Əsas Səhifə > Güney Press > “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“Bu gün, 11:27 |
|
Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr seçkisi ərəfəsində qalmaqal səngimək bilmir. İttifaqın növbəti konfransında sədrliyə yeganə namizəd olan Xalq artisti Şəfiqə Məmmədova ilə bağlı son günlər müxtəlif mənfi fikirlər səsləndirilib və ittifaq daxilindəki proseslər ətrafında müzakirələr genişlənib. Səsləndirilən iddialar sənət ictimaiyyətində də birmənalı qarşılanmayıb. Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Manset.az-a açıqlamasında bu məsələyə münasibət bildirib. O qeyd edib ki, Şəfiqə Məmmədova haqqında uydurmaların hamısının başında duran bir neçə adam var: “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var. Baxmayaraq ki, onun özü hazırda orada yoxdur amma onun çubuğu oradakı adamları idarə edir. Həmidə Ömərovanı yerindən oynadıblar, o, əslində, elə adam deyil. Həmidə Ömərova çox təmiz, nəzakətli, öz yerini bilən biridir. Ona necə təsir ediblərsə, o da qoşulub onlara. Şəfiqə xanım çox nüfuzlu, sözünü deyən, sözünün üstündə duran biridir. Mən onu çox gözəl tanıyıram, o, dediyini edəndir. O, “kreslo” istəsəydi, bu dəqiqə Azərbaycan Dram Teatrında baş direktor da, baş rejissor da olardı. Çünki onun nüfuzu çox böyükdür. Rəhbər şəxs nüfuzlu olmalıdır, hər yerindən duran rəhbər ola bilməz. Rəhbər işləri yoluna qoyur amma rəhbərin yanında işləyən adamlar lazımdır. Əli İsa gərək Şəfiqə xanıma hörmət elə gərək icraçı katib olaraq da qalardı. “Niyə qalmadı?”. Çünki onun “əlləm-qəlləm” işləri var idi. Şəfiqə xanımla o işlərə davam edə bilməzdi, Şəfiqə Məmmədova çox təmiz adamdır”. A.Kazımzadə vurğulayıb ki, hazırda baş verənlər Azərbaycan milli-mənəvi dəyərlərinə də sığmır: “Bu situasiyaya ən uyğun misal “Heç bilmir harada bişib, deyir ki, o paydan mənə də ver”dir. Hazırda kişilik qalmayıb. Əvvəllər Azərbaycan qadınına hörmət var idi. Bir dəstə kişi bir qadına qarşı yığılıblar. Bunu belə qoymaq olmaz”. Əməkdar incəsənət xadimi Şəfiqə Məmmədovanın yaşının yüksək olmasını arqument gətirənlərlə bağlı da danışıb: “Onların yaratdıqları idarə heyətində yaşı yetərincə çox olan şəxslər var; Suğra Bağırzadə 79 yaş, Xalidə Quliyeva 73 yaş, Eldəniz Quliyev 73 yaş, Şüküfə Yusifova 72 yaş və s. Bu məqamda yaxşı deyiblər “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Həmin məsələdir. Şəfiqə Məmmədova sadəcə orada dövlətə ziyan vurmuş o adamın törətdiklərini təmizləyir. Şəfiqə xanıma “kreslo” lazım deyil, o elə böyük uğurlar qazanıb ki, heç o “kreslo”ya ehtiyacı da yoxdur”. Geri qayıt |