maaşlı olmaya bilər. Əsas məqsəd ilk mərhələdə təcrübə, bacarıq, nəticə və peşəkar reputasiya toplamaqdır”, – deyə mütəxəssis bildirib.


Geri qayıt